Neftçilər günü şəhərimizdə də qeyd olundu

726

Bugünlərdə ARDNŞ-in bütün idarə və müəssisələrində olduğu kimi, «Azərikimya» İstehsalat Birliyində də Neftçilər günü silsilə tədbirlərlə qeyd olunur. Həmin tədbirlərin yekunu olaraq «Kimyaçı» Mədəniyyət sarayında kimyaçıların təntənəli yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin Sumqayıtın mərkəzi hissəsində əzəmətlə ucalan heykəlini ehtiramla ziyarət etmiş, abidə önünə təzə-tər çiçək dəstələri düzmüşlər.
Sonra «Kimyaçı» Mədəniyyət sarayına gələn tədbir iştirakçıları buradakı foyedə Azərbaycan neft-qaz və kimya sənayesində qazanılmış texniki nailiyyətləri, əməkçilərin istehsalat fəaliyyətini, onların ilbəil yaxşılaşmaqda olan sosial-mədəni həyatını bütün genişliyi və dolğunluğu ilə əks etdirən foto-sərgi ilə tanış olmuşlar.
Mədəniyyət sarayının 1000 nəfərlik böyük zalında keçirilən bayram tədbirinin rəsmi hissəsində çıxış edən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev ikinci ildir ki, boyük neftçilər ailəsi ilə birgə peşə bayramını qeyd edən kimyaçıları bu əlamətdar gün münasibətilə təbrik etmiş, son il yarım ərzində Birliyin müəssisələrində qazanılmış uğurlara görə onlara minnətdarlıq ifadə edərək, yeni əmək qələbələri arzulamışdır.
Neftçilər gününün bütün Azərbaycan neftçiləri və kimyaçıları üçün sadəcə peşə bayramı yox, ilk növbədə nailiyyətlər bayramı olduğundan, buna görə də onun zəngin neft ehtiyatlarına malik bir dövlət, neft ölkəsi kimi bütünlükdə xalqımız üçün mühüm əhəmiyyət kəsb etməsi önə çəkilmiş və qeyd edilmişdir ki, bu şanlı tarix öz başlanğıcını Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalandığı gündən götürmüşdür – XX əsrin ən iri və mühüm beynəlxaq kontraktı olan bu müqavilənin ölkəmiz üçün müstəsna əhəmiyyətini nəzərə alan dahi rəhbər 2001-ci ildə 20 sentyabrın Azərbaycan neftçilərinin peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Və Azərbaycan neftçiləri artıq 10 ildir ki, Ümummilli liderimizin onların əməyinə verdiyi yüksək qiymətin təcəssümü olan bu günü böyük təntənə ilə bayram edirlər.
Tədbirdə ARDNŞ prezidentinin əmri üzrə “Neftçilər günü” münasibətilə Azərbaycan Respublikasının neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunmuş «Azərikimya» İstehsalat Birliyinin bir qrup işçisinə Fəxri fərmanlar, Birlik müəssisələrində uzun illər çalışmış bir qrup əmək qabaqcılına isə «Əmək veteranı» vəsiqəsi və qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirin «Kimyaçı» Mədəniyyət sarayının geniş meydançasında, açıq səma altında keçirilən bədii hissəsində ARDNŞ-in Mədəniyyət saraylarının bədii özfəaliyyət kollektivləri və rəqs qrupları kimyaçılar qarşısında rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər