Menu
Geri İrəli

Yaqub Zurufçunun mahnı albomunun təqdimatı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2015 • Baxış sayı: 727 dəfə • Şərh yoxdur

ILG_1336a Yaqub Zurufçunun dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr etdiyi mahnı albomunun təqdimatı olub

Bu ilin sentyabrında Azərbaycanın professional musiqi sənətinin banisi, bütün Şərq dünyasının ilk opera yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi təntənə ilə qeyd ediləcəkdir. Musiqi korifeyimizin yaradıcılığının böyük pərəstişkarı, türk dünyasının sevimli müğənnisi Yaqub Zurufçu unudulmaz bəstəkarın yubileyinə özünün yeni töhfəsini – Üzeyir Hacıbəylinin və onun davamçıları olan bəstəkarlarımızın əsərlərindən ibarət yeni mahnı albomu hazırlamışdır. Bugünlərdə dahi  bəstəkarın ev-muzeyində böyük sənətkara ithaf olunmuş albomun təqdimatı olmuşdur.

Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, ev-muzeyin  direktoru, bəstəkar Sərdar Fərəcov mahnı ifaçılığı ilə milyonlarla qəlbə yol tapmış, yalnız Azərbaycanda deyil, bütün dünyada tanınan və sevilən görkəmli sənətkar Yaqub Zurufçunun Üzeyir bəy yaradıcılığına vurğunluğundan, repertuarında onun mahnılarına daim geniş yer verməsindən söhbət açmış və qeyd etmişdir ki, dahi bəstəkarın 130 illik yubileyinə həsr edilmiş yeni mahnı albomu müğənninin Üzeyir Hacıbəyli dühasına minnətdarlığının ifadəsidir.

Tədbir iştirakçılarının alqışları ilə qarşılanan Yaqub Zurufçu 16 musiqi əsərinin yazıldığı disklə yanaşı dahi bəstəkarın zəngin bioqrafiyasından qısa xatırlatmaların, haqqında həm də müəllifin düşüncələrinin verildiyi, müğənninin özünün bir ifaçı kimi yaradıcılığının, Azərbaycanla əbədi bağlılığının əks olunduğu, orijinal və nəfis tərtibatı gənc dizaynerlər Azər Rəhmanoğlu və Ramiz Əbilov tərəfindən verilmiş 24 səhifəlik kitabça haqqında da məlumat verərək bildirmişdir ki, alboma daxil edilmiş mahnılar Amerikanın Los-Anceles şəhərində simfonik orkestrin müşayiəti ilə yazılıb.

Yeni mahnı albomuna müğənninin ifasında Üzeyir Hacıbəylinin əsərlərindən 7 nümunə, o cümlədən məşhur “Sənsiz”, “Sevgili canan” mahnıları, şah əsərlərindən olan “Koroğlu” və “Arşın mal alan” operalarından ariyalar salınmışdır. Diskdə musiqisevərlərə həmçinin dahi sənətkarın davamçıları olan bəstəkarların – Asəf Zeynallının, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun və Rəşid Şəfəqin əsərləri, həmçinin populyar xalq mahnıları da təqdim edilir.

Təqdimat mərasimində çıxış edənlər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli yaradıсılığının yorulmaz tәdqiqatçısı professor Zemfira Qafarova, Azərbaycan Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev, Bakı Musiqi Akademiyasının professoru, respublikanın Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlov, İsveçdən gəlmiş qonaq, doktor Cavad Deraxti, şairə Mahcamal Babayeva, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Munis Şərifov, İranın Mərənd şəhərindən təşrif buturmuş şair Mohəmməd Əli, mühəndis Tariyel Məmmədov, “Üvertüra” jurnalının baş redaktoru Şöhrət Əfşar və digərləri Üzeyir Hacıbəylinin misilsiz yaradıcılığından, böyük sənətkar şəxsiyyətindən, vətənpərvərliyindən və maarifpərvərliyindən, bəstəkarlıqla yanaşı həm də jurnalist kimi geniş və səmərəli fəaliyyətindən, yüksək mənəvi dəyərlərindən, xeyirxahlığından, gənc musiqiçilərə qayğıkeş münasibətindən söhbət açmışlar. Yaqub Zurufçunun dahi bəstəkara sonsuz məhəbbəti, onun hələ ötən əsrin 80-ci illərində Azərbaycanın azadlıq hərəkatında iştirakı və rolu, özünün məşhur “Ayrılıq” mahnısı ilə xalqın coşqun milli ruhunu daha da gücləndirməsi, bununla da böyük ümumxalq sevgisi qazanması barədə fəxrlə, minnətdarlıqla danışılmışdır.

Tədbir zamanı xalqımızın unudulmaz, sevimli rəhbəri Heydər Əliyevin Yaqub Zurufçu ilə səmimi görüşlərini, ölkə rəhbəri ilə müğənninin qarşılıqlı hörmət və rəğbətinin duyulduğu söhbətləri, Ulu öndər Amerikanın Klivlend qospitalında müalicə olunarkən sənətkarın onu ziyarət etməsini, onun üçün sevdiyi mahnıları ifa etməsini ekranda canlandıran video-görüntülər tədbir iştirakçılarında təsirli, çox kövrək duyğulara səbəb olmuşdur.

Respublikamızın görkəmli sənət adamlarının – yüzlərlə musiqi əsərlərinin müəllifi, Azərbaycanın Xalq artisti,  bəstəkar Tofiq Quliyevin, SSRİ xalq artistui Zeynəb Xanlarovanın, Azərbaycanın Xalq artistləri – bəstəkar Vasif Adıgözəlovun, unudulmaz mahnıları ilə xalqın sevgisini qazanmış Gülağa Məmmədovun (Yaqub Zurufçunu Azərbaycana məhz o tanıtmışdır) və digərlərinin Yaqub Zurufçu haqqında videolentin yaddaşında saxlanılmış fikir və rəyləri də tədbir iştirakçılarında rəğbət doğurmuşdur.

İki saatdan artıq davam edən təqdimat mərasimi zamanı Yaqub Zurufçunun “Dan ulduzu” ansamblının pianoçusu, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəridə Hüseynovanın pianoda müşayiəti ilə canlı olaraq ifa etdiyi Üzeyir bəy mahnıları tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Görüşün sonunda Azərbaycanın Əməkdar artisti, öz təkrarsız mahnı ifaçılığı ilə xalqın böyük sevgi və rəğbətini qazanmış Yaqub Zurufçu dahi bəstəkara həst etdiyi mahnı albomunu avtoqrafla Üzeyir Hacıbəyovun Ev-muzeyinə və tədbir iştirakçılarına hədiyyə etmiş və bildirmişdir ki, yaxın zamanlarda Üzeyir Hacıbəylinin tələbələri olmuş bəstəkarların əsərlərini simfonik orkestrin müşayiəti ilə ifa etməyi, daha sonra isə həmin musiqi nümunələri  əsasında yeni albom hazırlamağı nəzərdə tutur.

Rəhman ORXAN,

Osman Mirzəyev adına

Respublika mükafatı laureatı.

ILG_1321b

Facebook Şərhləndirmə:

Şərhinizi yazın