Menu
Geri İrəli

Bir şair gəlib poeziyamıza…

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2017 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur
Share Button

LAÇINDAN BİR ŞAİR GƏLİB POEZİYAMIZA

Ancaq imzası Sevinc Qərib olsa da, gənc şairə poeziyaya qərib kimi gəlməyib

04

Onun özündən əvvəl şeirləri ilə tanış olmuşdum. “Qələm tutmağa” yeni başlayan bəzilərindən çox fərqli olaraq Sevinc Qərib elə ilk şeirlərindən diqqətimi cəlb etdi. Odur ki, bir müddət əvvəl respublikamıza qonaq gələn tanınmış özbək tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şaxlo Qasımova ilə Əli Kərim adına Poeziya klubunun təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində keçirilən görüş zamanı çıxış üçün söz bu gənc qıza veriləndə onun şeirlərinə diqqətlə qulaq asmaq istəsəm də, mikrofonsuz danışdığından demək olar ki, heç nə eşidə bilməmişdim. Kimsə dillənərək, “bir az ucadan oxu” deyəndə bir qədər eşidilən səslə günahkar kimi cavab verdi ki, “mənə həmişə irad tuturlar ki, səsim eşidilmir”. Ancaq çox fərəhli haldır ki, bu gün Sevinc Qəribin poetik səsi çox aydın eşidilməkdədir.

 Şeirləri müəllifini qətiyyən utandırmasa da, əksinə – onu artıq bir şair kimi təsdiq etsə də, Sevinc xanımda əsl Azərbaycan qızı üçün xarakterik olan bir təbii abır-həya, utancaqlıq, ləyaqət var. Bu, onun ilk dəfə feysbukda, bugünlərdə isə yenicə çapdan çıxmış ilk şeirlər kitabında – “Hardasa o uzaqlarda…” toplusunda oxuduğum bir-çox şeirlərində də özünü göstərir. Təvazökarlıq da əlavə olunmaqla yüksək, saf mənəvi hisslər, duyğular, fəlsəfi düşüncə və fikirlər onun poeziyasına başqa bir rəng, əsl milli ruh və ahəng verir.

Ancaq məhəbbətlə bağlı şeirlərində utancaq, abır-həyalı olan Sevinc Qərib yurd həsrətli-duyğulu, Vətən göynərtili şeirlərində “Azad qadın” heykəlinin çadrasını başından atan qəhrəmanı kimi sanki dünya kürsüsündən bütün planetə hayqıraraq Azərbaycanın səsinə kar, faciəsinə kor olmamağı, haqq-ədalət tələb edir. Bu şeirlərində o, lirik şeirlərində olduğu kimi kövrəkliyi, utancaqlığı ilə yox, daha çox dünyanı “boğazından” tutub silkələyən, “qılıncı” ilə onun başını kəsib atmağa hazır olan fövqəlbəşər, üsyankar bir igid, Nigar, Həcər qeyrətli olması ilə diqqəti cəlb edir, az qala oxucunu da ədalətsiz dünyaya qarşı qiyama qaldırır:

Kar olan qulaqlar duymur harayı,

o qədər ah-nalə, o qədər fəryad

əsrin qulağını dəlir, heyf ki,

Allah da eşitmir, Allah da görmür -

ərşin qulağı kar, qapısı bağlı…

 

Heç yerdən ümid, kömək olmadığını görüb, “igidlərim, yeriyin düşmən üstünə, leş bir yana, baş bir yana!” deyib hayqıran Koroğlu tək haray çəkib, igid Vətən oğullarını sanki Dədə Qorqudun Qaraca çobanına səslənirmiş kimi döyüşə səsləyir:

 

Eheyy!..

Dağ kimi dağ,

nə durmusan yerində?

Dağıl, parçalan,

daş-daş ol,

tökül düşmən başına!

 

Götür ətəyindən boz təpələri,

böyründən-başından

sərt qayaları,

tolazla sal-sal

yağı düşmən başına!..

 

Ancaq yenə də əlini Uca Tanrıdan üzmür:

 

Bu zalım dünyanın yiyəsi Allah,

mərhəmət əlini çək üstümüzə,

yazıqdı bu millət, yazıqdı, vallah,

nədənsə dünyanın qəsdi var bizə…

 

Göynərtili şeirlərindən də hiss etdiyim kimi, sən demə, Sevinc də dədə-baba yurdu əldən getmiş dərdli-qubarlı vətən oğul-qızlarından biri, Laçından imiş. Sən demə, şeirlərindən birində də dediyi kimi, üzü məhz bu səbəbdən gülmür, ömrünə sevinc arzulanaraq Sevinc adı verilsə də, üzündən sevinc, gülüş sanki uzaq düşüb… Sanki sevinci düşüb, Laçından gəldiyi yollarda qalıb:
Uşaqlığımın son səfəri

dönüşsüz yollardan başladı.

İçimdə acıyla bərabər

bir ümid də daşıdım,

dönərəm deyə…

Bu yolların heç insafı yox imiş,

gətirdiyi kimi

götürmədi geriyə…

 

Onun sevgi-məhəbbət şeirləri də orijinallığı ilə seçilir. “Arxanca atdığım su da qurudu”, “Darıxmıram ki…”, “Sığınmağa yerim ta olmaz mənim” və digər şeirlərindəki sevgi minlərlə sevgilərə bənzəmir. Onlardakı sevgi qəhrəmanının özünə qapandığı, hay-haray qoparmayan, özünü büruzə verməyə çalışmayan, saf, təmiz, büllur, utancaqlığı, həyalı-abırlı olması ilə seçilən, qiymətli olan – ideal bir sevgidir:

 

Deyirsən ki, darıxma,

darıxmıram ki…

Təkcə gözlərimdi yollarda qalan.

Bir az da ürəyim sözümə baxmır,

sıxılır, boğulur, köksümə sığmır.

Bir az havam çatmır, bir az – nəfəsim,

darıxmıram ki…

 

Sevginin guya etiraf olunmadığı, gizlədildiyi böyük bir sevgi etirafı!..

Sevinc xanımın yeni çapdan çıxmış “Hardasa o uzaqlarda…” ilk şeirlər kitabı haqqında çox geniş və daha əhatəli danışmaq və yazmaq olar. Onun yalnız bu kitabdakı şeirləri, maraqlı, orijinal yaradıcılığı ilə bağlı köklü və geniş araşdırmalar aparıb, ortalığa çox dəyərli bir elmi iş də qoymaq mümkündür.

Və təsadüfi deyil ki, onun ilk kitabının təqdimatı ilə bağlı Sumqayıt Poeziya Evinə toplaşan tanınmış qələm sahiblərinin və şeir həvəskarlarının demək olar ki, hamısı həvəslə gənc şairənin poeziyası haqqında ürək sözlərini deməyə can atırdı. Bu, hamıya müyəssər olmasa da, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublikanın Əməkdar Mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu,  Əli Kərim adına Poeziya Klubunun sədri, Poeziya Evinin direktoru, tədbirin aparıcısı İbrahim İlyaslı, Azərbaycanın Əməkdar jurnalisti, yazıçı-publisist Eyruz Məmmədov, şairlərdən respublikanın Əməkdar jurnalisti Rafiq Oday, Zirəddin Qafarlı, Firdovsi Kazımov, yazıçı Almaz Bəyazid, nisbətən gənc şairlər – Xatirə Fərəcli, Sabir Yusifoğlu, Ənvər Məsud, Namiq Dəlidağlı (o, həm də Sevinc xanımın kitabının redaktorudur) və digərləri gənc şairənin şeirləri barədə fikirlərini bildirib, ona yaradıcılıq uğurları arzuladılar.

Kitaba maraqlı, analitik “Ön söz” yazmış filologiya elmləri namizədi Nailə Mirzəyevanın və çıxış edənlərin də qeyd etdikləri kimi, Sevincin bütün şeirləri kamildir, əl gəzdirməyə, üzərində “nəqqaşlıq” etməyə zərrəcə də ehtiyac yoxdur.

Görüşün sonunda gül-çiçək dəstələri təqdim olunan Sevinc Qərib özünün yeni şeirlərini oxudu. Gənc şairənin tədbirdə iştirak edən atası Qərib Səlimov məclisə toplaşanlara ailəsi adından minnətdarlığını bildirdi.

 Rəhman ORXAN.

 Fotolar Şakir Rəhmanındır.

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın