Menu
Geri İrəli

40 il poeziya yollarında addımlayan sumqayıtlı şairlə görüş

Müəllif: sumqayitxeber.com • Tarix: 4 May 2015 • Baxış sayı: 653 dəfə • Şərh yoxdur

 Sumqayıtın N.Nərimanov adına Mədəniyyət evində şair-jurnalist Asif Asimanın 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib

 86_n

Tədbiri şairin vətənpərvərlik şeirləri ilə açan Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru, republikanın Əməkdar artisti İzaməddin Bağırov bütün həyatı və yaradıcılığı ilə Sumqayıta, vətəni Azərbaycana bağlı olan şair Asif Asimanın həyat və yaradıcılığından geniş söhbət açmış, onun vətəndaş şair olduğunu yubilyarın poeziya nümunələrindən çəkdiyi misallarla diqqətə çatdırmışdır.

Yubiley gecəsində iştirak edənlər – istehsalat adamları, ziyalılar, məktəblilər, Sumqayıtdan və Bakıdan olan qələm dostları, jurnalistlər Mədəniyyət evinə onun Vətənə, xalqa, həyata, insana sevgi dolu şeirlərinin “dəvəti” ilə yığışmışdılar. Respublikanın adlı-sanlı cərrahı, “Şöhrət” ordenli həkim Hacı Cəfər Quliyev, şair Əşrəf Veysəlli, Azərbaycanın Əməkdar həkimi, şəhərin baş pediatrı Xalidə Quliyeva, Əməkdar jurnalistlər – “Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov və Sumqayıt Jurnalistlər təşkilatının sədri Rafiq Oday, filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov, Əməkdar artist Ulduzə Nəsirova, Əlil Qadınlar cəmiyyətinin üzvü, bir-neçə şeirlər kitabının müəllifi, şair-publisist Səxavətli Fəridə və digərləri çıxış edərək, A.Asimanı həm şair, həm də bir məktəb müəllimi, eyni zamanda gözəl bir insan kimi səciyyələrindirən xüsusiyyətlərindən söhbət açmışlar.

Çıxış edənlərin hər biri A.Asimanın ilk növbədə Vətənini, xalqını sevən vətənpərvər bir şair olduğunu vurğulamış, ona daha böyük yaradıcılıq uğurları arzulamışlar.

Şairin sumqayıtlılar tərəfindən sevilməsi, şeirlərinin rəğbətlə qarşılanması təsadüfi deyil. Belə ki, o, 1955-ci ildə respublikamızın gözəl guşələrindən olan Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində dünyaya gələrək, orda orta məktəbi bitirsə də,  1972-ci ildən həyatını bütünlüklə indi onun üçün çox doğma olan Sumqayıtla bağlayıb. O, bu şəhərdə yaşayaraq, Bakı Politexnik Texnikumunu bitirmiş, hərbi xidmətini başa vurduqdan sonra isə Sumqayıtın “Azərboru” zavodunda fəhlə işləmişdir. A.Asiman artıq 30 ilə yaxındır ki, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, onların poeziya zövqünün formalaşması, Azərbaycan və dünya ədəbiyyatı ilə daha yaxından tanış olmaları üçün böyük səy göstərir. O, 20 ildən çoxdur ki  Sumqayıt şəhər 9 nömrəli orta məktəbdə müəllim kimi çalışır.

Hələ məktəb illərindən ədəbi yaradıcılığa meyl göstərən Asif Asiman artıq 10-dək şeir və publisistik kitabın müəllifidir. Onun “Bu da bir taledir”, “Ürəkdə od varsa”, “Ömrümə-günümə açılan yollar”, “Bitməyəcək ölənəcən bu sevdam”, “Bu dünyaya qərib gəldim”,  ”Biz niyə vaxtında görüşməmişik”, “Unutsaq, unudularıq” adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunu bitirmiş Asif Asiman həm də jurnalistlik fəaliyyəti ilə məşğul olur. Onun məqalələri, oçerk və reportajları vaxtaşırı olaraq “Yeni Ordubad”, “Yeni həyat”, “Sovet Naxçıvanı”, “Sumqayıt”, “Metallurq”  qəzetlərində  dərc olunmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin və həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvü üzvü olan Asif Asiman hazırda “Yeganə yol” qəzetinin əməkdaşı kimi də səmərəli fəaliyyət göstərir.

Yubiley tədbirində aşıq Fatimə, xanədə Əfraz Məmmədov və gənc müğənnilər aşıq və xalq mahnıları ifa etmiş, məktəblilər Həcər Məmmədova və Aliyə Əlizadə şairin şeirlərini xüsusi məharətlə qiraət etmişlər.

Gecənin sonunda çıxış edən şair Asif Asiman yeni şeirlərini oxuyub, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Rəhman ORXAN.

31_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın