Mentalitet şou

1054

Nuranə ABBASOVA

Son zamanlar hansı məsələyə toxunursansa bir ucu gedib mentalitetə dayanır. Yeri gəldi gəlmədi, lazım oldu olmadı hamı mentalitet “keşiyindədir”. Nədənsə son illər milli mentaliteti qorumaq mövqeyi və ya sadəcə olaraq bu mövqedə görünmək istəyi insanlarda, xüsusilə ictimai xadimlərimizdə adət halını alıb. Mentalitetə əslində aidiyyatı olmayan elə prizmalar qoyulur ki, anlayış, sözün əsl mənasında, mənasını itirir.

Bəzən mentalitet özü şouya çevrilir, dəb, müasirlik anlayışları ilə qarışdırılır. Əslində mentalitet nə dəblə, nə müasirliklə, nə də folklarla əlaqəlidir. Bunlar tamamilə fərqli anlayışlardır. Mentalitet özündə əxlaq, mədəniyyət və milli ruh anlayışlarını birləşdirir. Dəbin, müasirliyin özündə mentalitetin bu üç məfhumunun bəzi çalarları birləşir. Amma tamamilə onun özü demək deyil.

Əxlaq nədir? Əxlaq insanların aldığı və ya özündə formalaşdırdığı tərbiyə çərçivəsində şüurlu olaraq davranışlarıdır. Əxlaq, eyni zamanda, genetik, milli ruhda və mühitdə formalaşan və həmin mühitin qaydalarına uyğunlaşan hərəkətdir. Bu məfhum özünü həm düşüncədə, həm nitqdə, həm hərəkətlərdə, həm də intellektdə göstərə bilər. Əslində kiməsə asanlıqla “əxlaqsızdır” damğasını vurmaq bu məfhumun ağırlığı qədər məsuliyyətin və yükün altına girmək deməkdir. Təsadüfi deyil ki, əksər demokratik ölkələrdə insanların əxlaqının ən böyük hüquq müdafiəçisi elə həmin ölkələrin konstitusiyasında nəzərdə tutulmuş “Şərəf və ləyaqəytin qorunması” maddəsidir. Buna baxmayaraq, bu gün hələ də həm ictimai yerlərdə, həm kütləvi informasiya vasitələrində insanların ünvanlarına asanlıqla bu eyham vurulur və bu, müxtəlif vasitələrlə müxtəlif formalarda həyata keçirilir. Xüsusilə, şou-biznes nümayəndələri bu məsələdə həm yanan, həm də yandıran tərəflər kimi çıxış edirlər.

Mədəniyyət isə özündə maddi-mənəvi amilləri birləşdirir. Özündə tarixilik, millilik xüsusiyyətləri daşıyan bütün maddi ünsürlər bu məfhuma aiddir. Mənəvi ünsürlərə gəldikdə isə buraya nitq mədəniyyəti, dinləmə mədəniyyəti, münasibət qurma mədəniyyəti, nəqliyyat mədəniyyəti, geyim mədəniyyəti, düşünmə mədəniyyəti, əxlaq və s. daxildir. Bu məfhumlardan isə efirlərdə və ümumən, həyatda ən çox əməl olunmayanı dinləmə və nəqliyyat mədəniyyətidir. Bu gün nə yaşlılarda, nə də gənclərdə bir-birini və ya kütləyə danışan hər hansı bir şəxsi sona qədər dinləmək qabiliyyəti yoxdur.

Nəqliyyatda “indiki gənclərdə mədəniyyət yoxdur” kimi qınaqlarla tez-tez qarşılaşırıq. Səbəb isə gənclərin yaşlılara yer verməməsidir. Əslində isə bu stereotipdən də qurtulmağın tam vaxtıdır. Oturanın ayaq üstə durana yer verməməsi heç də mədəniyyətsizlik deyil. Əgər Avropa dəyərlərinə doğru irəliləyiriksə yavaş-yavaş buna öyrəşməyin vaxtıdır. Hər kəs digərinin haqlarına hörmət etməlidir. Burada da mentalitet əleyhinə heç bir şey yoxdur.

Milli ruh isə insanın qanında canında olmalı olan məfhumdur. Bu, insanın həm əxlaqında, həm də mədəniyyətində, mənəvi aləmində, fikrində, düşüncəsində hakim kəsilməlidir. Müasirliyin ardınca getdiyimiz indiki bir vaxtda bizdən fərqli olaraq, bir sıra Avropa ölkələrində bu məfhum özünü məhz milli ruh kökəni üzərində doğruldur. Ölkəmizdə isə müasirliyin mənəvi aspektindən (şüurlarda, düşüncələrdə inqilab) daha çox, maddi aspektinə üstünlük verilir.

Hər gün efirlərdə kimisə açıq-saçıq geyimlərinə görə, yaxud, Aysel Teymurzadənin Eurovision-2009 mahnı müsabiqəsində geyiminə görə tənqid edilməsi, əvvəldə qeyd etdiyim kimi, bir “mentalitet təəssübkeşliyi” ilə nəticələnir. Kiminsə öz zövqünə uyğun və ya şəraitin tələb etdiyi şəkildə geyimini mentalitetin inkarı, yaxud mentalitetə uyğynsuzluq kimi dəyərləndirmək düzgün deyil. Mentalitet heç də açıq-saçıq geyimlərlə hüdudlanacaq dərəcədə dar anlayış deyil. Nə mentalitet özündə açıq-saçıq geyimlər anlayışını, nə də açıq-saçıq geyimlər özündə mentalitet anlayışını birləşdirir. Dəbə və zövqə uyğun geyinmək heç də həmin geyim sahibinin əxlaqsız, mədəniyyətsiz, mentalitet düşməni olduğu anlamına gəlmir. Mentalitet anlayışı zəif və iradəsiz, səthi düşünənlərin dilində ucuzlaşmamalıdır. Bu anlayış hər hansı bir reklam xatirinə ucuz şouların mövzusu deyil. Bu anlayışı hər verilişin, hər mövzunun da finalı etmək lüzumsuzdur. Şounu mentalitetdən ayırmaq lazımdır. Doğrudan da mentalitet şouya son qoyulmalıdır.

İllər görmüşdükmü bu illər kimi…

Oyun başlandı

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər