Menu
Geri İrəli

Yuğ teatrının rejissoru: “Əyalətə teatr lazım deyil”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2014 • Baxış sayı: 669 dəfə • Şərh yoxdur

44ec2e053bafbd76dc698f47a0d36742Günay Səttar. Yuğ teatrının rejissorudur. Bir neçə il Mingəçevir Dram Teatrında baş rejissor kimi çalışıb. Ən son Akademik Milli Dram Teatrında “Mən… Biz…” monotamaşasına quruluş verib.

 Kulis.Az rejissorla müsahibəni təqdim edir.

 - Bu yaxınlarda da yeni tamaşanı təqdim etdin. Ümumiyyətlə, premyeralarından sonrakı dövr necə keçir? Müzakirələr, reaksiyalar olurmu?

 - Olur ki, sadə tamaşaçıdır, tamaşadan anladığını, hiss etdiyini loru dildə çatdırır və bu, sənə çox xoş gəlir. Bir də olur ki, hansısa teatr adamı və ya ictimai qurumdan gələn  adamlar öz teatr bilgilərini nümayiş etdirmək istəyir: Bu belə olmalı idi, elə olmalı idi və s. Belə hallarla Mingəçevirdə rejissor işləyəndə çox rastlaşmışam. Gəlirdilər ki, bu olmaz, bu ayıbdı, bu mentalitetimizə uyğun deyil. Yəni, bir tamaşada xoşuna gəlməyən və sənə toxunan şeylərin olması çox təbiidir. Amma dərs keçmək istəmək başqa məsələdir. Bilgisi olan adamların bir tamaşaya primitiv nüanslardan yanaşması əlbəttə mənə toxunacaq.

 - Günay, tamaşaların nə qədər şəxsi ola bilir? “Mən… Biz…” tamaşasında oğlunun həyatını monotonlaşdıran diktator ana obrazı vardı. Bu, obraz sənin qorxuların deyil ki?

- Təbii. Mən anayam və ana kimi narahatam. Komplekslərimin uşağa necəsə təsir etməsindən qorxuram. Qorxuram ki, onunla düzgün davranmayam, tərbiyədə nəyisə düz etməyəm. Onu cəmiyyətdən necə qorumalıyam və ya onu necə hazırlamalıyam? Mən bacardığım qədər diktator olmamağa çalışıram. Məcburiyyətin əleyhinə olan adamam. Amma bir hədd qoymaq lazım olduğunu da düşünürəm, tamamən sərbəst buraxmaq olmaz…

…Ümumiyyətlə, bütün tamaşalar insan kimi  öz paradiqmama toxunur. Amma tamaşa elədir ki, sonu nikbin bitir, biz öz ağrılarımızı ən yaxınlarımıza yükləyirik. Tamaşada
qəhrəman dərdini danışır və arada soruşur ki, “Mən bu söhbətlərlə sizi narahat etmirəm ki?”. Qəhrəman intihar edirdi, amma bu gözlənilmədən baş verirdi.

 - Yeri gəlmişkən, finalı anlamadım. Qəhrəmanın cəsədini aparan kim idi?

 - Bu, onun anası da, qadınları da ola bilər. Konkret kiminsə obrazı deyil, assosiativ, alternativ mənaları olan bir obrazdır. Tamaşa çox sadə qurulmuşdu və bu çoxyozumluluq onu üçbucaq məkana bərkidirdi…

 - Üç il Mingəçevir Dövlət Dram Teatrında baş rejissor işlədin. Hansı klişelərlə, komplekslərlə rastlaşdın?

 - Mingəçevir teatrı bölgə teatrı olaraq klişelərin bolluğu ilə fərqlənir. Davranışda münasibətdə klişelər, komplekslər çox idi. Əyalət təfəkkürü də bir başqa problemdir. Amma mən özüm üçün onları bir şəkildə həll edə bildim.

 Bir arzum var ki, bizim teatrda işıqlı şeylər olsun. Təbii problemlər çoxdur, elə təkcə maaşın azlığı nə qədər böyük səbəbdir ki, xaltura edəsən. Amma insanın şəxsiyyət olması çox vacibdir.

 - Bölgədə teatrların fəaliyyəti nə qədər özünü doğruldur? Bəlkə heç ümumiyyətlə lazım deyil?

 - İnsanları teatr maraqlandırmır. Mingəçevir teatrını şou proqramlara icarəyə verəndə ora böyük həvəslə gəlirdilər. Amma teatrla qətiyyən maraq göstərmirdilər. Ən pisi odur ki, teatr nədir, heç bilmək istəmirlər. Onlara teatr lazım deyil.

 - Bunun günahı kimdədir?

 - Günahı tamaşaçılardan çox, aktyorlarda, rejissorlarda axtarmaq lazımdır. Teatr adı ilə süni, quru, yalançı şeylər təqdim ediblər. Onlar artıq gördüyündən bezib. Bir məslə var: 5 tamaşa hazırlanırsa, 4-ü pisdirsə, 1-i yaxşıdır. Amma tamaşaçılar özlərinə seçim imkanı vermirlər. Elə bil roka qulaq asıram, bəyənmirəm və deyirəm ki, ümumiyyətlə musiqi pisdir… Onları qınamıram. O qədər eyni tamaşalar görüblər ki, beziblər. Ağaxan Salmanovun qurduğu bir tamaşa var idi: “Tıq-tıq xanım”. O tamaşanı bir məktəbə yetmiş dəfə göstərmişdi. Üzr istəyirəm, nə qədər olar, çevir tatı-vur tatı… Mingəçevir balaca yerdir. Hətta bir dəfə orada bir tanış qadına dedim ki, uşağını teatra gətirsin. Dedi, “Tıq-tıq xanım”a baxmışıq da. Yenə baxaq? Elə bilirdi ki, həmişə orada “Tıq-tıq xanım” gedir. Ya da deyirlər ki, sizin teatrın filan aktyorunu gördüm. Düşünürsən ki, yəqin tamaşada görüb. Maraqlananda deyir, bazarda gördüm.

Bizim sosial statusumuz elə səviyyədədir ki… danışılası deyil. Orada bir aktyorumuz var idi, səhərlər bazarda kartof satırdı, axşamlar tamaşa oynayırdı. Bundan sonra tamaşaçıdan nə tələb edə bilərik?

Mən Mingəçevir Teatrını çox sevirəm, orada xətrini istədiyim insanlar var. Amma həqiqət budur ki, orada teatr təhsili almış adam yox idi. Teatra təsadüfən düşmüş adamlara hər şeyi sıfırdan izah etməlisən.

Yaradıcı işin başında duran qadın kimi nə çətinliklərlə rastlaşdın?

 - Gərək özünü elə təqdim edəsən ki, bu problemləri aşa biləsən. Nə deyim? (susur). Məncə mən Mingəçevirdə bunu bacardım.

 - Teatr və ictimai məsələlər… Bir rejissor kimi tamaşalarınla cəmiyyətə mesaj ötürmək qayğın varmı?

 - Yaradıcılıq fərdi məsələdir. Yaradıcı adamlar izdihama doğru getməməlidir. Əsl yaradıcı adamlar izdihamı, kütləni düşünmür. Düzdü, mən istəyərəm ki, yaratdıqlarım o, ictimaiyyətə, kütləyə maraqlı olsun. Amma bunun üçün nələrsə etmək fikrim yoxdur. Bizim rejissor kimi işlərimiz bizim öz yanaşmamızdır, öz varlığımız, öz düşüncəmiz, öz dərdimizdir. İctimai məsələlər çox önəmlidir. Amma mən izdihamın dalınca qaçsam yaradıcılıqdan məhrum olacağam. Hansısa layihə çərçivəsində bunu etmək olar.

Mənim tamaşa qurub aktual olan məsələ ilə bağlı nəsə mesaj ötürmək dərdim yoxdur. Mən bəyəm hansısa məsələni özüm üçün tam aydın etmişəmmi ki, cəmiyyətə mesaj da ötürüm?

Özlüyümdə həll edə bilmədiyim məsələlər aşıb-daşır, mən cəmiyyətə nə deyə bilərəm? Tutalım, bir problemdən danışırıq. Sual verim özümə ki, sən özün o problemin içində olsan, necə hərəkət edərsən?

 Bütün hallarda onsuz da bu, tamaşa vəziyyətinə, situasiyaya –Stanislavskinin təbirincə desək “təklif olunan və ya təklif etdiyin” vəziyyətə gətirib çıxacaq. Və əgər bu, mənim üçün aktuallıq kəsb etmirsə, adamlara nə deyə bilərəm? Ümumiyyətlə, kiməsə nəsə diktə etməyə nə qədər haqqım var?

Deməli, rejissor da öz sualları ilə əlləşir?

- Yox, elə deyil. Rejissor yaradıcı insandır və yaradıcılıq hesab etdiyi işlərlə məşğul olur. Yaradıcılıq ruh məsələsidir. Mənim ruhum azaddırsa, o, özünə suallar tapır. Ruhum kasıbdırsa, başqasının işlərini qarışdırır, yol göstərir. Biz məsələyə daha dərindən yanaşmalıyıq. Və bu məsələlər bizi həqiqətən maraqlandıran məsələlər olmalıdır.

- Heç qorxmursanmı, “bunlar kiməsə maraqlı olmaz” – deyə?

 

- Olur ki, düşünürəm bunu. Amma mən bir işlə məşğulamsa, o anda maraqlı olar-olmaz deyə dərdim olmur. Xırda məsələlər, problemlər əlbəttə, olur, o problemlər həm də ictimai aktuallıq daşıyır, amma bunlar keçir. İnsan ən problemli anında da – “öldüm” dediyi anda da ölmür. Dünyanın harmoniyası var, pis varsa, yaxşı da var, kədər varsa, sevinc də var, qaranlıq varsa, işıq da var. Mən faciəyə inanmıram. Tanrı mənə hiss, dərrakə, ruh verib, mən niyə cəmiyyətin kateqorial düşüncələrinin içində itib batmalıyam? Mən niyə özümü məhv etməliyəm?

 - Günay, iş prosesin necədir? Əlinə pyes keçir, onu oxuyursan, sənə toxunur, düşündürür, onu işləmək istəyirsən? Ya bir problem səni düşündürür və hər şeydə onu görürsən, uyğun bir əsərdə olan kimi onu hazırlamağa başlayırsan?

 - İki əsas mərhələ var – nəzəri və praktik. Mən yüz əsər oxuya bilərəm, amma heç biri məni maraqlandırmaz. Amma eləsi var ki, işləmək olar. Onu analiz edirəm, nəzəri məsələləri keçirəm. Elə olur ki, artıq nəzəri mərhələdə işin çox hissəsi hazır olur. Bizim son monotamaşamızda Ayşad Məmmədov elə nəzəri mərhələdə, analizlər gedərkən mənə dedi ki, artıq tamaşanı necə oynayacağımı görürəm.

 - Son oxuduğun müəlliflər kimlərdir?

 - Tərcümə Mərkəzinin buraxdığı əsərləri, jurnalları oxuyuram. bir  də Çingiz Abdullayevi oxumuşam. Mən detektivi sevmirəm, amma o kitab üstündəki fraza ilə məni çəkdi: “Yalnız axmaqlar etdiyi səhvlərdən nəticə çıxarır, ağıllılar etdiyi səhvlərdən peşmanlamırlar, çünki həmişə düz etdiklərini düşünürlər”. Bu fikir xoşuma gəldi, o kitabı oxudum. Türk ədəbiyyatından Turqay Narı oxumuşdum. Kafka çox sevdiyim və həmişə oxuduğum müəllifdir. Mən onun pritçalarını dəfələrlə oxuyuram. Kafkadan “Hökm” novellasını tamaşaya hazırlamışdım.

 - Bəs indi bizim ədəbiyyatda gedən proseslərdən nə qədər xəbərdarsan? Yerli müəlliflərdən kimi oxuyursan?

 - Çox təəssüf… Gənc yazıçıları oxumaq istəyirəm. Bəhanə etmək istəmirəm, amma vaxtım az olur, özün bilirsən, uşaqla çətindir. Ona da zaman ayırmalıyam…

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın