Mehriban Əliyeva İtalyada Sumqayıtdan danışdı

2327

Sumqayitxeber.com xəbər verir ki, bunu sentyabrın 25-də Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransda çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir: “Parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiya fəaliyyət göstərir. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə qəbul edilmişdir. Siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə İtaliyada rəsmi səfərdə olmuşdur. Bu ilin iyul ayında İtaliya Respublikasının Prezidenti cənab Mattarella Azərbaycanda səfərdə olmuşdur. Bu, tarixi bir hadisədir. Çünki İtaliya-Azərbaycan əlaqələrinin tarixində ilk dəfə idi ki, İtaliya Respublikasının dövlət başçısı ölkəmizdə səfərdə olmuşdur. Səfər çox uğurla keçdi və əminəm ki, ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

Ölkəmizdə səfərdə olan zaman cənab Prezident Mattarella məni Böyük Xaç Kavaleri ordeni ilə təltif etdi. Bu, mənim üçün böyük şərəfdir və fürsətdən istifadə edərək bir daha cənab Prezidentə öz dərin minnətdarlığımı çatdırmaq istəyirəm.

İqtisadi əlaqələrimiz çox gözəl müsbət dinamika göstərir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu iş birliyi yaradılıb”.

Birinci vitse-prezident xatırladıb ki, bu ilin iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıtda SOCAR Polimer layihəsi çərçivəsində polipropilen zavodunun açılışı olub: “Bu zavodun tikintisinin podratçısı İtaliyanın “Maire Tecnimont” şirkətidir. Cari ilin fevral ayında “Maire Tecnimont” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Heydər Əliyevadında Bakı neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması haqqında müqavilə bağlanmışdır. Təkcə bu layihələrin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. “Maire Tecnimont” şirkətinin bu layihələrdə payı 1,3 milyard dollardır. Bu rəqəmlər bir tərəfdən Azərbaycan ilə İtaliya arasında olan iqtisadi əlaqələrin miqyasını, digər tərəfdən ölkəmizdə mövcud olan iqtisadi inkişafın dinamikasını və miqyaslarını göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər