Menu
Geri İrəli

“Mən türkəm”, “mən erməniyəm”, bəs insan kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2014 • Baxış sayı: 646 dəfə • Şərh yoxdur

xan resuloqluElmlər Akademiyası metrosundan çıxanda nəhəng elmlərlə dolu bir canlı akademiyaya rast gələcəyimiz ağlımıza da gəlməzdi. Xan Rəsuloğlunun Bakıda yenicə açılmış kitab evinə girəndə özümüzü əsrlərin qovşağında gördük. Çünki burada hər dövrə, hər yazara, hər fəlsəfi anlayışa dair kitablar var idi. Bura eyni anda İsanı soyunub Karl Marksı geyinmək, Şopenhaueri qarşına qoyub deyinmək və Kamyu ilə “yad”laşıb öyünmək otağı idi. Söhbət əsnasında  “kitab adam” dedi ki, 60 minə yaxın kitab oxuyub. Elə biz də ona ənənəvi bir sual ünvanladıq:

- Kitab sizin üçün nə deməkdir?

- Kitab insanın ruhunun, onun mahiyyətinin kağıza köçürülməsidir. Hətta orta məktəb illərində ədəbiyyat kitablarında yazılırdı ki, ədəbiyyat söz sənətidir. Mən buna qarşı çıxırdım, arada müəllimlə bu barədə mübahisə edib əsəbləşirdim. “Ədəbiyyat söz sənətidir” – görün necə məhdud ifadədir. Axı ədəbiyyat təkcə söz deyil, təkcə sözdən ibarət deyil. Ədəbiyyat sözlə ifadə olunan sənətdir deyilsəydi, bununla qismən razılaşmaq olardı. Ancaq söz sənəti demək ədəbiyyatı alçaltmaqdır. Əslində, ədəbiyyat insanın mahiyyətini ifadə edə bilən, bəlkə də, nadir sənət növüdür.

- Kitabların olmadığı dünyanı necə təsəvvür edirsiniz?

- Bilirsiniz, nə qədər kitablarla bağlı həyat yaşasam da düşünmürəm ki, dünyanı kitabsız təsəvvür etmək qeyri-mümkün olsun. Amma belə deyək də: o kitablarsız mən özüm ola bilməzdim, bu mahiyyətə vara bilməzdim. Çünki kitablar insanın özünü özünə qaytarır. Buna görə də mənə elə gəlir ki, mənim ən yaxın dostlarım kitablardır. Orhan Pamukun bu yaxınlarda bir kitabını oxudum. Əsər belə bir cümlə ilə başlayırdı: “dünən bir kitab oxudum və bütün həyatım dəyişdi”. İnsan bir sözün təsirinə düşüb həmin sözün içində qala bilər. Məsələn, “namus”, “vətən”, “millət” və ya “mən türkəm”. İnsan bu sözlərin təsirinə düşüb qəliblərə sığa bilər. Bütün ömrünü bu qəliblərin təsirində yaşaya bilər. Nə qədər çalışsa da bu qəliblərdən çıxa bilməz. Bu mənada kitabın insana müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də olur. İnsanın dilində daim belə bir qəliblər olur: “mən türkəm”, “mən erməniyəm”. Axı sən türk və ya erməni deyilsən, sən insansan!

- Sizin fikrinizcə, insanı qəlibdən çıxaran kitablar varmı?

- Çox maraqlı bir məqama toxundunuz. Elə kitablar var ki, insanların mahiyyətini məhdudlaşdırır. Bu kitablarda təlqin olunan cürbəcür dinlər, təriqətlər, sistemlər, mentalitetlər, əxlaqlar bəzən insanı bədbəxt edir. Mən Oşonu çox sevirəm. Ona görə ki, o, digər övliyalar, peyğəmbərlər kimi demirdi ki, mənim dalımca  gəlin, mənim yolumu gedin. Oşo deyirdi ki, mən gəlmişəm  sizi özünüzə qaytarım, özünüzü  tapmaqda sizə kömək edim. İnsan zahirən idealdır, ancaq ideyalar, təriqətlər insanı o qədər kiçildir ki, o, qul kimi yetişir. Əxlaq insanın cəmiyyətdəki mövqeyinin tənzimləməsi baxımından böyük əhəmiyyətə malikdir. Lakin bir çox məqamlarda o, insanı kölələşdirir.  Bu mənada mən Oşonun təfəkkürünü qəlibdən çıxaran idealogiya hesab edirəm. İnsan elə etməlidir ki, oxuduğu kitabın təsirinə düşməməlidir. Belə bir söz var: həqiqi bilik – bütün oxuduqlarını çıxırsan, yerdə nə qalırsa odur.

- Bəs kitab qəlibi kamil insan xarakterini formalaşdıra bilərmi?

- Belə bir fikir var: dünyada ən gözəl ideyaları romantik təbiətli insanlar kəşf edir, inqilabçılar onu həyata keçir, fırıldaqçılar isə ona sahib çıxırlar. Məsələn, götürək elə Veda, İncil və Quran. Budda, İsa və Məhəmməd bir-birinə o qədər  yaxındır ki, mən onların reinkarnasiyaya uğradıqlarını düşünürəm. Onlar sanki eyni bir ruhun məhsuludur. Ancaq sünni və şiə məsələsinə baxanda biz bu eyniliyin əvəzinə düşmənçilik görürük. Yəni bu qəlibədüşmə prosesi insanın öz təfəkküründən də asılı olan bir şeydir.

- Sizin həyatınızda dərin iz buraxmış kitab hansıdır?

- Çox kitab saymaq olar. Zen fəlsəfəsindən tutmuş ekzistensizalizmə qədər bir çox kiatbların adını çəkmək olar. Mənə ən doğma, sevə-sevə oxuduğum kitab Ves Niskerin “безумная мудрость”, yəni “Fəlsəfanə müdriklik” əsəridir. Ancaq Suzukinin “Zen buddizmin əsaslar”ı  kitabını oxuyandan sonra mənə elə gəldi ki, yenidən doğuldum. O kitab mənim bütün təfəkkürümdə çevriliş etdi.

Söhbətə fasilə verib rəflərin önündə gəzişməyə başladıq. Xan əmi deyir ki, burada bir çox kitabları pulsuz paylayır. Satdıqlarının da qiyməti çox aşağıdır. Məsələn, indi 10 qəpiyə, demək olar ki, heç nə satılmır. Ancaq o, burada dünya klassiklərini əsərlərini 10, 20, 50 qəpiyə satır. Məktəb dərslikləri, test kitabçaları da var. Hansılar ki, məktəb ləvazimatları satılan mağazalarda 5-6 manatadır. Ancaq Xan əmi burada həmin kitabçalara  20 qəpik qiymət qoyub. Pulu çatmayan oxuculara bəzən kitab da hədiyyə edir. “Xan xəzisnəsi”ndə kitab dəyişmək də mümkündür. Məqsəd budur ki, kitab itməsin, əldən-ələ keçsin, oxunsun. Buraya 2 manatla gəlib, 2 zənbil kitabla çıxan oxucular olur.

- Bu qədər kitabı yarım əsrlik ömrə necə sığdıra bilmisiniz?

- Bilirsiniz, bu mənim həyat tərzimlə bağlı olan bir şeydir. Mən özüm uzun illər idmanla məşğul olmuşam. Döyüşlərdə də həmişə cəldliyimlə seçilmişəm. Həyatda da çox cəld adamam. Buna görə də kitabları çox sürətlə oxuya bilirəm. Kitab oxuyarkən özümdə zehni yorğunluq hiss edən kimi məşq etməyə başlayıram. Dayanmadan, yorulmaq bilmədən işləyirəm.

- Sizə Azərbaycanın Martin İdeni demək olarmı?

- Bunu deyə bilmərəm, amma bir həqiqət var ki, məni yolumdan eləyən kitab elə “Martin İden”dir. Bu əsəri oxuyandan sonra mən ədəbiyyatın, mütaliənin izinə düşdüm. Bundan əvvəl də mən kitablar oxumuşdum. Xüsusilə də, Lermontovdan. Hətta mənə Rusiyada “Peçorin” deyirdilər. Orada Lermontov haqqında kino çəkmişdilər. Bərbad alınmışdı. Rejissoru filmin təqdimatında biabır elədim. Baş rolda özü oynayırdı, ssenarini də özü yazmışdı. Bütün zal onu  təriflədiyi bir anda ayağa qalxıb söz istədim və bir söz dedim: sıfır. Sonra ona dedim ki, siz Lermontovu yaratmamısınız, onu öldürmüsünüz. Bir ildən sonra “krakadil” furnalında belə bir məqalə dərc olundu: “Martinov 150 il bundan qabaq Lermontovu öldürmüşdü, B.Nikolay onun haqqında film çəkməklə onu ikinci dəfə öldürdü”. Yəni mənim rəyim həqiqət idi. Mən təkcə bir aya Lermontova haqqında 17 dənə kitab oxumuşam.

- Bu kitab evinin özəlliyindən danışaq…

- İlk növbədə bunu deyim ki, mənim 60 minlik kitabxanam var. Bakı kimi bir kitab okeanında bu sayın artacağı şübhəsizdir. Ölkənin başqa kitab evlərində çox baha kitabları burada mən çox ucuz satıram. Kitab almağa pulları olmayan oxucu dostlarıma əlimdən gəldiyi qədər kömək edirəm. Bu da mənim öz vətənimə xidmət olsun. Sağ olsunlar, oxucu dostlarım da mənim qədrimi bilirlər. Yaxın gələcəkdə burada kitab təqdimatları, yazıçı və şairlərlə görüşlər təşkil olunacaq. Bundan başqa burada bizim Avropanın dövlət universitetlərinə qəbul ilə bağlı da yeni ideyalarımız var.

Kitab evindən çıxanda hiss etdim ki, Xan Rəsuloğlu ilə yarımca saat söhbət etmək 3-4 kitabı oxuyub bitirməyə bərabərdir. “Xan xəzinəsi” kitab evinə  gedib baş çəkmək, ən azı, 3-4 kitab götürüb evə gəlmək deməkdir

Fotolar Emin Nihilindir

1937.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın