Muxtar Babayevin başlatdığı ƏNƏNƏ: Digər nazirliklər də bunu edəcək?

1372

Bir çox dövlət qurumlarında olduğu kimi nazirliklərin də ictimaiyyətlə əlaqələr, mətbuat konfranslarının keçirilməsi, mütəmadi press-reliz və məlumatların yayılması sahəsində fəallığını müşahidə edirik.

 

Xüsusilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) son vaxtlar hər həftə mətbuat konfransı təşkil edir, ölkə ərazisində ekoloji sahədə baş verən hadisələrlə bağlı açıqlamalar verirlər.

Bu, Muxtar Babayevin ekologiya v təbii sərvətlər naziri təyin olunmasından sonra başlayıb.

Bəs görəsən, ETSN nümunəsində digər nazirliklərin bu sahədə fəallığı artırmaq istiqamətində planları nələrdir?

Modern.az bu məqsədlə bəzi nazirliklərə sorğu ünvanlayıb.

 Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov əməkdaşı olduğu nazirliyin də bu sahədə yüksək fəallıq göstərdiyini diqqətə çatdırıb. Qurum sözçüsü nazirliyin hər ay ən azı iki dəfə mətbuat konfransı, brifinq təşkil etdiyini vurğulayıb:

“Bu tədbirlərdə jurnalistlərin sualları ətraflı şəkildə cavablandırılır, onlara vacib informasiyalar verilir. Artıq 5 ildir, Təhsil Nazirliyi bu ənənəni formalaşdırıb. Təbii ki, ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi istiqamətində daha çox işlərə imza atmağı düşünürük”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova nazirliyin ayrı-ayrı qurumlarının mütəmadi mətbuat konfransları təşkil etdiyini bildirib. S. Əhmədova  deyib ki, nazirliyin mətbuatla əlaqələri yüksək səviyyədədir:

“Səhiyyə Nazirliyinin bir çox qurumları ayrı-ayrılıqda konfranslar təşkil edir, jurnalistlərin suallarını cavablandırırlar. Ona görə, birbaşa nazirliyinin özünün olmasa da, onun nəzdində fəaliyyət göstərən qurumların keçirdiyi mətbuat konfransları çoxluq təşkil edir. Bütün bunları nəzərə aldıqda, əminliklə demək olar ki, Səhiyyə Nazirliyinin mətbuatla əlaqələri də yüksək səviyyədədir”.

Gənclər və İdman Nazirliyi isə daha çox press-relizlərə, məlumatların yayılmasına üstünlük verir. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova hər həftə, yaxud hər ay mətbuat konfransı keçirilmədiyini söyləyib:

“Bununla belə, hər hansı yarışlar, önəmli hadisələr olarsa, çalışırıq ki, mütləq mətbuat konfransı keçirək. Nazirliyin səlahiyyətində olan məsələlər barədə mütəmadi konfranslar təşkil olunur. Yarışlar, çempionatlar keçirildikdə mütləq şəkildə sonradan mətbuat konfransı baş tutur. Hər həftə nazirlikdə yarışdan gələn, medal qazanan idmançıların jurnalistlərlə görüşü, onların suallarını cavablandırması təşkil edilir. Xatırlatmaq istərdim ki, noyabr ayında “Gənclər Forumu” keçiriləcək. Hazırda mərhələli şəkildə həmin forma hazırlıq prosesi aparılır, mütəmadi məlumatlar yayılır. Həqiqətən, çalışırıq ki, bu sahəni bütünlüklə əhatə edək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı mütəmadi mətbuat konfransları keçirdiklərini vurğulayıb:

“Ölkədə həyata keçirilən sosial siyasət islahatlarının miqyasının artması ilə bağlı olaraq, bizim işlərimiz də intensivləşib. Ölkə başçısı, cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, sosial sahədə həyata keçirilən tədbirlərin əsasında vətəndaşların sosial rifahının güclənməsi dayanır. Bu isə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinin əsasını təşkil etdiyindən, sözügedən sahədə baş verən dəyişikliklər barədə mətbuata mütəmadi məlumatlar veririk. Fürsətdən istifadə edib, mətbuat nümayəndələrinə öz təşəkkürümü bildirirəm ki, həyata keçirilən islahatları operativ, doğru-düzgün işıqlandırırlar. İctimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyətimizi daha da gücləndirəcəyik”.

Fövqəladə Hallar Nazirliyinin isə mətbuat xidmətinin rəhbəri postu bir müddətdir, boş olduğuna görə, sorğumuza ətraflı cavab ala bilmədik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər