Menu
Geri İrəli

«Təhqiqat» -dan başlayan jurnalist ömrü

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2016 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur

13100939_10205920938173944_1004045506418334352_n

c0b1732203a4

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət dəstəyi Fondu yaranandan sonra müxtəlif məzmunlu müsabiqələrin təşkili media nümayəndələrini bir araya gətirdi. Bu müsabiqələr bizə ayrı-ayrı mətbuat orqanlarında çalışan həmkarlarımızın yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanını qazandırdı.

Heç yadımdan çıxmır. 2014-cü il idi. Fond yeni il ərəfəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə fərdi yazı müsabiqəsi təşkil etmişdi. Mən də qatıldım. Düzü bu sahə mənim tez-tez yazı hazırladığım sahə olmadığından çox axtarışlar etdim. Yazı ilə bağlı kifayət qədər məlumat toplamaq məqsədilə neçə-neçə kitab, jurnal mütaliə etməli oldum. Sonda çox maraqlı və fərqli bir yazı alındı. Yazını fonda təqdim etdikdən sonra internet vasitəsilə digər həmkarlarımın yazısını da gözdən keçirdim. Artıq fərqi hiss edirdim. Mövzuya baxış bucağımın fərqli prizması mənə müsabiqədə uğur qazanmağım üçün ümid verirdi. Etiraf edim ki, oxuduğum yazılar da peşəkarlıqla hazırlanmışdı. Sadəcə onları birləşdirən «süjet xətti» idi. Sanki bütün jurnalistlər mövzuya eyni baxış bucağından yanaşırdılar. İnformasiya baxımından zəngin olan bu yazılar biri digərinin təkrarını xatırladırdı. Oxuduğum yazılarda yeni informasiya görmədim…

Nə isə… Uzun sözün qısası, müsabiqə yekunlaşdı. Və çox az jurnalist müsabiqənin qalibi adını qazandı. Müsabiqədə üç əsas, 10 nəfər isə həvəsləndirici yerə layiq görüldü. Mən də o qaliblər sırasında oldum. Həmin müsabiqədə birinci yeri «Olaylar» İnformasiya Agentliyinin müxbiri qazandı. Bu Samir Güləliyev idi. Düzü nəticələrdən sonra müsabiqəyə təqdim olunan yazıları oxuya bilmədim. Samirin o yazını necə yazması, hansı məqamlara toxunması mənim üçün maraqlı olsa da, məqalə ilə tanış olmağa zamanım olmadı. O zaman atam dünyasını yenicə dəyişmişdi. Müsabiqənin nəticələrinə həsr olunan tədbirə də kədərli qatılmışdım…

Növbəti dəfə Samir Güləliyevin imzasına KİVDF-nin təşkilatçılığı ilə nəşr olunan 100 ən yaxşı məqalədən ibarət olan topluda – «Sözün zirvəsində» adlı kitabda rast gəldim. Bu kitabda Samirin «Erməni həyasızlığı erməni dilində» adlı məqaləsi dərc olunub.(bax:Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, «Sözün zirvəsində», Bakı-2015, səh. 99)

Samir Güləliyev imzası mətbuatda kifayət qədər tanınan imzalardandır. Bu da təsadüfi deyil. Samir bu imzanı zəhməti ilə tanıdıb. Tanrı ona istedad və savadla yanaşı hadisələrə özünəməxsus baxış bucağından yanaşmaq, təhlil etmək, analiz etmək kimi bacarıqları da bəxş edib. Məhz buna görə də Samir Güləliyev imzası mətbuatda seçilib, fərqlənib.

Ağsu rayonunun Bico kəndində ziyalı ailəsində doğulub Samir Güləliyev. Rayonun Bico kəndindəki orta məktəbdə təhsil alıb. Orta təhsilini əla qiymətlərlə bitirib, Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universietinin Bədii Yaradıcılıq fakültəsinə daxil olub. Bu universitetdə «teatr kollektivinin aktyoru və rejissoru» ixtisası üzrə təhsil alan Samirin arzuları köksünə sığmayıb. Yaradıcılığa olan həvəsi onu mətbuat aləminə gətirib. Məhz elə buna görə də ikinci təhsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində alıb.

Tədbirlərin birində söhbətimiz əsnasında Samirə – «jurnalistikanı sevmisənmi?» – deyə müraciət etdim. Cavabı qısa oldu: – «hə»… Sonra da bu fakültə uğrundakı mübarizəsindən danışdı. Söhbətimizdən məlum oldu ki, sən demə Samir bu arzusunu həyata keçirmək üçün böyük bir «savaş»göstərib, çətin mübarizələri arxada qoyub. Düzü inadkarlığı, mübarizəsi diqqətimi çəkdi.

Samirin mətbuata gəlişi 1996-cı ilə təsadüf edir. Onun ilk məqalələri məhz o zaman işıq üzü görüb. 1997-ci ildə «Təhqiqat» qəzetinin baş redaktorunun müavini, 1998-ci ildə həmin qəzetin baş redaktoru olub. 2002-ci ildən isə «Olaylar» İnformasiya Agentliyində jurnalist kimi fəaliyyətini davam etdirib. 2005-ci ildən həmin agentliyin Prezident Administrasiyasında akkreditasiya olunmuş müxbiri olub. 2015-ci ilin noyabr ayından «Trend» İnformasiya Agentliyində çalışır.

Samir Güləliyev KİVDF- nin keçirdiyi fərdi yazı müsabiqələrində həmkarlarından fərqlənib, əsas yerlərin qalibi olub. Bu il həmkarımız Samir Əlinin fəaliyyətinin 20 ili tamam olur. Jurnalist üçün 20 illik təcrübə qısa zaman kəsiyi deyildir. O bu illər ərzində müxtəlif mövzularda araşdırmalar edib, Azərbaycan jurnalistikasında bir jurnalist kimi özünü təsdiqləyib, sözünü deyə bilib. Samir Güləliyev sözün həqiqi mənasında vətəndaş, Vətənə layiqli övlad olmağı bacarıb.

Samir Güləliyev yaxşı jurnalist olmaqla yanaşı həm də gözəl insan, sədaqətli dostdur. «Olaylar» İnformasiya Agentliyindəki uzun müddətli fəaliyyəti dövründə kollektivin sevimli üzvünə çevrilib. O bu gün doğma kollektivdən ayrılmasına baxmayaraq, dostları ilə tez-tez əlaqə saxlayır.

Bir gün söhbətlərimizin birində Samirin kədərli olduğunu hiss etdim. O bildirdi ki, dostlarından biri dünyasını dəyişib. Bu hadisə ona çox təsir etmişdi. Və mən ona telefon vasitəsilə xeyli təsəlli etməyə çalışdım. Həmin gün Samirin dostluqda etibarlı olduğunun şahidi oldum. Və həmkarımın nə dərəcədə dostcanlı olmasını özüm üçün kəşf etdim.

O, «Trend»in yaradıcı kollektivi arasına yenicə qatılıb. Burada da öz işinə məsuliyyəti, dəqiqliyi ilə rəhbərliyin etimadını qazana bilib, məhz ona görə də kollektivdə hörmət və nüfuz sahibi kimi tanınır.

Samir haqqında hazırladığım yazını təsadüfdən yazmadım. Düzü hər dəfə qələm özgələrindən yazıb. Biz jurnalistlər hər gün müxtəlif məzmunlu informasiyaları yayım üçün hazırlayır, vaxtın zamanın necə keçdiyini hiss etmirik. Bu dəfə isə özümüzdən – həmkarımız Samir Güləliyevdən yazmağa çalışdım…

Son olaraq dəyərli qələm dostumuzu, istedadlı jurnalist Samir Güləliyevi fəaliyyətinin 20 ili, həm də bu günlərdə qeyd etdiyi ad gününü münasibətilə, bütün dostları adından təbrik edir, ona uğurlar arzulayırıq. Arzu edirik ki, Samirin sözü heç vaxt tükənməsin. Onun səsi-sədası hər zaman yüksəkliklərdən eşidilsin. Ən əsası isə ürəyindəki yaradıcılığın odu daim yanar olsun.

Dilşad Xaqaniqızı,

«Təhsil problemləri»

Facebook Şərhləndirmə:

Şərhinizi yazın