Müəllimədən kişilərə qarşı AĞLASIĞMAZ ƏMƏL: polis mayoru ilə danışdı və… – Azərbaycanda ŞOK

1488

Yevlax rayon sakinləri1977-ci il təvəllüdlü Mübariz Nağıyev və 1984-cü il təvəllüdlü Aysel Nurəddinova qabaqcadan əlbir olаraq hədə qorxu ilə pul tələb etməkdə təqsirli biliniblər.

Publika.az xəbər verir ki, onlar zərərçəkmiş şəxsi haqqında rüsvayedici məlumatlar yayacaqlаrı ilə hədələyiblər.

13 may 2015-ci ildə, saat 13 radələrində Tərtər rayonu ərazisində yerləşən avtomobil bazarının yaxınlığındakı kafedə Аysel Nurəddinоvа Tərtər rayon polis şöbəsinin məsul növbətçisi vəzifəsində xidmət göstərən polis mayoru Tofiq Məmmədovla aralarında olan intim söhbəti mobil telefonunun yaddaşına köçürüb. Qadın polis işçisindən səsyazısını yaymaması müqabilində 2 min manat tələb edib.

Polislə intim söhbət

Bundan başqa, Mübariz Nаğıyev və Aysel Nurəddinova 22 may 2015-ci ildə, saat 13 radələrində Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində yerləşən “İlkin” adlanan kafeyə gəliblər. Orada Аysel Nurəddinоvа Yevlax rayon mühafizə şöbəsinin polis nəfəri vəzifəsində xidmət göstərən Şəhriyar Paşazadə ilə intim söhbətlər ediblər. Qadın Şəhriyarla olan söhbətini mobil telefonun yaddaşına yazıb. Sonra Mübariz və Aysel həmin söhbəti sosial şəbəkədə yayacağı ilə hədələyiblər və ondan 2500 manat alıblar.

Həkim niyə şantaj edildi?

Mübariz Nаğıyev Bərdə müalicə diaqnostika mərkəzində həkim işləyən Asif Muxtarov ilə tanışlıq münasibətləri qurub. Mübariz 2014-cü ilin iyun ayında həkimə zəng edərək əlində rüşvətlə bağlı videogörüntülərin olduğunu deyib. Mübariz həmin görüntüləri sosial şəbəkədə yayacağı ilə hədələyib, həmin məlumatları yaymayacağı müqabilində 500 manat alıb.

2015-ci ilin aprel ayının axırlarında Yevlax rayonu ərazisindən keçən Xaldan avtomobil yolunun kənarında yerləşən “Ağ ev” adlanan yeməkxanada Əli Müseyibov Aysel Nurəddinovaya cinsi əlaqədə olmağı təklif edib. Aysel onun bu söhbətini mobil telefonun yaddaşına yazıb.

Daha sonra Aysel Nurəddinova Əli Müseyibovla olan bu söhbətini sosial şəbəkədə yayacağı ilə hədələyib, ondan 2000 manat alıb.

Dövlət işçisinə qurulan şantaj

Həmçinin, Аysel Nurəddinоvа Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsində aparıcı mütəxəsiss işləyən Oktay Paşayev ilə tanışlıq münasibətləri qurub. O, 2015-ci ilin may ayının axırlarında telefonla zəng edib, əlində rüşvətlə bağlı videogörüntülərin olduğunu deyib, həmin görüntüləri sosial şəbəkədə yayacağı ilə hədələyib. Bu hədələrlə Oktay Paşayevdən 500 manat alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham edilib.

“2500 manat istədi”

Təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz Nağıyev bildirib ki, 2012-ci ildən “Region Xəbər” TV-nin Qarabağ-Aran zonası üzrə bölgə müxbiri işləyib: “20 may 2015-ci ildə, saat 13-də Aysel iş yerimə gələrək Şəhriyar adlı polis əməkdaşı ilə bağlı Tanrıqullar kəndində yerləşən kafedə çəkiliş etdiyini və həmin çəkilişi internetdə yaymağı məndən xahiş etdi. Amma mən xahişi yerinə yetirmədim. Şəhriyara zəng edərək Ayselin onunla bağlı çəkiliş apardığını və həmin çəkilişi internetdə yaymaq istədiyini dedim. Şəhriyarа Aysellə görüşüb məsələni həll etməsini tövsiyə etdim. Mayın 22-də Şəhriyarın atası Azad zəng edərək görüşmək istədiyini bildirdi. Həmin gün saat 14-də “Gənclik” parkında Azad, Şəhriyar və Nurəli ilə görüşdüm. Azad məndən həmin işdə köməklik etməyimi xahiş etsə də, həmin işin mənə aid olmadığını, çəkilişin Ayselin özündə olduğunu və internetdə yaymaq istədiyini dedim. Azad Ayselin onun telefonuna cavab vermədiyini bildirdi, məndən həmin işin yoluna qoyulması üçün köməklik göstərməyimi xahiş etdi. Həmin şəxslərin yanında Ayselə zəng edərək telefonu mikrofon rejiminə keçirdim. Ayselə Şəhriyarın atasının yanında olduğumu və görüşmək istədiyini bildirdim. Aysel isə telefonda cavab verərək həmin işin yoluna qoyulması üçün Şəhriyardan 2500 manat pul istədi. Amma telefon danışığından sonra Azad Ayselin fikri ilə razılaşmadı. Azadа bu işdə Ayselin atası Vidadinin köməklik edə biləcəyini dedim. Vidаdi ilə görüşərək qızı Ayselin Şəhriyarla bağlı məsələdən əl çəkməsini bildirəndə, Vidadi Aysel adlı qızının olmadığını dedi”.

“İnternetdə yaymaması üçün pul alacağını bildirdi”

Təqsirləndirilən Aysel Nurəddinova bildirib ki, 2005-ci ildən Yevlax rayonunun Qaraoğlan kənd orta məktəbində müəllimə işləmiş, eyni zamanda, rayonun H.Əliyev prospektində yerləşən Həmkarlar təşkilatının binasında marağı olan şəxslərə ingilis dilindən kurs keçib: “2014-cü ilin iyun ayında Bərdə rayonunda həkimlərə ingilis dilindən kurs keçən zaman, həyətdə əvvəllər tanımadığım Mübariz Nağıyev məni yanına çağıraraq atamın dostu olduğunu bildirdi. O, özünü müxbir kimi təqdim etdi və mobil nömrəmi aldı. Həkimlərə dərs keçən ərəfədə Mübariz zəng edərək Asif həkimin nömrəsini istədi. Daha sonra məni Bərdə rayonunda yerləşən “Çinar” restoranına nahar etməyə dəvət etdi. Həmin yerə getdim və Yevlax şəhər sakini Əli adlı şəxsin də Mübarizin yanında olduğunu gördüm. Mübariz məndən həkimlərin mobil nömrəsini soruşduqda, nömrələrlə hansı səbəbə maraqlandığını dedim. O, isə həkimlərin xəstələrdən pul almasını çəkib, internetdə yaymaması üçün pul alacağını bildirdi. Mübrizə həkimlərin nömrələrini verə bilməyəcəyimi dedim”.

“Dedi ki, video ilə bağlı min manat istəyib”

Aysel Nurəddinova qeyd edib ki, Mübariz Asif həkimlə bağlı ona videoçəkilişi göstərib: “Dedi ki, həmin video ilə bağlı həkimdən min manat istəyib, amma Аsif ona 500 manat pul verib. Mübariz məndən yenə də digər həkimlərin nömrəsini istədi. 2015-ci ilin aprel ayının sonlarında Mübariz Yevlax şəhər Xəstəxanasında mənə yaxınlaşaraq həkimlərin qanunsuz əməllərilə bağlı gizli çəkilişlər aparıb ona göndərməyimi xahiş etdi. Ona rədd cavabı verdim. Mübariz intim həyatım ilə bağlı əlində videoçəkilişlər olduğunu və həmin çəkilişi internetdə yayacağını dedi. Məcbur olub, Mübarizin təkliflərini qəbul etdim”.

“Mobil telefonuna SMS-lər göndərmişdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 18-də şəxsi həyatında yaranmış problemlə bağlı Kür çayının üzərindəki körpünün yanında oturaraq ağlayan zaman Şəhriyar ona yaxınlaşıb: “Şəhriyar nə səbəbə ağladığımı soruşdu. Onа narahat olmamağı deyib evimə gəldim. Səhəri gün iş yerinə gəldim və otaqda ağlayan zaman Mübariz yanıma gəldi. Şəhriyar mobil telefonuna SMS-lər göndərmişdi. Mübariz həmin SMS-lərin kim tərəfindən göndərildiyini soruşdu. Onlаrı göndərənin Şəhriyar adlı polis əməkdaşı olduğunu dedim. Mübariz Şəhriyarla görüşməyi və bütün hərəkətləri, о cümlədən söhbətləri telefona yazmaqla, çəkib ona verməyimi başa saldı. Buna görə də Şəhriyara zəng etdim. Mayın 21-də Şəhriyarla ona məxsus “Nissan” markalı avtomaşınla Mingəçevir şəhərinə getdik. Görüş “Dəli-Kür” kafesinə təyin olunsa da, bağlı olduğu üçün oradan Yevlax rayonunun Tanrıqullar kəndində yerləşən İsmayılın kafesinə gəldik. Kafedə olarkən Şəhriyarın otaqdakı pastelləri dəyişdirtmək istədiyini gördüm. Ona həmin yerə yatmağa deyil, söhbət etməyə gəldiyimi dedim. Bu zaman Mübarizin mənə verdiyi mobil telefonu işə salaraq Şəhriyarla aramızda olan danışıqları yazdım”.

“Atasına görə bağışladım”

Aysel Nurəddinova bildirib ki, Şəhriyar ona sevdiyini deyəndə, müəllimə kimi ona məsləhət verməyə gəldiyini deyib: “Qısa söhbətdən sonra kafeni tərk etdim və çəkilişi Mübarizə verdim. Mübariz Şəhriyarın hərəkətləri barədə lazımi orqanlara şikayət etməyi, həmçinin “Azerinfo” saytının baş redaktoru İbrahim Qubadoğluna müraciət etməyimi məndən xahiş etdi. Mübarizin təklifi ilə razılaşdım, İbrahim Qubadoğlunun adına ərizə yazıb, çəkilişin intenetdə yerləşdirilməsini xahiş etdim. Həmin gün Şəhriyarın atası Azad Paşayev çəkiliş haqqında məlumat əldə edərək evimə gəldi və oğlunun yerinə məndən üzr istədi. Şəhriyarı atasına görə bağışladım. Lakin Mübariz söhbətimizə müdaxilə edərək, Şəhriyarın günahının bağışlanası olmadığını bildirdi”.

“Aramızda sözlə mübahisə oldu”

Aysel Nurəddinova qeyd edib ki, mayın 26-da Mübarizlə aralarında sözlə mübahisə olub və mübahisə zaman Mübаrizdən onun adından istifadə etməməsini istəyib: “Həmin ərəfədə Mübariz mənə zəng edərək, Şəhriyarın atasının 1500 manat pul təklif etdiyini, ancaq həmin məsələni həll etmək üçün 2500 manat istədiyini dedi. Mübarizin fikirləri ilə razılaşmadım. Mübаriz artıq həmin çəkilişi yayımladığı üçün aramızda narazılıq yarandı. Həmin çəkilişi internetdən çıxarılmasını tələb etdim. Mübarizdə həmin çəkilişi internetdən gec çıxartdığı üçün may 26-da Mübаrizlə telefonda mübahisə etdim. Bu barədə 102 xidmətinə zəng edərək məlumat verdim”.

Aysel Nurəddinova digər epizodlar üzrə də ifadə verib. Hakimlər zərərçəkmişlərin və şahidlərin ifadəsini dinləyəndən sonra hökm elan ediblər.

Kişi və qadının cəzası

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Nağıyev 6 il 11 ay, Aysel Nurəddinova isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər hökmdən narazı qalıblar. Onlar barələrində daha yüngül cəzanın təyin edilməsi üçün apelyasiya şikayəti veriblər.

Onların şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri qismən təmin olunub. Məhkəmə Mübariz Nağıyevin həbsini 5 il 11 aya, Aysel Nurəddinovanın isə cəzasını 5 ilə endirib.

Bu qərardan narazı qalan Aysel Nurəddinova kasasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.

4 saylı müəssisədə olan qadının xahişi

Aysel Nurəddinovanın kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılmağa başlanıb.

Kasasiya şikayəti üzrə araşdırma aparılan zaman Aysel Nurəddinova vəkili vasitəsi ilə hakim kollegiyasına müraciət edib. O, müraciətində kasasiya şikayətini öz xahişi ilə geri götürməsi barədə vəsatət verib.

Hakim kollegiyası bu yaxınlarda verdiyi qərarla 4 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Aysel Nurəddinovanın vəsatətini təmin edib və onun şikayətinin araşdırma aparılması dayandırılıb və iş baxışdan çıxarılıb.

Onu da qeyd edək ki, digər təqsirləndirilən Mübariz Məmmədov tərəfindən Ali Məhkəməyə müraciət olunmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər