Menu
Geri İrəli

Sumqayıtda Əli Nəcəfxanlının 60 illik yubileyi keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2017 • Baxış sayı: 74 dəfə • Şərh yoxdur

60 il əvvəl qocaman Xəzərin Sumqayıt sahilində ilin ən gözəl günlərindən birində – iyunun 2-də dünyaya gələrək, əvvəlcə bir ailəni, sonralar bir eli-obanı sevindirən, bugünlər isə qoynunda yaşadığı şəhər üçün baş ucalığı olan tanınmış şair-publisist, hər zaman, hər yerdə səmimiliyi, sadəliyi və istedadı ilə seçilən Vətən qeyrətli, dost sədaqətli Əli Nəcəfxanlının yubileyi Sumqayıt Poeziya Evində şəhər miqyasında, təntənəli şəkildə qeyd edildi.

Məclisin aparıcısı, Sumqayıt poeziyasının ağsaqqalı, Əli bəylə eyni məhəllədə yaşayan şair Əşrəf Veysəlli isə tədbirdə “tərəfkeşlik” edərək, həm jurnalist, həm də şair kimi qonşusunun özünü və istedadını o qədər təriflədi ki, bir nəfər də… inanmayan olmadı.

Ancaq tədbirə toplaşanlar da gördülər ki, ya kimsə “60″ söhbəti ilə onlarla zarafat edib, “aldadıb”, ya da Əli bəy özü nədənsə “tələm-tələsik” yaşlıların, uluların sırasına qoşulmaq istəyib. Çünki hamı “əyani” olaraq şahidi oldu ki, bu cavan oğlanın yaşı olsa-olsa, 45-dən bu yanadır ki, o yana deyil. Bunu hətta şəhərimizin loğman-həkimləri – Sumqayıt cərrahiyyəsinin patriarxı, “Şöhrət” ordenli Hacı Cəfər Quliev və şəhərin baş psixiatrı, bütün respublika dəlilərinin “ağlını başına yığan” tibb elmləri namizədi Mail Tağıyev də “bioloji əsaslarla” təsdiq etdilər.

Azərbaycan Milli Məclisinin deputatı, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev,  Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli, Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman Kazımov, Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov, Əli Kərim adına Poeziya klubunun sədri, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, şairlərdən Ofelya Babayeva, Nisə Qədirova, Zirəddin Qafarlı, Əyyub Qiyas, Asif Asiman, Firdovsi Cəfərxan,  gənc yazar Elvin Əlizadə və digərləri də Əli Nəcəfxanlı, onun publisistikası və poeziyası haqqında ürəkdən gələn səmimi, xoş sözlər söylədilər.

Respublikanın Əməkdar Mədəniyyət işçisi, Ahıl Jurnalistlər Məclisinin sədr müavini, şair-publisist Məzahir Süleymanzadə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun imzaladığı xüsusi diplomu, Mahmud Kaşqarlı Fondunun baş katibi Elxan Zal Qaraxanlı Kaşkari adına mükafatı, AJB-nin Sumqayıt şöbəsinin sədri, şair-publisist Rafiq Oday isə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinskinin adından həmkarı Əli Nəcəfxanlıya AJB-nin fəxri diplomunu təqdim etdilər.

H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyorları, Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov və digərləri Əli Nəcəfxanlının oxucular tərəfindən çox sevilən şeirlərini səsləndirmişlər.

 Rəhman ORXAN.

Fotolar Şakir Rəhmanındır.

18813868_1525703007481613_5934189285282630505_n 18952639_1525703724148208_5571872127055182369_n 18952680_1525702697481644_1163996160757889773_n 19029378_1525699784148602_9194726216380540952_n 19029678_1525702884148292_1252615253489952225_n 19030438_1525703190814928_1858812971078126999_n 19059254_1525699984148582_5318374633290110162_n 19060100_1525704594148121_1040654227450584262_n 19060201_1525700344148546_8941800899312738261_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın