Menu
Geri İrəli

Sumqayıtda islam həmrəyliyinə dair tədbir keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2017 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

_SC_0021

Bu gün Sumqayıtın tarixi muzeyində  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə şəhər İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  - dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov açaraq bildirdi ki, Ulu Öndərin ideyaları əsasında inkişaf edən Azərbaycan  tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Məhz bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Qeyd olundu ki, Sumqayıt şəhərində həyata keçirilən geniş abadlıq və quruculuq işləri ilə bərabər, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və təbliğ olunmasına, gənclərin vətənpərvərlik və  milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına xüsusi diqqət göstərilir.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi nin sədri Sevinc Əzimbəyli çıxışında  bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizdə mövcud olan davamlı inkişafın və sabitliyin qorunmasının çox uğurlu zəmanətidir: “Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca uğurlu siyasi addımdır. Ölkəmizdə dini və milli dözümlülüyün qorunması Azərbaycan dövlətinin ən böyük uğurudur”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi hər bir ölkə vətəndaşı üçün çox sevindirici hadisədir: “Prezident İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Bu gün bütün dünyada Azərbaycan İslam həmrəyliyinin ənənəvi siyasətinin çox yaxşı modeli yaranmaqdadır. Unutmamalıyıq ki, ölkəmizdə İslam həmrəylinin qorunması milli təhlükəsizliyimizin də mühafizə olunması deməkdir”.

Tədbirdə  DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, şəhərin ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


_SC_0025 _SC_0027

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın