«Kimyaçı» Mədəniyyət sarayının kollektivi Milli Ordu əsgərləri qarşısında böyük konsert proqramı ilə çıxış edib

678

«Azərikimya» İstehsalat Birliyinin «Kimyaçı» Mədəniyyət sarayının kol­lek­tivi Novruz bayramı günlərində Vətənimizin müdafiəçilərinin yanında ol­maq, onların bayramını daha da şənləndirmək, sevinclərini artırmaq məq­sədilə «N» saylı hərbi hissənin qospitalında əsgərlər qarşı­sında böyük kon­sert proqramı ilə çıxış etmişdir.

Yazın ilıq nəfəsinin yenicə duyulmağa başlanıldığı bir gündə keçirilən bay­ram tədbiri ARDNŞ-in «Azərikimya» rəhbərliyinin əsgər və zabitlərə Nov­ruz və Qələbə arzulu təbriki ilə başlamışdır.

«Kimyaçı» Mədəniyyət sarayının bədii özfəaliyyət kollektivləri açıq səma altında təşkil olunmuş geniş tədbirdə əsgərlər üçün bayram ovqatlı mahnı­larla yanaşı xalqımızın son illər daha böyük dəyər verdiyi klassik muğam nümunələri, aşıq mahnıları ifa etmiş, Vətən və torpağın müqəddəsliyi ilə bağlı və Qələbə ruhlu şeirlər səsləndirmişlər.

Yazın-baharın gözəllik, yaşıllıq simvolu olan Bahar qızın məclisə qədəm qoyması əsgərlərdə bayram sevinci yaratmış, Novruz bayramının daimi və ən sevimli, maraqlı personajları olan Kosa və Keçəlin meydanda görünməsi, onların duzlu-yumorlu, məz­hə­kəli dialoqları gənc hərbçilərə  xoş ovqat bəxş etmişdir.

İstedadlı körpə rəqqasların – 5 yaşlı Eyyubun və Ləmanın təcrübəli  rəq­qaslara məxsus ustalıq və koloritlə ifa etdikləri melodik Azərbaycan xalq rəqs­ləri əsgərlər və zabitlər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Üç saatdan artıq davam etmiş geniş konsert proqramı son illərin popul­yar əsgər mah­nıları və marşları, bütün əsgər və zabitlərin qol-qola tutaraq oynadıqları «Yallı» rəqsi ilə başa çatmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər