Menu
Geri İrəli

Peşə seçməkdə çətinlik çəkən sumqayıtlı gənclərə nümunə – 6-CI YAZI

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 497 dəfə • Şərh yoxdur

ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin  Sumqayıt Təlim-Tədris Mərkəzi – sabaha açılan pəncərə

 VI yazı

«Azərikimya» İstehsalat Birliyi ARDNŞ-nin Təlim, Tədris və Sertifi­kat­laş­dırma  İda­rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində 2011-2012-ci tədris ilində müxtəlif peşələr – elektrik qaz qaynaqçısı, kompressor qurğusu maşinisti, aparatçı, elektrik ava­dan­lıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilin­gər, tornaçı, təmirçi-çilingər peşələri üzrə təhsillərini uğurla başa vuraraq Birliyin müx­təlif idarə və müəssisələrində neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi sərbəst əmək fəaliyyətlərinə başlamış 100 nəfər gəncin ictimaiyyətə daha yaxından tanıdılması və peşə seçməkdə çətinlik çəkən sumqayıtlı gənclərə dəstək göstərilməsi kampani­yasına start vermişdir. Bu kampaniya çərçivəsində daha üç nəfər gəncin qısa tərcümeyi-halı ilə birgə tədris və iş təəssüratlarını oxuculara təqdim edirik.

 

17. Atakişiyev Anar Nadir oğlu

Atakishiyev Anar1 aprel 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə 38 saylı orta məktəbi bitirib. 2007-ci ilin oktyabr ayından 2009-cu ilin aprel ayına qədər hərbi xidmət borcunu yerinə yetirib. ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə qəbul olana qədər özəl sektorda müxtəlif işlərdə çalışıb.

 -Bir gün şəhərimizdəki 38 saylı tam orta məktəbdə direktor işləyən atam dedi ki, beş gün orda, beş gün burda çalışmaqla nəyəsə nail olmaq olmaz. Özünə daimi bir peşə qazansan yaxşı olar. İndi «Azərikimya» İstehsalat Birliyindən gəlirəm. Təzə Təlim-Tədris Mərkəzi yaradılıb. Bizi də ona görə dəvət etmişdilər. Mərkəzlə məktəblərin qarşılıqlı əlaqəsini yaratmaq istəyirlər. Mərkəzlə tanış olduq. Çox gözəl şərait yaradılıb. Sağ olsun Neft Şirkətini, gənclərin qayğısına qalır. 10 aylıq təhsildən sonra Birliyin müəssisələrində daimi işlə təmin edirlər.

Atamın bu sözləri mənim o məktəbə sənəd verməyim üçün yetərli oldu.

Artıq təhsil və təcrübə dövrü arxada qalıb. Üç aydır ki, Etilen-polietilen zavodunun mexaniki və texniki avadanlıqların təmiri sexində 4-cü dərəcəli təmirçi-çilingər kimi müstəqil əmək fəaliyyətinə başlamışam. İş şəraitim yaxşıdır. Xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmuşam. Əmək müqaviləm, tibbi sığortam var. Çalışdığım sexdə məndən təcrübəli həmkarlarımın, sex və istehsalat rəislərinin, həmçinin Birlik rəhbərliyinin qayğısını hər an üzərimdə hiss edirəm.

Boş vaxtlarımda idmanla məşğul olur, kompüter biliklərimi təkmilləşdirirəm. Parallel olaraq ali məktəbə qəbul olmaq üçün öz üzərimdə ciddi çalışıram. Ali təhsil alıb kimya sənayesində mövqeyimi yaxşılaşdırmaq, taleyimi Neft Şirkəti ilə bağlamaq istəyirəm.

 18. Atakişiyev Ələkbər Sahib oğlu

Atakishiyev Elekber10 iyul 1991-ci ildə Abşeron rayonununda anadan olub. Xırdalan şəhər 3 saylı orta məktəbi 2009-cu ildə bitirib. Sənədlərini ali məktəbə təqdim etsə də yetərincə bal toplaya bilməyib.

2010-cu ilin yanvar ayından 2011-ci ilin iyul ayına qədər hərbi xidmətdə olub.

 -Hərbi xidmət borcunu yerinə yetirib evə qayıtdıqdan qısa müddət sonra özümə iş axtarmağa başladım.

Ancaq bir neçə aylıq axtarışlarım bəhrəsiz qaldı. Bir dəfə Sumqayıta bir dostumu gör­məyə gəlmişdim. İş axtardığımı, ancaq münasib bir iş tapa bilmədiyimi ona da bil­dir­dim. Cibindən bir kağız çıxarıb uzatdı mənə. Al bax gör, bəlkə beyninə batdı, – dedi. İnternet­dən – «Socar.az» saytından çıxarılmış ARDNŞ-in Təlim, Tədris və Serfikatlaş­dırma İda­rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinə şagird qəbulu ilə bağlı elan idi. Mövcud peşə məktəblərinin fəaliyyətindən az-çox xəbərim olduğundan kağızı geri qay­tarmaq istədim.

-Sən hələ bir oxu, görüm ondan sonra kağızı geri qaytarırsanmı?

Elanı diqqətlə oxudum və sadəcə bir cümlə ilə – adamın heç inanmağı gəlmir – deməklə kifayətləndim.

Bax beləcə tale məni gətirib bu mərkəzə çıxartdı. Test imtahanından, müsahibədən keçdikdən sonra məktəbə qəbul olundum. Bir dəfə Sumqayıta dostumu görməyə gəlişim mənim taleyimi dəyişdi. Artıq o günlər arxada qalıb. Üç aydan artıqdır ki, «Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunun etilenin qəbulu və çıxılması sexində 4-cü dərəcəli kompressor qurğularının maşınisti kimi müstəqil əmək fəaliyyətinə başlamışam. 470 manat əməkhaqqı alıram.

Boş vaxtlarımda idmanın boks növü ilə məşğul oluram. Öz üzərimdə ciddi çalışmaq, gələcəkdə yaxşı bir işçi, həm də güclü bir idmançı kimi vətənimə, millətimə fayda vermək istəyirəm.

19. Namazov Vüqar Bayram oğlu

Namazov Vuqar26 yanvar 1986-cı ildə Füzuli rayonunun Kürdkənd kəndində anadan olub. Məlum hadisələrdən sonra Abşeron rayonunun Ceyranbatan qəsəbəsində məskunlaşıblar. Orta təhsilini 2003-cü ildə burada –  qəsəbə 1 saylı orta məktəbdə başa vurub. 2004-cü ilin aprel ayından 2005-ci ilin oktyabr ayına qədər hərbi xidmətdə olub.

 -Təlim-Tədris Mərkəzinə qəbul olana qədər müxtəlif işlərdə çalışmışam. Konkret bir peşəyə sahib olmadığımdan çalışdığım yerlərin hamısı müvəqqəti xarakter daşıyıb. Heç birində də əmək müqaviləm, tibbi sığortam və normal zəhməthaqqım olmayıb. Ailəliyəm, üç yaşında bir övladım var. Çiynimdə yetərincə qayğı yükü daşıyırdım. Mövsümi işlərlə başımı qatmaq mənim üçün əlverişli deyildi. Ona görə də daimi iş yeri tapmaq məqsədi ilə müəyyən müəssisələrə baş vurmağa başladım. «Azərikimya» İstehsalat Birliyinə müraciət edəndə, burada çalışmaq üçün hansısa bir peşəyə sahib olmalısan dedilər və Təlim-Tədris Mərkəzində təhsil almağımı məsləhət gördülər. Atam uzun illərdir ki, Neft Şirkətinin Bakıdakı idarələrinin birində çalışdığından, heç vaxt da işindən gileylənmə­di­yindən bu təklif beynimə batdı.

Mərkəzlə tanışlıq məndə xoş təəssürat yaratdı. Geniş və işıqlı otaqlar, müasir texno­loji avadanlıqlarla təchiz edilmiş fənn kabinələri, xüsusi geyim, aylıq təqaüd, gündəlik yemək, birbaşa Birliyin müəssisələrində istehsalat təcrübəsi keçmək və sairə və ilaxır.

Hazırda Etilen-polietilen zavodunun etilenin qəbulu və sıxılması sexində çalışıram və 500 manata yaxın əməkhaqqı alıram. Üç aylıq müstəqil əmək fəaliyyətindən sonra boylanıb arxaya baxanda itirdiyim 5 ilə təəssüflənirəm. Hərdən fikirləşirəm ki, nə olaydı Azərbaycanın bütün peşə məktəblərndə belə gözəl şərit yaradılaydı.

Rafiq Oday

Vüqar Abdullah (foto)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın