Menu
Geri İrəli

Araz Ağalarov: Mən dostlarımdan qəhrəmanlıq gözləmirəm

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2015 • Baxış sayı: 559 dəfə • Şərh yoxdur
Share Button

araz agalarov

“Azad insanlar ümumiyyətlə, mövcud deyillər”.

Azərbaycan əsilli Rusiya biznesmeni, “Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi Araz Ağalarov Rusiyanın “Komersant” nəşrinin qonağı olub.

Olqa Sipenyukun suallarına cavab verən Araz Ağalarov atasının Bakıda anadan olduğundan danışıb:

“Onun əcdadları Şamaxıdandır. Bilirsiz, hətta Puşkində də Şamaxı çariçası var. XIX əsrin ortalarında Şamaxı Azərbaycanın mədəniyyət paytaxtı olub. Ata nənəm savadsız qadın olub. O zaman müsəlman qızlar məktəbə getmirdilər, amma onun inanılmaz həyat müdrikliyi var idi. Atası haqqında mənə heyrətləndirici əhvalatlar danışırdı. Onun əcdadları Rusiyadan, İrandan, Çindən gətirdikləri manufaktura ticarəti ilə məşğul olurdular. Anam mənim tərbiyəmdə böyük rol oynayıb”.

Atası barədə danışan Araz Ağalarov, onu itirəndə heç 14 yaşının olmadığını söyləyib:

“Onun maraqlı tərbiyə metodikası var idi – heç vaxt danlamırdı, heç vaxt. Qaşlarını çatırdı və ya gülümsəyirdi – vəssalam, hər şey aydın olurdu. Bakıda mərkəzi küçələrdə gəzmək adət idi. Və bir dəfə şəhərdə öz kampaniyam ilə gəzirdim – atam və onun dostları ilə rastlaşdıq. Ağzımda papiros – cəmi 8-9 yaşım var… Atam mənə bir neçə saniyəlik baxdı, amma necə baxdı! Mən o siqareti udmaq istəyirdim! Atam isə üzünü çevirərək yanımdan keçib getdi. Qaçaraq evə gəldim. Atam da heç nə olmamış kimi gəldi. Yarım saat, bir saat – susur. Özümü saxlaya bilmədim: “Ata, sən məni görmədin?” O: “Gördüm. Amma sən elə xuliqanlarla gedirdin ki, mən qorxdum ki, məni döyərlər”. Bu söz mənə kifayət etdi – mən hətta deyəsən ağlamışdım. Siqareti də atdım. Amma düzünü desəm sonra təkrar çəkməyə başladım”, – A.Ağalarov danışıb.

Onun sözlərinə görə, məktəbdə dərslərini hazırlamırdı:

“Mənim heç portfelim də olmayıb. Müəllimləri heç bir səy göstərmədən oxumağım qıcıqlandırırdı. Bu, mənə atamdan keçib. O, belə bir qabiliyyətə malik idi, istənilən sahədə inanılmaz biliklərə malik idi”.

Araz Ağalarov dostluq haqqında fikirlərini də bölüşüb:

“Bilirsiz, dostlarımdan qəhrəmanlıq gözləmirəm. Ona görə də yüngül məyusluqlar olur, amma “axı bu necə oldu?” bu cür – yox olmur. Bəlkə də təvazökarca səslənməyəcək, amma mənim bir dənə də zəngin dostum yoxdur. Bu bizim münasibətimizə heç bir zaman mane olmayıb. Amma biz bir-birimizi 40-50 ildir ki, tanıyırıq. Amma əgər başıma gecə bir iş gəlsə heç kimə zəng etməyəcəm, özüm bir çıxış yolu tapacam”.

Araz Ağalarov həmçinin uğur haqqında fikirlərini də bölüşüb:

“Nə isə tikirsən və o tələb olunana çevrilir – bu, uğurdur. Baxın ekranda bizim yeni obyektimizdir, görürsüz? Maşın axınına baxın! Bütün ticarət şəbəkələrindən geniş olan konsturksiyanı mən düşünmüşəm. Mənə deyirdilər ki, belə olmaz, ərzaqları tikinti materialları və ya mebel ilə qarışdırmaq olmaz. Mən isə düşündüm ki, olar və alındı. Məndə adətən hər şey alınır. Utanıram, amma mənim uğursuz layihəm olmayıb. Bir dənə də. Elə layihələr var ki, ölkəmizdə baş verən iqtisadi böhran üzündən öz xərcini ödəməyə çıxmayıblar. Amma çıxacaqlar – 100 faiz”.

A.Ağalarov həmçinin hesab edir ki, azad insanlar ümumiyyətlə, mövcud deyillər – biz hamımız nədənsə asılıyıq:

“Ümumilikdə isə azadlıq nisbi anlayışdır. Ən böyük demokratlar belə azad deyillər”.

A.Ağalarov Allaha inanmağından danışıb:

“Yaradana inanıram. Axı boş yerdən yarana bilməzdik? Meymundan əmələ gəlməyimizə inanmıram. Böyük partlayış da boş şeydir. Həm də genetik olaraq insanların bir kişi və bir qadından əmələ gəlməsi sübut edilib, bu, tibbi faktdır.

Bundan başqa, mənim imanım insanlara yardım etməyə, alçaqlığın yolverilməz olduğuna, ilahi ədalətin varlığına inanmaqla ifadə edilir. İnsanlarda buna vicdan deyilir, amma kainatda isə başqa cür adlanır”.

“Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi bəyan edib ki, nə həyatı, nə də işini ona başa salan olmayıb:

“Uşaqlıqdan xasiyyətim belədir: birinci və yaxşı olmaq əsas deyil – vacib olan məğlub olmamaqdır. Məğlub olmamaq! Əgər kim isə yaxşı maşın sürürsə heç vaxt yol vermərəm, əgər həyatıma təhlükə yaransa belə, əlbəttə əgər maşında tək olaramsa”.

Biznesmen uşaqları haqqında aşağıdakıları danışıb:

“Onlardan gözlədiklərimdən daha çox şey gördüm – təsəvvür etmirdim ki, mənim belə uşaqlarım olacaq. Düzünü desəm onların tərbiyəsinə az səy göstərmişəm. Baxın qızım: həddən artıq sadədir – zinət əşyaları taxmır, bahalı maşınlar sürmür. O, Amerikada yaşayır. Rusiyaya qayıdacaqmı əmin deyiləm. Bilirsiz, bu, mənim səhvimdir: Emini xaricə 12 yaşı olanda göndərmişəm, onu isə 6 yaşında olanda. O, artıq Qərb sivilizasiyasının məhsuludur. Emini qaytara bildim, o buradadır, Rusiyada bir çox layihələrimizə başçılıq edir. Şeyla ilə isə hələ ki, alınmır… Amma mən cəhd edirəm. Bu, mənim üçün vacibdir”.

Özünü isə belə xarakterizə etdi:

“Hiyləgər, əyilgən – bu, mənim barəmdə deyil. Cəsarətli – bəli. Cürətli də. Düşünürəm ki, bir qədər də özünəinam var. Həm də bilirsiz sonradan peşman olacağım nə isə etməkdən qorxuram. Ona görə də həmişə bir addım əvəzinə iki addım atmışam ki, sonradan şübhələnib özümü ittiham etməyim”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın