Kimyaçılar Milli Qəhrəman Bəhruz Mənsurovun xatirəsini yad etmişlər

755

«Azərikimya» İstehsalat Birliyinin kollektivi Azərbaycanın Milli Qəhrəmanı, bir müddət kimya müəssisəsində çalışmış, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə həlak olmuş Bəhruz Qəhrəman oğlu Mənsurovun Sumqayıtın 16-cı mikrorayonundakı bulaq-abidə kompleksini ziyarət etmişdir.

Öncə kimyaçılar abidə önünə əklil və tər qərənfillər qoymuş, şəhid olmuş vətən oğlunun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Anım mərasimində qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan danışan natiqlər  qeyd etmişlər ki, 13 mart 1975-ci ildə Yardımlı rayonunun Televar kəndində anadan olmuş Bəhruz Mənsurov doğma kəndlərində orta təhsilini başa vurduqdan sonra Bakı Ali Ümumqoşun Komandirlər məktəbinin sərhəd qoşunları bölməsinə daxil olmuşdur. Bəhruz təhsil aldığı müddətdə – 1995-ci ilin mart hadisələri zamanı Vətənin məruz qaldığı təhlükələrə, dövlətimizin, dövlətçiliyimizin əleyhinə yönəlmiş hadisələrə biganə qala bilməmiş və Vətənin azadlığı uğrunda mübarizəyə qalxmışdır. 20 yaşlı Bəhruz silahlı dəstəni zərərsizləşdirmək məqsədilə mühüm bir tapşırığı yerinə yetirərkən aldığı güllə yarasından həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Bəhruz Mənsurova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilmişdir.

Tədbirdə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək, Azərbaycan dövlətinin Milli qəhrəmanlara, şəhid ailələrinə, bütün Qarabağ müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışmış, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hər bir soydaşı­mızın keçdiyi şərəfli ömür yolunun gənc nəsillər üçün örnək olduğunu diqqətə çatdırmışdır.

Mərasimin sonunda Bəhruz Mənsurovun doğmaları çıxış edərək, Milli Qəhrəmanın ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və şəhidlərimizin xatirəsini əziz tutan kimyaçılara dərin minnətdarlıqlarını ifadə etmişlər.

Bir vaxtlar Milli Qəhrəman Bəhruz Mənsurovla eyni müəssisədə çalışmış iş yoldaşları bir gün öncə onun xatirə kompleksini ziyarət etmiş, bulaq-abidənin ətrafında təmizlik-abadlıq işləri aparmışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər