Məhkəmə Sumqayıtda 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimlə bağlı protesti təmin etməyib

1126

Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhərində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bu barədə “Report”a vəkil Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə – hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ.Qəmbərova bəraət verilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, zərərçəkmiş isə apellyasiya şikayəti verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər