Menu
Geri İrəli

Sumqayıtın millət vəkili milli mətbəxlə bağlı hazırladığı qanundan danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2014 • Baxış sayı: 469 dəfə • Şərh yoxdur

leyla-abdullayevaMilli Məclisdə “Milli mətbəx mədəniyyəti (kulinariya) haqqında qanun” layihəsi hazırlanır. Millət vəkili Leyla Abdullayevanın təqdim etdiyi qanun layihəsində ilk dəfə “milli mətbəx mədəniyyəti” anlayışı işlənib.
Deputatın Modern.az-a verdiyi məlumata görə, hazırlanan qanunda bu sahənin elmi tərəfdən öyrənilməsinə diqqət artırılacaq.

“Bildiyiniz kimi, biz hələ “Mədəniyyət haqqında” Qanunun müzakirəsi zamanı milli mətbəx mədəniyyətinin də Azərbaycan mədəniyyətinin bir hissəsi olması barədə təkliflə çıxış etmişdik. Bu müddəa deputatların dəstəyi ilə qanunda öz əksini tapdı. Bu gün mətbəx nümunələri Azərbaycan mədəniyyətinin bir ayrılmaz hissəsi kimi qanunvericiliyə görə qorunmaqda və təbliğ olunmaqdadır. Komitəmizin iclaslarında elə o zaman ayrılıqda konkret “Milli mətbəx mədəniyyəti haqqında” qanun layihəsinin hazırlanmasının mümkünlüyü barədə təklif irəli sürdük. Necə ki, mədəniyyətin ayrı-ayrı sahələri olan xalçaçılıq, muğam, folklor nümunələri haqqında fərdi qanunlar mövcuddur. Komitə sədri Nizami Cəfərov layihə üzərində işləməyi bizə həvalə etdi. Layihəni hazırlayıb Komitəyə təqdim etdik”.

L. Abdullayevanın sözlərinə görə, bu qanunun qəbul edilməsində məqsəd Azərbaycan Mədəniyyətinin tərkib hissəsi olan milli mətbəx mədəniyyətinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməkdir.

“Qanunun 1-ci maddəsinə görə, milli mətbəx mədəniyyəti etnoqrafiya hadisəsi olub, Azərbaycanın tarixi ərazisində tarixən və hazırda formalaşmış milli mətbəx nümunələri, onların hazırlanması, istifadəsi, xüsusiyyətləri, mühafizəsi ilə bağlı münasibətlər məcmusu olacaq. Bundan başqa, qanun Azərbaycanın tarixi ərazisində tarixən və hazırda formalaşmış milli mətbəx mədəniyyətinə şamil edilib”.

Qeyd edək ki, qanunda heç bir halda yeməklərin adı, siyahısı nəzərdə tutulmayacaq. Sənəd yalnız bu sahədə olan hüquqi münasibətləri tənzimləmək üçündür. Belə ki, qanuna görə, milli mətbəx nümunələrinin Mədəni İrs Nümunələrinə aid edilməsi pasportlaşma qaydası ilə və dövlət reyestrində qeydiyyat vasitəsi ilə həyata keçirilir. Sənəddə milli mətbəxin təbliğini təmin edən tədbirlərin görülməsi, müvafiq sahədə peşəkar kadrların hazırlanması və s. nəzərdə tutulur.

Gültəkin ƏLƏSGƏR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın