Menu
Geri İrəli

Sumqayıtda yazıçı-publisist Eyruz Məmmədovun yeni kitablarının müzakirəsi keçirilib -FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2017 • Baxış sayı: 355 dəfə • Şərh yoxdur

17909330_1294865623933172_2117026268_n

25 ildən artıqdır ki, bir-çox tarixi-sənədli filmlər, xüsusilə də “Sumqayıtın əks-sədası” filmi ilə respublika ictimaiyyəti və xaricdə yaşayan həmvətənlərimiz, eləcə də xalqımızın digər millətlərdən olan dostları arasında böyük rəğbət və nüfuz qazanmış yazıçı-publisist, kinossenarist, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədovun yeni çapdan çıxmış “Qaranlığın çırağı” ilə “Zöhra və Kənan” əsərlərinin müzakirəsi keçirilmişdir. S.Vurğun adına Mərkəzi şəhər kitabxanasında keçirilən tədbiri açan tanınmış sumqayıtlı şair, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Əşrəf Veysəlli Eyruzun son illər ədəbi yaradıcılıqla daha məhsuldar və gərgin məşğul olduğunu, oxucuların rəğbətini qazanmış 10-a qədər maraqlı roman və povestinin çap olunduğunu diqqətə çatdırmışdır.

O, qeyd etmişdir ki, yaxın keçmişimizin hərbi-siyasi qarşıdurmalarının əks etdirildiyi, peşəkarcasına araşdırıldığı filmlərin ssenari müəllifi, yaradıcısı kimi çox ciddi analitik və prinsipial mövqeyi, vətənpərvərliyi ilə seçilən Eyruz “Qaranlığın çırağı”, həmçinin “Zöhra və Kənan” romanlarında da özünün əvvəlki əsərlərində – “Sumqayıtım mənim”, “2-ci paralel”, “Anata”, “P.S”, Dama Pika”, “Mister Riç”, etnoqrafik roman olan “Bir kəndin camaatı” və s. kitablarında olduğu kimi oxucunu həssas, narahat qəlbli bir yazıçı kimi xeyir və şərin, qaranlıq və işığın daim kəskin ziddiyyətlərlə çarpışdığı bir dünyada mənəviyyatın sarsılmazlığını, iradənin gücünü, inam və etibarın, məhəbbət və sədaqətin insan həyatında, ağır keşməkeşləri dəf etməkdə rolunu maraqlı, düşündürücü süjet xətti üzərində qurduğu hadisələr fonunda olduqca inandırıcı və dolğun şəkildə təqdim etməyə nail olmuşdur.

Tədbirdə yazıçının sənət dostları – Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsinin sədri Rafiq Oday, şair Asif Asiman, oxuculardan doktor Hümbət Quliyev, Rafiq Mehdiyev, “Birlik.az” saytının redaktoru Vüsal Hətəmov və digərləri Eyruz Məmmədovun yeni əsərləri haqqında fikirlərini bölüşmüşlər.

Görüşdə “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ötən 90-cı illərdə Azərbaycanın informasiya blokadasının yarılmasında, erməni şovinist ideologiyasına qarşı mübarizədə Azərbaycanın Yazıçılar və Jurnalistlər Birliklərinin, həmçinin Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü olan Eyruzun xidmətlərini yüksək dəyərləndirərək, onun Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələr barədə siyasi-analitik əsərlərinin xarici dillərə daha çox tərcümə edilərək, bütün Avropa ölkələrində geniş yayılmasının vacibliyini qeyd etmiş, xalqımızın ideoloji cəbhədəki mühüm işində fəallığı ilə seçilən yazıçıya daha böyük uğurlar arzulamışdır.

“Qaranlığın çırağı” romanının redaktoru, Azərbaycanın Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı Rəhman Orxan çıxışında qeyd etmişdir ki, öz istedadı və vətənrərvərliyi ilə həm respublikamızda, həm də ölkəmizdən kənarda yaşayan oxucuların, yüz minlərlə azərbaycanlının hörmət və rəğbətini qazanmış Eyruz yeni əsərlərini də maraqlı süjetlər üzərində quraraq, oxucunu son ana kimi həyəcan və intizar içərisində saxlamağı bacarmaqla, bəzən də novella xüsusiyyətlərindən məharətlə istifadə etməklə oxucuya əsərdə baş verənləri öncədən asanlıqla görməyə, duymağa heç bir şans qoymur. Mövzuların yüksək peşəkarlıqla seçilməsi, əsərlərdə baş verən hadisələr zənginliyi, xarakterlər müxtəlifliyi, eyni zamanda lirik və detektiv səpkili məqamların paralelliyi Eyruzun əsərlərinə marağı artırır, oxucunu kitabdan ayrılmamağa, onu “birnəfəsə” oxumağa sövq edir. R.Orxan yazıçı-publisist Eyruzun həm də peşəkar bir kinossenaist olduğunu əsas tutaraq, onun son illərdə yazdığı romanlar əsasında maraqlı, çox seriyalı sanballı bir filmin çəkilməsinin də məqsədəuyğun, həm də vacib olduğunu diqqətə çatdırmışdır. Görüşün sonunda yazıçı özünün yeni kitablarını avtoqrafla oxuculara hədiyyə etmişdir. Onu da qeyd edək ki, indiyədək ümumilikdə 20-dən çox bədii və publisistik kitabları işıq üzü görən, əsərləri türk, rus, alman, ingilis, fransız və ispan dillərinə tərçümə edilən Eyruzun hər iki kitabı Sumqayıtın “Azəri” nəşriyyatında nəfis şəkildə, yüksək poliqrafik zövqlə çap edilmişdir.

Azər MƏMMƏDLİ.

1492410014_3 1492410599_o2 1492410610_o4 1492410677_o6

Facebook Şərhləndirmə:

Şərhinizi yazın