Menu
Geri İrəli

Sumqayıt Teatrında şöhrət qazanan Afaq Bəşirqızı üçün özəl gün

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2016 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

afaqBu gün Afaq Bəşirqızının doğum günüdür.

Milli.Az xəbər verir ki, Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun “Bəxt üzüyü” tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub.

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan “Bəxt üzüyü”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Nekroloq” və s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışır. Afaq Bəşirqızı 1989-cu ildə “əməkdar artist”, 1993-cü ildə “xalq artisti” fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə “Qızıl dərviş” mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə “Şöhrət” ordeni, 2015-ci ildə prezidentin fərdi təqaüdü ilə təltif olunub. 13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Aktrisanı təbrik edir, uzun ömür, cansağlığı, bol rollar və tamaşaçı sevgisinin bitməməsini arzulayırıq!

Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın