Menu
Geri İrəli

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI – “Uzaq sahillərdə” olan Anjelika

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 1,153 dəfə • Şərh yoxdur

539

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.

Rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi Azərbaycan tamaşaçılarının sevə-sevə baxdığı ekran əsəridir. 1958-ci ildə çəkilən kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr olunub. Filmdə yadda qalan obrazlardan biri də aktrisa Aqniya Yelikoyevanın canlandırdığı Anjelika obrazıdır.Aktrisa Aqniya Yelekoyeva milliyyətcə osetindir. “Uzaq sahillərdə” filmində Anjelika obrazını məharətlə canladıran Aqniya bununla rejissorlar və tamaşaçıların böyük rəğbətini qazanıb.

Aqniya Yelekoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Leninqradda Lensovet teatrında müxtəlif rollarda oynayıb.
Aqniya Elekoeva, yaxud Anqnyuşa, onu yaxın dostları belə çağırırdılar, gözəl qadın, maraqlı aktrisa, həddindən çox ciddi insan, maraqlı yoldaş olub.  Bu barədə onun haqqında xəsisliklə verilən qısa məlumatlarda bildirilir.
Aktrisa SSRİ dağılan ərəfədə – 90-cı illərin əvvəllərində Sovet İttifaqını həmişəlik tərk edərək ABŞ-a köçüb. Onun haqqında olan ən son məlumat budur.Bəzi məlumatlara görə, “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı baş rolun ifaçısı, “Mixaylo”nu oynayan aktyor Nodar Şaşıkoğlu ilə “Anjelika”nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb.N.Şaşıqoğlunun dəliqanlı xarakteri məlum olduğundan çəkiliş meydançasında çoxlarını Nodarla Aqniyanın (Anjelika) münasibətlərinin necə olacağı düşündürürmüş. Ancaq Nodar bu haqda yazır: “Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələriniz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, Lensovet teatrında işləyirdi”.Həyatda qarşılaşdığı gözəl qızlara biganə qalmayan Nodar Şaşıkoğlu “Uzaq sahillərdə” filmindəki qəşəng tərəf müqabilləri, onlarla münasibətləri haqda medianın suallarını cavablandırarkən bunları da əlavə edib:“Hə, bilirəm nəyə işarə vurursunuz… Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf-müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”. Aqniya Yelekoyevanın “Uzaq sahillərdə” filmində canlandırdığı Anjelika rolunu azərbaycanlı aktrisa Hökümə Qurbanova səsləndirib.Aqniya Yelekoyeva SSRİ-də çəkilən daha bir neçə filmdə, o cümlədən “Vətəndən uzaqlarda”,  “Vəkil” filmlərində də müxtəlif rollar oynayıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın