Kürdəki daşqınlara görə Sumqayıt məktəblərində pul yığılıb?

835

Təsdiq edən də var, təkzib edən də…

3Kür və Araz çaylarında baş verən daşqınlar son illər ərzində ölkəni silkələyən ən ciddi təbiət hadisəsi olaraq tarixə düşdü. Məlumata görə, daşqınlar nəticəsində 76 min hektar sahə su altında qalıb.

Hökumətin atdığı addımlar mənfi fəsadları minimuma endirsə də, əhaliyə dəyən dəyib. Hadisə hökumətin özü üçün də baha başa gəlib. Vəziyyətin stabilləşdirilməsi, evlərindən köçürülən əhalinin gündəlik yaşayışının təminatı, eləcə də onlara dəymiş ziyanın kompensasiyası da dövlət büdcəsi hesabına həyata keçiriləcək. Artıq rəsmi olaraq bildirilib ki, bu istiqamətdə dövlətin hər hansı dəstəyə ehtiyacı yoxdur. Mətbuatda yayılan məlumatlar isə bunun əksini deyir. Məsələ burasındadır ki, daşqının fəsadlarının aradan qaldırılması və kompensasiyaların ödənməsi üçün sahibkarlardan, ayrı-ayrı obyektlərdən pul yığıldığı bildirilir.

Ötən həftə ölkə mətbuatında bununla bağlı məlumatlar yer aldı. Bizim üçün məsələnin ən maraqlı tərəfi isə budur ki, KİV “pulyığma” kampaniyasının əsas məkanı kimi Sumqayıtın adını hallandırır. İddiaya görə, kampaniya çərçivəsində  sahibkarlardan 50, məktəb direktorlarından isə 30 manat pul yığılıb.

Kimlərinsə bu hadisələrdən qazanc mənbəyi kimi istifadə edəcəyi, maliyyə maxinasiyalarının bir daha işə düşəcəyi onsuz da öncədən də asan proqnoza gəlirdi və belə halların mövcudluğu indi də istisna deyil. Bəzi məmurların çox vaxt olduğu kimi bu dəfə də görülən işlərə kölgə salması fikrini də rədd etmək olmaz. Amma bu da bir həqiqətdir ki, bu hadisələr sübut etdi ki, dövlət öz vətəndaşının həmişə yanındadır.

Sumqayıtın məktəb direktorlarından pul yığılması məsələsinə gəlincə isə əməkdaşlarımız bunu araşdırmağa çalışıblar. Məktəb direktorlarının sualımıza reaksiyalarını təqdim edirik:

Lətifə Cabbarova, 1 saylı orta məktəbin direktoru:

– Mən belə bir şey eşitməmişəm. Nazir axı dedi ki, heç bir dəstəyə ehtiyac yoxdur, problemi dövlətimiz özü həll edir.

Vahid Fərəcov, 7 saylı orta məktəbin direktoru:

– Bizə nə belə bir tapşırıq verilib, nə də pul yığılıb. Bəlkə də hansısa məktəblərə belə göstəriş verilib, amma bizdə belə bir məlumat yoxdur.

Vələd Hacıyev, 28 saylı orta məktəbin direktoru:

– Bəli, daşqın ərazilərinə kömək məqsədilə pul vermişik. Təxminən 10-15 gün öncə 30 manat yığdıq bəzi məktəb direktorları ilə tədbirlərdən birində qərara gəldi ki, biz də öz yardımımızı göstərək. Açığı, bunu heç kim bizdən tələb etməmişdi, bu, bizim öz təşəbbüsümüz idi.

Xudayıl İsmayılov, 41 saylı orta məktəbin direktoru:

– Bizə belə bir göstəriş verilməyib. Ancaq ehtiyac olsa, ordakı vətəndaşlarımıza, xalqımıza dəstək olmağa hazırıq.

18 saylı orta məktəbin “bizi tanımadığı üçün” (?!) ad və soyadını söyləməyən direktor müavini isə bildirdi ki, onlardan bu məqsədlə pul yığılmayıb.

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov da “168 saat”ın əməkdaşı ilə söhbətində Sumqayıt məktəblərindən pul yığılması faktını təkzib edib.

Vüsal

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Ramil
    İyun 16, 2010 - 13:21

    Azerbaycanda yashayiriqsa, her shey mumkundur. Onu da deyim ki, bezi dovlet muessiselerinde emek haqlarindan 2 faiz sele yardim adiyla pul tutulur. bes ne oldu Azerbaycanin gunden-gune ciceklenen iqtisadiyyati?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər