Mən sabun bişirməyəcəm

1238

«Bizim Cəbiş müəllim» filminə baxmayan yoxdu yəqin. Orda belə bir kadr var: Cəbiş müəllimi sabun bişirməyə məcbur edirlər. Ona təzyiq edənlər nə qədər dəlil gətirsə də, Cəbiş müəllim elə dediyini deyirdi: «Mən sizə sabun bişirməyəcəm».
Bir neçə gün əvvəl metroda sadə bir futbol azarkeşi yaxınlaşdı mənə. Azərbaycan futbolunun dərdlərindən danışdıq xeyli. Sonra söhbətimiz gəlib çıxdı millinin üzərinə. Təbii ki, Berti Foqts amili qabardı söhbətimizdə. Həmsöhbətim inanırdı ki, Foqts istefaya göndərilsə, yerinə Qurban Qurbanov gətirilsə, millimiz uğurlu çıxış edəcək. Söhbət əsnasında «müəllim, siz də yazılarınızda Qurbanı dəstəkləyin, onu milliyə baş məşqçi təyin etsinlər» xahişində bulundu.
Həmsöhbətimə bildirdim ki, AFFA məmurları qəzet və saytlara yaxın durmurlar, ancaq dolların, avronun üzərində yazılanları oxuyurlar. Üstəlik, onlar mətbuatın və ictimaiyyətin fikriylə milliyə baş məşqçi təyin etmirlər. Azarkeşə onu da söylədim ki, Qurban Qurbanovun millinin baş məşqçisi olmasını istəmirəm, yazılarımda da buna dəstək verməyəcəm. Amma narahat olmasın, AFFA rəhbərliyi indi elə durumdadı ki, Qurbanı milliyə baş məşqçi təyin edəcəklər. Niyəsini də başa saldım ona.
Əslində, bu mövzu ətrafında son günlər xeyli müzakirələr aparılır. Dostumuz İlqar Həmzəyev də az qala hər telefon zəngində «Berti Foqts göndərilsə, Qurban Qurbanovun millinin baş məşqçisi postuna gətirilməsi üçün mətbuat dəstək versin» tələbini irəli sürür. Hər dəfə də «mətbuatı bilmirəm, amma mən bunu etməyəcəm» deyirəm ona.
Ona da niyəsini demişəm. Artıq milli baş məşqçi dəyişikliyinə hamilədi. Foqtsu uzaqbaşı tsiklin sonunda göndərəcəklər. O, artıq işlənmiş ləvazimatdı. Yararsız hala düşüb. Foqtsun millinin baş məşqçisi olduğu dönəmdə Azərbaycan futbolunda nisbi irəliləyiş belə olmayıb. Tənqidlər isə bu inkişafa cavabdeh Rövnəq Abdullayevə yox, Berti Foqtsa yönəlib. Lüksemburq və Portuqaliya ilə qarşılaşmalardan sonra vəziyyət dəyişdi. İndi Abdullayevin və komandasının da istefası gündəmə gətirilib. Belə yerdə manevr edilməlidi. Yəni Foqts göndərilməlidi. Göndərilməlidi ki, AFFA rəhbərliyinə qarşı yönələn tənqidlər səngisin.
Foqts göndərilsə, onun yerinə Qurban Qurbanov gətiriləcək. Millini inkişaf etdirmək yox, cəmiyyəti susdurmaq üçün.
Əminliklə deyirəm ki, Qurbanovun təyinatından sonra milli daha bərbad çıxış edəcək. Bunu Rövnəq Abdullayevin komandası istəyəcək. Bununla da ictimaiyyəti mat qoyacaqlar, «bu da sizin Qurban» deyəcəklər. İctimai fikri yönləndirməyə nə var ki… Ondan sonra elliklə Qurbanın istefasını tələb edəcəyik. «Rövnəq neynəsin ey, bunu də gətirdi, heç nə edə bilmədi» düşüncəsi cəmiyyəti əsir alacaq. Ardınca isə Qurban qovulacaq, yerinə yenə də əcnəbi gətiriləcək. Neftin puludu də, «yuyulacaq» yavaş-yavaş.
Azərbaycan futbolunun problemləri Foqtsdan qaynaqlanmır. Azərbaycan futbolunun problemi Rövnəq Abdullayev və onun komandasıdı. Nə qədər ki, futbolumuza bu komanda rəhbərlik edir, hansısa inkişaf haqda düşünüb, ağız suyu axıtmayın. Foqtsu göndərib, Qurbanı gətirin, onu da qovun İvanı tapın. Sonra da Əlini, Vəlini, Conu. Dəyişməyən Rövnəq Abdullayev, Elxan Məmmədov, Ramin Musayev olacaq. Qurban verilən isə Qurban olacaq. Yox, dostlar, mən sabun bişirməyəcəm.
Natiq Muxtarlı, “Komanda” qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər