"Mübarizədən qaçanları müxalifətçi adlandırmaq siyasi anlayışdan kənardır" - Tahir Mirkişiliylə MÜSAHİBƏ

1583

“Əhalidə seçkilərdə iştirak ilə bağlı yüksək əhval-ruhiyyə var”

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin vəkili, Milli Məclisin deputatı Tahir Mirkişili Xeberle.com-a müsahibə verib. O, söhbət əsnasında seçkiöncəsi vəziyyət və digər məsələlərlə bağlı maraqlı fikirlər səsləndirib.

– Tahir müəllim, bilirik ki, Siz millət vəkilliyindən əlavə, həm də Yeni Azərbaycan Partiyasının nümayəndəsi, Prezidentliyə namizəd İlham Əliyevin vəkilisiniz. Bu da o deməkdir ki, seçki prosesinin içində olan şəxssiniz. Seçkiyə az vaxt qaldığı müddətdə təbliğat, təşviqat məsələlərini necə xarakterizə edərdiniz.

– Hər bir ölkədə olduğu kimi Azərbaycanda da prezident seçkiləri ölkənin gələcək taleyinə təsir edən mühüm hadisədir. Prezidentliyə namizədlərin qanunla nəzərdə tutulmuş müxtəlif vasitələrlə təbliğat-təşviqat aparması seçkinin ən maraqlı mərhələlərindəndir. Seçkilərdə qeydiyyata alınmış 8 namizəd iştirak edir. İctimai Televiziyada onlar üçün pulsuz efir vaxtı ayrılıb. Bu, bütün seçiciləri əhatə edəcək təbliğat-təşviqat aparmağa imkan verir. Digər tərəfdən hər bir namizəd seçicilərlə görüşmək, innovativ təbliğat üsullarından, informasiya kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etmək istiqamətlərində də fəaliyyət göstərirlər. Ölkədə siyasi-ictimai sabitliyin hökm sürməsi təbliğat-təşviqat aparmaq üçün bütün namizədlər üçün əlverişli şərait yaratmışdır.

– Həm millət vəkili statusunuz, həm də prezidentliyə namizədin vəkilli olmaq statusu imkan verir ki, əhali ilə tez-tez görüşlərə qatılasınız. Görüşdüyünüz seçicilər 11 aprel seçkilərinə haızrdırmı? İnsanlarda seçki əhval-ruhiyyəsi nə yerdədir?

– Biz Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat qrupunun üzvləri olaraq artıq bütün istiqamətlərdə təbliğat işlərinə başlamışıq. Həm internet məkanında yeni texnoloji vasitələrdən istifadə edərək, həm televizayada debatlarda iştirak edərək, həm də əhali ilə birbaşa ünsiyyət quraraq insanları seçkilərdə aktiv iştirak etməyə və bizim partiyanın namizədi cənab İlham Əliyevə səs verməyə təşviq edirik. İnsanlar bu görüşlərə yüksək əhaval ruhiyyədə gəlirlər, aktiv iştirak edirlər, özləri də təşəbbüs göstərərək təşviqat fəaliyyətinə qoşulurlar. Ümumilikdə deyə bilərəm ki, əhalidə seçkilərdə iştirak ilə bağlı yüksək əhval-ruhiyyə var.

– Müxalifətin radikal qanadının çağırışlarından şübhəsiz ki, xəbərdarsınız. Onlar hər addımda ölkə vətəndaşlarını bu seçkiləri baykot etməyə səsləyirlər. Sizcə, sözügedən qüvvələrin çağrışlarına ölkə vətəndaşları nə dərəcədə önəm verə bilər və ümumiyyətlə seçici bu seçkilərdən nə gözləyir?

– Siyasi partiyaların yaranma və fəaliyyətinin əsas məqsədi seçkilərdə iştirak edərək mübarizəyə qoşulmaq və bu mübarizənin nəticələrinə uyğun olaraq öz fəaliyyətlərini tənzimləməkdir. Seçkiyə qoşulmayan, mübarizədən qaçanları nə siyasi partiya, nə də müxalifətçi adlandırmaq siyasi anlayışdan kənardır. Belə insanlar əvvəllər seçkilərdə uduzmuş, siyasi və sosial dəstəyini itirmiş insanlardır. Qeydiyyatdan keçmiş namizədlər içərisində siyasi mübarizəni seçkilərdə görən müxalif siyasi partiyaları təmsil edən namizədlər üstünlük təşkil edir. Vətəndaşlar öz seçimlərini etməkdə müstəqildirlər. Hər bir namizəd seçicilərin səsini qazanmaq üçün mübarizə aparır. Azərbaycanda indiyə qədər də keçirilən bütün seçkilərdə vətəndaşlar aktiv olaraq iştirak edərək öz vətəndaş mövqelərini bildiriblər. Əminəm ki, 11 aprel seçkiləri də seçici aktivliyi şəraitində keçəcəkdir. Seçicilərin əsas arzusu ölkəmizin daha da inkişafı, onun güclü, firavan olmasıdır ki, əminəm ki, bunu da təmin edə biləcək namizədə, bizim partiyanın namizədi cənab İlham Əliyevə səs verəcəklər.

– Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi beynəlxalq ictimaiyyətin Azərbaycandakı prezident seçkilərinə marağı nə dərəcədədir?

– Seçkiləri müşahidə etmək üçün artıq 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, qrafiklərin gərginliyinə baxmayaraq ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısa müddətli müşahidəçisinin 11 aprel seçkilərini müşahidə etməsi beynəlxaq ictimaiyyətin Azərbaycanda keçirilən seçkilərə marağından xəbər verir. Müşahidəçiləri bütün mərhələlərdə iştirak edirlər.

– Namizədlərin imkanlarını necə dəyərləndirirsiniz. Ümumiyyətlə debatlardan razısınızmı?

– Siyasi texnololoqlar belə düşünürlər ki, prezidentliyə namizədlər təbliğat təşviqat işini seçki dövründə deyil, illərlə aparmalıdırlar. Çünki belə mühüm bir vəzifəyə seçilmək üçün qısa müddət ərzində seçicilərin mütləq əksəriyyətin rəğbətini qazanmaq üçün uzunmüddətli fəaliyyət tələb olunur. Və bu fəaliyyətin kulminasiya mərhələsi də seçkilərdəki təbliğat-təşviqat mərhələsidir. Hər bir namizədə də bu mərhələdə öz platformalarında indiyə qədər ölkə və xalq üçün nə etdikərindən və seçilərlərsə, nələr edəcəklərindən bəhs edirlər. Müşahidələrim bundan ibarətdir ki, hər bir namizəd çıxışlarında buna çalışır. Televiziya debatlarını da insanlar maraqla izləyirlər, dünyanın bütün sivil ölkələrində olduğu kimi, bizdə də debatlar maraqlı keçir. Dövlət tərəfindən yaradılan şərait hər bir namizəd üçün bərabərdir. Amma bu, heç də bütün namizədlərin sosial dayaqlarının bərabər olması anlamına gəlmir. Yeni Azərbaycan Partiyası regionda ən böyük partiyadır, bizim 700 mindən çox üzvümüz var, namizədimiz cənab İlham Əliyevin son 15 ildə ölkədə fəaliyyəti nəticəsində görülən nəhəng işlər və nəticələr göz qabağındadır. Və bu qazanılmış sosial, iqtisadi, hərbi uğurlar təbii olaraq onu bu seçkilərin favoriti etmişdir.

– Son olaraq belə fikirlər səsləndirilir ki, seçkidən sonra ölkədə ciddi islahatlar həyata keçiriləcək. Siz özünüz 11 apreldən sonra ölkə adına müsbət mənada nə kimi dəyişikliklərin olacağını proqnozlaşdırırsınız?

– Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının son qurultayında ölkəmizin inkişafı üçün iqtisadi və siyasi islahatların sürətlənməsinin vacibliyini bəyan etdi. Azərbaycanda artıq sürətli islahatlar aparılır, uğurlu nəticələr əldə olunur və bu yol ölkəmizin inkişaf yoludur. Mən əminəm 11 aprel Prezident seçkilərində YAP-ın namizədi qalib gələcək və o, özünün də bəyan etdiyi kimi, islahatları daha da sürətləndirməklə Azərbaycanın daha da inkişafına, güclənməsinə və rifahına nail olacaqdır!
Xeberle.com
Söhbətləşdi: Kamal Almuradlı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər