Necə oldu ki, London metrosunda ingilis nənə Azər Qəribin partlayış törədəcəyindən qorxub yerə yıxıldı?

1002

“Qərib cinlər diyarında” – yəqin bu filmə çoxlarınız baxmısınız. Yox, bu filmdən danışmayacağıq. Amma Qəribdən danışacağıq – Azər Qəribdən. Teleməkanımızın ən maraqlı səyahət verilişinin müəllifi Azər Qəribov qonağımızdır. Onunla hər şeydən – səyahətlərindən, layihələrindən, başına gələn maraqlı hadisələrdən, zövqündən, yemək-içməkdən, hətta gözəl qızlardan da danışmışıq. Buyurun, Azər Qəriblə söhbətimizi sizə təqdim edirik.

– Azər Qərib – nə deməkdir bu? Maraqlıdır, siz özünüzü harda qərib, harda ev sahibi hiss edirsiz?

– Hələ məktəbdə məni Qərib deyərək çağırırdılar. Sonra ANS kanalında verilişin layihəsini müzakirə edəndə Mir Şahin təklif etdi ki, adını Qərib Azər qoyaq. Mən bəyəndim, çünki həm soy adımızdır, həm də məntiqcə səyahət verilişinə uyğundur. Sonra isə verilişin adını “Oralar” qoydum.

O ki qaldı qəribçiliyə, Bakı və Qəbələdən başqa hər yerdə qəribəm.

– Sonra deyərkən, yəni nə vaxt? Ümumiyyətlə, maraqlıdır, siz jurnalistikaya necə gəldiniz?

– Mən jurnalistikaya 1973-cü ildə gəldim. Pionerskaya “Pravda” qəzetində mənim qısa məqaləm çıxmışdı. O vaxt 12 yaşım vardı.

– Sizin üçün dünyanın ən uzaq və ən yaxın ölkələri hansılardır?

– Ən uzaq ölkə mənim üçün odur ki, özümü orda pis hiss edirəm, lakin hələ ki, beləsinə rast gəlməmişəm. Ən yaxın isə İtaliya və İngiltərədir.

– İlk yazınız da təsadüfən ezamiyyət, səfər barədə deyildi?

– İlk məqalə 134 nömrəli məktəbin məzunu haqda idi.

– Planınızda Ermənistan səfəri varmı? Görəsən, orda özünüzü necə hiss edərsiniz? Lap məsələn, yolunuz Şuşadan, Laçından düşsə…

– Gəlin belə sualları verməyək. Reytinqə görə provokasiyaya dəyməz…

– Mənə elə gəlir ki, siz kosmopolit deyilsiniz, deyilmi?

– Mən kosmopolit deyiləm, amma milliyətçi də deyiləm. Hərçənd ki, ölkəmi sevirəm.

Biz qardaşımla birlikdə öz vəsaitmiz hesabına Azərbaycan haqqında film çəkmişik, adı “About Azerbaijan”dır.

– Hazırda hansı layihələr üzərində işləyirsiniz?

– Hal-hazırda bir neçə layihə həyata keçirirəm. “Oralar” verilişi”, “5 o,clock c Azerom Qaribom” verilişi və “Oralar na russkom” verilişi. Həm də AzRu TV layihəsinin həmtəsisçisiyəm.

– “Oralar” verilişi hər kəsə tanışdır. İstərdim bir qədər də adlarını çəkdiyimiz digər layihələrin məğzinin nədən ibarət olması barədə danışasız.

– “5 oclock” verilişi Azərbaycanda ilk rusdilli internet verilişdir, müsahibə janrında hazırlanır. İndiyədək qonaqlarım Mixail Qusman, Fərhad Bədəldəyli, mərhum Anar Məmmədxanov, Hafiz Paşayev, Araz Əzimov və digərləri olublar.

O ki qaldı AzRu TV, o, yenə də ölkədə ilk və yeganə rusdilli internet TV-dir.

– Sizcə, əcnəbilər bizdən başlıca olaraq hansı xarakterlərinə görə fərqlənirlər?

– Avropalı bizdən qanunlara hörməti ilə fərqlənir, ərəblər bizim kimi hay-küylüdür. Hər  millətin öz xüsusiyyətləri var, yəni, eyni deyillər, əcnəbilərin hamısını bir etmək olmaz.

– Siz çəkilişlərinizdə bütün gözəlliklərlə yanaşı, olduqca gözəl xanımları da tamaşaçılarınıza göstərirsiz. Sizcə, dünyanın ən gözəl qadınları dünyanın harasındadır?

– Banal səslənsə də, bizim qadınlar özlərinə diqqətlə yanaşırlar, xarici görünüş, libaslar, kosmetikaya xüsusi önəm verirlər. Avropada gənclər belə deyillər. Yalnız orta yaşdan sonra qadınlar özlərinə baxırlar. Ukrayna və İtaliya qadınları – hə, bax, onlar da cazibədar olurlar.

– Təamlar baxımından necə, siz şərq, yoxsa qərb yeməklərini bəyənirsiniz?

– Bəyəm qərbdə yemək var? Əlbəttə şərq.

– Amma deyəsən, gəzmək üçün Avropanı daha çox bəyənirsiniz, yoxsa yanılıram?

– Sadəcə yaxındır, amma əslində, Asiyanı daha çox sevirəm.

– Hansı məziyyətlərinə görə?

– Ekzotika, təbiət, möhtəşəm otellər, otellərdə lyüks servis, ucuzluq, insanların səmimiyyəti və s. üstünlüklərinə görə.

– Bildiyiniz kimi, bu il ölkəmizdə turizm ilidir. Necə düşünürsünüz, bizim ölkənin bu istiqamətdə perspektivləri nə qədərdir? Və bir də sualımın davamı olaraq ölkəmizin hansı regionlarını, hansı yerlərini gəzməyi daha çox sevirsiniz? Əminəm ki, mütləq Qəbələnin adını çəkəcəksiniz… Bəs daha haralar?

– Qəbələdən başqa, açığı, digər yerlərə nadir hallarda gedirəm. O ki, qaldı turizm məsələsinə… Hesab edirəm ki, bizdə üç vacib məsələ həll olunmalıdır: servis, kadrlar və qiymət siyasəti. Əslində, servis elə kadrdan əmələ gəlir. Kadrlar olsa, servis də düzələr. Turizm sahəsi bir neçə illik vergilərdən azad olunsa, oraya yatırım artar, beləliklə də qiymətlər aşağı düşər. Ümumilikdə isə bu sahədə perspektivlərə inanıram.

– Səfərləriniz zamanı başınıza gələn hadisələrdən hansını daha çox xatırlayırsınız?

– Bir dəfə Londonda metro ilə gedirik, mənim üstümdə iki çanta var, kamera çantası bir tərəfdən, ştatif çantası digər tərəfdən. Üzüm saqqallı, sifətim arabskiy, yanımdakı ilə söhbət edirik, iki sözdən də biri, həmişəki kimi, Allah qoysa, inşallah, Allah kərimdir və s.

O vaxt Amerikada terror yenicə baş vermişdi, mediada islam terroru adlı mif yayılırdı.

Metroda bizimlə üzbəüz bir ingilis nənə oturmuşdu.

Mənim də adətimdir, yerimdən qalxanda, deyirəm Ya Allah!

Dayanacağa yaxınlaşanda, Ya Allah deyib çantaları düzəldib, qalxdım. Elə həmin andaca arvad əlləri ilə başını tutub yerə yıxıldı…

Söhbətləşdi: Vüsal Məmmədov, “168saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər