MÜSAVATIN SUMQAYIT TƏŞKİLATINDA FÖVQƏLADƏ TOPLANTI

760

Partiyanın üzvü olmayan şəxs də istefa verənlərin siyahısına daxil edilib?
Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının fövqəladə toplantısı keçirilib. Əsas müzakirə mövzularından biri ötən həftəsonu Sumqayıt təşkilatından istefalar olub. Təşkilatın sədri Fəxrəddin Abbaslının “Yeni Müsavat”a verdiyi məlumata görə, istefa verən Kəramət Salayevə zaman-zaman yaxın olmuş və onu dəstəkləmiş partiya üzvləri də iclasda iştirak ediblər.
Onlar da çıxış edərək K.Salayevin hərəkətini pisləyiblər: “Hamı istefa verənlərin yaydığı bəyanatdakı səbəb kimi göstərilən fikirlərin əsassız olduğunu bəyan etdi. Kəramət Salayevin başçılığı ilə kiçik qrupun ciddi səbəb olmadan atdıqları addım pislənildi. Kəramətin hazırladığı siyahıda istefa verdiyi qeyd olunan şəxslərdən biri Müsavat Partiyasının üzvü deyil. Partiyanın üzvü olmayan şəxsin adını da siyahıda 15 ad olsun deyə daxil ediblər. İclasda bəyanat qəbul edildi. Bəyanatda bildirilir ki, heç bir fəaliyyəti olmayan kiçik qrupun istefası hakimiyyətin Müsavat Partiyası ilə bağlı məkrli planına dəstək verən addımdır. Lakin bu addım Müsavat Partiyasına, Sumqayıt şəhər təşkilatının işinə, fəaliyyətinə, nüfuzuna xələl gətirməyəcək. Biz bundan sonra əvvəlkindən də daha ciddi şəkildə fəaliyyətimizi davam etdiririk və etdirəcəyik”.
İstefa verən 15 nəfərin gətirdiyi arqumentlərlə partiya rəhbərliyi də razılaşmır. Qeyd edək ki, Sumqayıt şəhər təşkilatından istefa verənlər bu addımlarını partiyanın siyasi kursu ilə razı olmadıqlarına görə atdıqlarını bildirirlər. Həmçinin Müsavatın AXCP ilə birləşmə məsələsində tutduğu mövqeyə etiraz edirlər.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bildirdi ki, baş verənlərdən bir sıra qüvvələr Müsavat Partiyasına qarşı istifadə edirlər: “Son zamanlar Müsavat Partiyasına daxil olanların sayı onu tərk edənlərin sayından qat-qat çox olub. Düşünürəm ki, hakimiyyətin müxalifəti, Müsavat Partiyasını siyasi səhnədən silməyə çalışdığı, demokratik qüvvələri parlamentdən kənarda qoyduğu bir şəraitdə partiyanı tərk edənlərin mənəvi keyfiyyəti ilə ora daxil olanların mənəvi keyfiyyəti arasındakı fərqi hamı anlayır. Hazırda Müsavat Partiyasında bir növ təmizlənmə prosesi gedir”.
Son istefalarda Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin təsirinin olması haqda deyilənləri isə sabiq Məclis sədri təkzib edib. Onun sözlərinə görə, əksinə, o, bu proseslərdən xəbər tutduğu zaman istefaların baş verməsinin qarşısını almağa çalışıb: “Mənim mövqeyim aydındır. Müsavat Partiyasından kiminsə mənə görə istefa verməsinin əleyhinə olmuşam. Bildirmişəm ki, AXCP ilə birlik tərəfdarı olan qüvvələr qurultayda mövqelərini ortaya qoyaraq birliyə səs versinlər. Mən bu addımın qarşısını almağa çalışdığım zaman artıq dostlarımız bəyanatlarını vermişdilər”.
Maraqlıdır ki, S.Əkbər əvvəl təkzib etsə də ardınca istefa verənləri dostları adlandırır və Kəramət Salayevin son parlament seçkisi zamanı onun səlahiyyətli nümayəndəsi olduğunu təsdiqləyir. Həmçinin bildirir ki, istefa verən şəxslərlə onun siyasi baxışlarının üst-üstə düşməsində qeyri-adi heç nə yoxdur.

Etibar SEYİDAĞA

Mənbə: Yeni müsavat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər