Menu
Geri İrəli

İki xalqın şair oğlu ilə görüş – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2016 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

71720Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan olunmuş “Multikulturalizm ili” çərçivəsində Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi Kitabxanada təşkil edilən növbəti tədbir  Gürcüstan, Rusiya, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış şair-tərcüməçi Giya Paçxataşvilinin yaradıcılığına həsr olunub.

Filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmlinin ünlü yazar haqqında yazdığı  “Dərviş” kitabının təqdimatına çoxlu ədəbiyyatsevər toplaşmışdı. Giyanın 55 yaşının tamamına təsadüf edən bu  görüş Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə oxuculara təqdim olundu. Klubun direktoru şair İbrahim İlyaslı bildirdi ki, üç dildə ədəbiyyat nümunələrini oxuculara təqdim edən, “H.B.Zərdabi” (publisistika), “Ümid işığı” (ədəbiyyat) mükafatları  və “Səməd Vurğun medalı” laureatı Giya Paçxataşvili Qax rayonunda anadan olub. Bakıda xüsusi internat məktəbində təhsil alıb. O, 1980-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil olub, 1982-ci ildə xüsusi təyinatla seçilmiş qrupun tərkibində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təhsilini davam etdirməyə göndərilib və ali məktəbi fərqlənmə ilə bitirib.

İlahidən Giya Paçxataşvilinin qaş-gözünə qara çəkilməyib, amma taleyi qara rəngdən korluq çəkməyib. Görmə imkanları məhdud olsa da, bəsirət gözünün qabiliyyətinə çoxları həsəd aparır. “Son – əvvələ gedən yol”, “Sükutun rəngləri”, “Oğul ata itirdi” (Azərbaycan dilində), “Elegiya”, “Qruzinski xor”, “Ya uveren” (rus dilində)  və s. şeirlər kitabları çap olunub. Maraqlı publisistik məqalələr yazır. Gürcü və rus dillərinə tərcümələrini də üstə gəlsək, ümumilikdə 36 kitabı işıq üzü görüb. Azərbaycan ədəbi mühitində həmişə fəallığı ilə seçilir. 2000-ci ildə “Aztelefilm”də  Giyanın həyat və yaradıcılığından bəhs edən “Ağ adam” (“Fosfor adam”) sənədli filmi çəkilib.

“Dərviş” kitabının müəllifi, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Qiymət Məhərrəmli, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvan, filoloq-tənqidçi İlham Abbasov, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, filologiya elmləri doktoru Vaqif Yusifli, jurnalist Rəhman Orxan və başqaları təqdimatda çıxış edərək qələm dostları, sadəliyi, təvazökarlığı ilə örnək olan, taleyin acılarına görə ruhdan düşməyən Giya Paçxataşvili   haqqında ürək sözlərini söylədilər. Xüsusi vurğulandı ki, Azərbaycan dilinin özəlliklərini dərindən bilən gürcü şair nadir istedad sahibidir. “Misralarımın işığı” adlandırdığı ömür-gün dostu Lamaranı iki il öncə itirmiş şairin ölməz sevgisinə həsr etdiyi şeirləri məhz Azərbaycan türkcəsində qələmə alması heyrətamizdir. “Ölümə deyən yoxdu ki, öldüyün yerdə ölsənə…” –  bu, şairin istedadı ilə yanaşı, həm də onun Azərbaycan şifahi xalq ədəbiyyatına, folklor incəliklərinə dərindən bələdliyini göstərir.

Vətənpərvərlik mövzusunda yazdığı  şeirləri isə Giyanı heç də fiziki imkanları az olan  birisi kimi göstərmir:

Lazımsa, mən gəlim, düşüm qabağa,
Məni bir qılınctək ora buraxın.

Haydı, igidlərim, düz Qarabağa!
Qeyrət məqamıdır, ayağa qalxın!..

Görüşün sonunda iki xalqın şair oğlu Giya Paçxataşvili hər kəsə minnətdarlığını bildirdi və yeni yaradıcılıq planlarından söz açdı.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın