Menu
Geri İrəli

Habil Əliyevdən maraqlı, gülməli – Xatirələr

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2016 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur

habilTanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazıb.

axar.az professor Minəxanım Nuriyeva-Təkləlinin xalq artisti, kamança ustası Habil Əliyevlə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:

Toyuma rütubət salan

Bir gün kamança ustası Habil Əliyev Kürüstü bir kənddə toyda imiş. Xaraktercə çox ciddi və qaraqabaq adam olan ustadın kefsiz görünüşü toy sahibini qayğılandırır, əl-ayağa düşür və ona yaxınlaşaraq bu narahatlığın səbəbini öyrənməyə çalışır: bu, bir neçə dəfə təkrar olunur. Habil müəllim də hər dəfə etinasız şəkildə, dilucu “rütubət var” deyir. Toy sahibi daha dayana bilmir, mikrofonu əlinə alıb fəryad edir: “Ay mənim toyuma rütubət salan, belə sənin evin dağılsın”. Sən demə, ustad çayın yaxınlığına görə kamançanın nəm çəkdiyini görüb kefi pozulub. Toy sahibi isə kiminsə bunu bilə-bilə etdiyini və onun məclisini pozmaq niyyətində olduğunu düşünüb.

Qorxuram ki…

Habil Əliyevin 80 yaşı münasibətilə film çəkirdilər. Evində çəkiliş zamanı rejissor bir şey bilirmiş kimi, mənalı-mənalı ondan soruşur:

- Ay Habil müəllim, axı niyə müğənniləri dəvət etməmisiniz?

Kamança ustası da eyni tərzdə, ahəstə-ahəstə cavab verir:

- Qorxuram axı… gəlib burada oxuyarlar.

Mən kaman çalıram axı…

Habil Əliyev danışır: “Bir gün evdə oturmuşdum, birdən mədəniyyət nazirimiz Zakir Bağırov zəng edib “Habil, tarını götür, səni xaricə qastrola yazmışam, get”, – dedi. Çaşıb qaldım, səsimin ahəstə yerinə salıb qorxa-qorxa dedim ki, Zakir müəllim, mən kaman çalıram axı. O isə “həəə, artıq kamançaya keçmisən? Eybi yoxdur, kamançanı götür gəl”, – dedi.

Uşaq olmuşam, qanmamışam

Tibb Universitetində Habil Əliyevlə görüş keçirilirmiş. Orta cərgədən bir tələbə ayağa durub, amiranə görkəmli müstəntiq kimi soruşur:

- Yoldaş Əliyev, axı necə oldu ki, kamança çalmağa başladınız? Necə oldu kamança alətini seçdiniz?

Habil Əliyev sağa-sola baxır, müttəhim görkəmi alıb, yerində büzüşür və fağır səslə deyir:

- Vallah, necə deyim, necə başa salım, uşaq olmuşam, qanmamışam.

Nə vardı buralarda?!

Kamança ustası Habil bir gün doğma yurdu Ağdaşda olarkən qocaman el sənətkarı Veys Hacıyevlə (məşhur xanəndə Ramiz Hacıyevin atası) qarşılaşır. Habil bəy xanəndənin üzgün olduğunu görüb soruşur:

- Nə olub, niyə belə sınıxmısınız?

- Demə, demə, ay Habil, bir xəstələnmək xəstələndim, bir zülm, bir zülm, getdim o dünyanı gördüm gəldim.

Habil özünəməxsus məzə ilə deyir:

- Bəs, ay Veys, zülmlə o boyda yolu getmişdin, niyə təzədən geri qayıtdın? Nə vardı buralarda?!

Elə biləcək arvadı geri gətirdik

Xalq artisti Əbülfət Əliyevin anası vəfat etmişdi. Ailəsi, dostları onu dəfn edib geri dönərkən, evlərinə az qalmış başqa bir cənazə aparan dəstə ilə rastlaşır. Avtobusları həmin cənazənin arxası ilə yavaş-yavaş irəliləyir. Bu qayda ilə hüzr yerinə çatırlar. Habil Əliyev özünü saxlaya bilməyib deyir:

- Əbülfət, indi Xeyrənnisə xanım (Əbülfətin xanımı) elə biləcək ki, biz arvadı geri gətirdik, bağrı çatlayacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın