“Neftçi”nin Kazanda qazanmaq şansları

885

Nədənsə, Bakının “Neftçi” komandasının Avropa Liqasının üçüncü turunda Rusiya təmsilçisi “Rubin”lə qarşılaşması ərəfəsində ajiotaj və həyacan əvvəlkilərlə müqayisədə çox azdır. Digər oyunlar zamanı hələ xeyli öncədən həm mətbuatın, həm də azarkeşlərin diqqəti komandamıza yönəlirdisə, indi vəziyyət bir qədər fərqlidir. Bəlkə də bunu flaqmanın Avroliqadakı son oyunda “ev”də İtalya “İnter”inə məğlubiyyətlə (1:3) və qrupdan çıxmaq şanslarının azalması ilə əlaqələndirmək  olar. Amma istənilən halda, reallıq budur ki, yerli futbol ictimaiyyətini bugünkü matça hazırlaya bilmək üçün yeni konsepsiya ortaya qoya bilməmişik. Ancaq bütün bunlar “Rubin”lə oyunöncəsi heç də “ağ-qaralar”ın son durumundan xəbərsiz olduğumuz anlamına gəlməməlidir. Həmişə olduğu kimi, həm “xalq komandası”nın, həm də rəqibin düşərgəsində baş verənləri öyrənməyə xeyli öncədən başlamışdıq və topladıqlarımızı sizinlə bölüşməyin vaxtı çatıb.

 

Əvvəlcə rəqibimizi tanıyaq

 

Tatarıstan paytaxtı Kazanı təmsil edən komanda 1936-cı ildə Qorbunov adına zavodun bazasında yaradılsa da, sonradan fəaliyyətini dayandırıb və 1958-ci ildə bərpa olunub. Komanda yalnız son illərdə Rusiyanın iddialı kollektivlərindən olmağı bacarıb. “Rubin” tarixi ərzində  2 dəfə (2008, 2009) Rusiya çempionatının qızıl, 2 dəfə bürünc (2003, 2010) medalını qazanıb. Ölkə kubokunun son qalibi olan kazanlılar 2008/2009 mövsümündə finalda büdrəyib. Onlar, həmçinin Rusiya Superkubokunun 3 dəfə həlledici oyununda iştirak hüququ qazansalar da, yalnız bunun 2-də (2010, 2012) qalib gəliblər. 2010-cu ildə “Birlik Kuboku”nun da “qızıl”ını medal kolleksiyasına əlavə edən “Rubin” 2005 və 2006-cı illərdə “Manqa kuboku”, 2012-ci ildə “Marbella kuboku”na yiyələnib.

“Rubin” avrokuboklarda cari mövsümədək 6 mövsüm keçirib. Kazan klubu keçirdiyi 40 oyundan 13-də qələbə qazanıb, 13-də heç-heçə edib və 14-də məğlub olub.

Komanda ilk dəfə avrokubokların qrup mərhələsinə 2009-2010 mövsümündə qatılıb. Çempionlar Liqasının qrupuna düşən Kazan klubu “Barselona”nı məğlub etməklə sensassiyaya imza atmışdı. Yeri gəlmişkən bildirək ki, komandanın Avrokuboklardakı ən uğurlu mövsümü məhz həmin “futbol ili”nə təsadüf etmiş və Çempionlar Liqasının qrup mərhələsini 3-cü sırada tamamlayan kazanlılar mübarizəni Avropa Liqasında davam etdirmiş və bu turnirin 1/8 final mərhələsinə  kimi irəliləmişdi.

Xatırladaq ki, komandanı 2001-ci ildən türkmənstanlı Kurban Berdiyev çalışdırır. Maraqlıdır ki, sözügedən mütəxəssis həm də klubun vitse-prezident postunu tutur. Onu da qeyd edək ki,  “Rubin” “ev” oyunlarını Kazandakı 26 min 920 nəfərlik Mərkəzi stadionunda keçirir.

 

Keçmişə ekskurs

 

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin “Rubin” – “Neftçi” oyunu öncəsi statistik yazı hazırlayıb. Yazıda bu iki komandanın indiyədək qitə miqyaslı yarışlarda üz-üzə gəlmədiyi qeyd edilib. “Bu, avrokuboklarda Kazan təmsilçisinin “Neftçi” ilə ilk oyunu olacaq” – deyə yazıda vurğulanır.

 

Həmçinin xatırladılır ki, “Neftçi” UEFA turnirində bir dəfə Rusiya klubu ilə üz-üzə gəlib. 2004/05 mövsümündə “Neftçi” Moskva SSKA-sı ilə qarşılaşıb. Azərbaycandakı görüş 0:0 hesabı ilə yekunlaşıb, Rusiyadakı matçda isə “hərbçilər” 2:0 hesabı ilə qalib gəliblər.

SSRİ dönəmində isə “Rubin”lə “Neftçi” bir neçə dəfə üz-üzə gəliblər. 1975 və 1976-cı illərdə hər iki komanda ümummittifaq çempionatının birinci dəstəsində dörd dəfə qarşılaşıblar. “Neftçi” üç oyunda qalib gəlib, bir görüş isə heç-heçə yekunlaşıb.:

5:2, 13 iyun, 1975, Bakı

4:2, 8 sentyabr, 1976, Bakı

1:1, 5 may, 1975, Kazan

2:1, 24 may, 1976, Kazan

 

Əhval-ruhiyyə amili və məşqçi qayğıları

 

Avropa Liqasının ikinci turunda “ev”də “İnter”ə yenilən və bununla da, Avropa kuboklarında 13 illik məğlubiyyətsiz oyunlar seriyasına son qoyulan komandamızda həmin matçın doğurduğu bədbinliyin olduğu şübhəsizdir. Flaqman üçün sevindirici məqam isə daxili birincilikdə işlərin nisbətən qaydasına düşməsi və “ağ-qaralar”ın Premyer-Liqada potensial liderə çevrilməsidir.

Təmsilçimizdən fərqli olaraq, Kurban Berdiyevin “drujinası”nın Avropa Liqasında işləri yolunda getsə də, eyni sözləri Rusiya çempionatına aid edə bilmərik. Belə ki, hazırda turnir cədvəlində 8-ci pillədə olan Kazan təmsilçisi cari mövsümün 12 turu ərzində artıq dördü ardıcıl olmaqla 6 yenilgi alıb ki, bu da komandanın iddiasına uyğun qrafik cızması deməkdir.

Əhval-ruhiyyə məsələsi ilə yanaşı, komandaların heyətində də olan müəyyən problemlər məşqçilər korpusunu narahat edir. Komandamızda əsas oyunçularından sayılan Bahodir Nəsimov zədə, Cavid İmamverdiyevin isə cərrahiyyə əməliyyatı keçirməsi səbəbindən qarşılaşmanı buraxacaq olması komandamız üçün narahatlıq mənbəyidir. Komandanın əsas qolkiperi Sergey Rıjikov xidmətindən yararlana bilməyəcək “Rubin”də  bir sıra futbolçularla bağlı məsələ isə açıq qalır. Belə ki, Rusiya çempionatının son turunda “MOİK”lə qarşılaşan rəqibimizin təcrübəli müdafiəçiləri – italiyalı Salvatore Bokketti ilə Aleksandr Ryazantsevin adı heç 18 nəfərlik iştirak ərizəsində olmayıb. Bundan əlavə Gökhan Törə və Karlos Eduardonun da yüngül zədələri var.  “Rubin”in zədələri haqda məlumat verilməsə də, bu futbolçuların bu gün  meydana çıxması sual altındadır. Kazanlıların heyətlə bağlı ciddi probleminin olduğunu Moskvadakı oyunun protokolunu doldura bilməməyi, ehtiyatda cəmi 6 futbolçunun yer almağı  və Gökdəniz Qaradanəizin cinah yarımmüdafiəçisi olduğu halda, “Neftçi” ilə oyun öncəsi mərkəz hücumçusu kimi çıxış etməsi də göstərir.

 

Kim kimə qarşı?

 

Sözsüz ki, bugünkü matça komandaların hansı heyətlə çıxacağı da maraq doğurur. Deməli, həm ilk “onbirliy”in əhatə dairəsi haqda, həm də meydanda ehtimal olunan qarşılaşmalar haqda fakir yürütməyə dəyər.

 

Saşa Stamenkoviç – Gedrius Arlauskis

Kamandamızın əsas qapıçısı Stamenkoviç olduğu halda, Arlauskisin məcburiyyətdən “Rubin”in “bir nömrə”si olması maraqlı məqamdır. Təbii ki,    Sergey Rıjikov yoxluğunda “çərçivə qoruyucusu” olacağı gözlənilən litvalı qapıçının özünü sübut etmək istəyində olacağı şübhəsizdir.

 

Mahir Şükürov – Gökdəniz Qaradəniz

Hər iki oyunçu əzimkar və çevik futbolçu olduğundan onların “duel”i azarkeşlərin daha çox marağına səbəb ola bilər. “Rubin”in son çempionat matçında hücumçu kimi çıxış edən türkiyəli yarımmüdafiəçi sağ cinahda da oynamaq qabiliyyətinə malik olduğundan tez-tez sol cinah oyunçusu kimliyindən qurtulub əks tərəfdə də yer ala bilər ki, bu da cinah müdafiəçilərimizə problem yarada bilər.

 

Elvin Yunuszadə – Roman Yeryomenko

“Rubin”in meydana 4-5-1 taktiki düzülüşü ilə çıxacağı ehtimal olunduğundan nominal hücumçunun arxasında Yeryomenkonun forma geməsi gözlənilir. “Rubin”in hücumlarının təşkilində əsas simalardan olan Yeryomenkonun topa çox sahib olmasını əngəlləmək kazanlıların oyun planını pozacaq. Deməli, “Neftçi”nin vitse-kapitanı Elvin Yunuszadə finlandiyalı yarımmüdafiəçinin xətləraarası əlaqəsini neytrallaşdırmağa çalışmalıdır. Amma Yunuszadənin əvəzinə Tərlan Quliyevin forma geyməsi də sürpriz kimi qiymətləndirilməməlidir. Hər halda, gənc müdafiəçinin oyunöncəsi mətbuat konfransında iştirak etməsi belə düşünməyə əsas verir. Amma Quliyevin yetərli oyun praktikasının olmaması Yeryomenko üçün əlavə üstünlük ola bilər.

 

İqor Mitreski – Salomon Rondon

Meydana bir forvardla çıxması gözlənilən rəqibin qol ümidinin “Malaqa”dan transfer edilən braziliyalı Salomon Rondon olması daha inandırıcıdır. Hazırda digər hücumçular- son çempionat matçında ehtiyatda qalan Sergey Davıdov və “MOİK”lə matçda adı ümumiyyətlə iştirak ərizəsinə salınmayan Vladimir Dyadyundan daha yaxşı formada olan “sambaçı” Mitreski üçün problem yarada bilər. Nisbətən ləngliyi ilə seçilən müdafiəçimizin mövqe seçimini düzgün etməməsi bizə baha başa gələ bilər. Bundan başqa, makedoniyalı müdafiəçi uca boylu Rondonla hava mübarizəsində də diqqətli olmalıdır.

 

Bruno Bertuççi – Aleksandr Ryazantsev

Hər iki oyunçu məxsus olduğu komandanın əsas simalarından sayılır. “Neftçi”yə gəldiyi gündən sərgilədiyi oyunla hamının rəğbətini qazanan Bertuççinin sürəti hesabına  Ryazantsevi çətin vəziyyətə salması, ən əsası da rəqibin qapısı qarşısında təhlükə yaratması mümkündür. Amma zaman-zaman müdafiəçi kimi də çıxış edən Ryazantsevin Bertuçinin keçidləri qarşısında digər oyunçulara nisbətən daha yaxşı duruş gətirməsi də mümkündür. Digər tərəfdən, “ağ-qaralar”ın braziliyalı müdafiəçisinin hücuma qoşulduğu anlarda mövqeyində yaranan boşluğu doldurmaq mütləqdir.

 

Erik Ramos – Bibras Natxo

Əslində, hər iki oyunçu dayaq yarımmüdafiəçisi kimi çıxış etdiyindən onların daha çox “qara iş”lə məşğul olacağını proqnozlaşdırmaq olar. Amma xüsusən Bibras Natxonun cari mövsümdə sərgilədiyi oyun bu düşüncənin yanlış olduğunu göstərir. Müdafiəyə meyilli oyun üslubu ilə seçilsə də, İsrail millisinin üzvünün hazırda 6 qolla  “Rubin”in ən sərrast futbolçusu olması diqqətçəkən məqamdır. Xüsusən Natxonun uzaq zərbələrinə, müdafiəni yarıcı ötürmələrinə diqqət yetirmək lazımdır. Bundan başqa, gözlənilməz anlarda hücuma qoşulan Natxonun nəzarətdən yayınmasına imkan vermək olmaz.

 

Rəşad Sadiqov –   Pablo Orbais

İki oyunçunu müqayisə etsək, ispaniyalı yarımmüdafiəçinin daha təcrübəli olduğunu görərik. Amma bu, flaqmanın kapitanının Orbaisdən geri qalacağını düşünməyə əsas vermir. Həm dağıdıcı, həm də yaradıcı oyun üslubunda oynamağı bacaran Sadiqov nisbətən yaşlı olan Pablo Orbaisi üstələməyə borcludur.

 

Flavinyo – Oleq Kuzmin

“Neftçi”nin əsas simalarından sayılan Flavinyonun oyunundan çox şey asılıdır. Komandamız hücumları əsasən cinahlardan təşkil etdiyindən braziliyalının oyunu “oxuma” və  assentlik bacarığından çox şey asılı olacaq. Hər iki cinahda oynaya bilən 29 yaşlı yarımmüdfiəçinin matçın gedişində Vobayla yerdəyişmələri Kuzmin üçün problem yarada bilər. Nəzərə alsaq ki, Flavinyo yerli futbola tez uyğunlaşdı və onun xüsusən çətin duellər zamanı səhnəyə çıxmaq bacarığı var, deməli, o, “Rubin” qarşısında da, böyük perspektiv vəd edir. Digər tərəfdən, rəqibin müdafiədə yer alan oyunçuların, xüsusən mərkəz müdafiəçilərinin ləng olması flaqmanın cinah oyunçularının mərkəzə meyillənməsini şərtləndirməlidir. Yəni sürətli futbolçular hesabına müdafiəni mərkəzdən yarmaq daha asan olar.

 

Julius Vobay – İvan Markano

“Rubin”in müdafiə xəttinin sol cinahında İvan Markanonun yer alacağı gözlənilir. Rusiya Premyer-Liqasının 9 matçında forma geyən ispaniyalının əsas mövqeyi stopper olsa da, hazırda Berdiyev ona məhz bu mövqeydə şans verir. Amma bununla belə, Markanonu “Neftçi” ilə görüşdə Kristian Ansaldinin də əvəzləməsi sürpriz kimi qiymətləndirilməməlidir. Meydandakı mübarizəyə gəlincə, flaqmanın oyun üslubu Sierra-Leoneli futbolçunun sürətli cinah keçidlərinə bel bağlayacağımızı göstərir. Digər tərəfdən, Vobayın cərimə zərbələri də rəqib qapıçısı üçün başağrısı ola bilər. Vobay özünü avrokuboklarda yaxşı tərəfdən göstərdiyindən onun xüsusi nəzarətdə olacağını proqnozlaşdırmaq olar. Belədə, onun oyunun gedişində sağ cinah oyunçusu kimliyindən qurtulub sərbəst füqura çevrilməsi daha çox effekt verə bilər.

 

Mirhüseyn Seyidov – Salvatore Bokketti

“Neftçi”nin heyətində pleymeyker funksiyasını Mirhüseyn Seyidov yerinə yetirəcək. Avroliqadakı “İnter” matçında oyun qurucusu kimi oynayan Kamil Nurəhmədovun zəif çıxış etməsi  Cavid İmamverdiyevin yoxluğunda pleymeyker kimi məhz Seyidova güvənilməsini şərtləndirir. Deməli, Seyidov həm forvardı topla təmin etməli. həm də rəqib hücumları zamanı dayaq yarımmüdafiəçilərinə dəstək olmalıdır. Düzü, “Rubin”in daxili birincilikdəki son matçında adı oyunun iştirak ərizəsində olmayan italiyalı müdafiəçi Salvatore Bokkettinin  meydana çıxması sual altındadır. Belə olsa, onu  Roman Şaronov əvəzləyəcəyi ehtimal olunur.

 

Nikolas Kanales – Sesar Navas

İspaniyalı müdafiəçi Sesar Navas isə Rusiyanın Nizam-İntizam Komitəsi tərəfindən 7 oyunluq cəzalandırılsa da, bu, Avroliqaya şamil olunmadığından, “Neftçi” ilə matçda meydana çıxa biləcək. Onun fərdi mübarizə aparacağı hücumçu isə flaqmanın çilili santraforu Nikolas Kanales olacaq. Əslində, Böyükağa Hacıyevin Kanalesə güvənməsini şərtləndirən əsas amil Bahodir Nasimovun zədəli olmasıdır. Düzdür, fərdi oyuna meyl etməməsi, mövqe seçimi və hava toplarında yaxşı oyunu ilə seçilən cənubi amerikalı forvardın da üstünlükləri yetərincədir, amma o da var ki, Kanalesə irəlidə Nasimovdan daha çox kömək lazımdır. Yəni ən azı sözügedənforvard meydandadısa, mərkəz yarımmüdafiəçisi “qara iş”lə kifayətlənməməlidir. Deməli, üç dağıdıcı mərkəz oyunçusu strategiyasıyla Kanalesə güvənmək ideyası üstüstə düşmür. Başqa sözlə, Mirhüseyn Seyidov hücumların qurulmasında daha çox iştirak etməlidir. Digər tərəfdən, rəqibin mərkəz müdafiəçiləri ucaboy olsalar da, ləng təsir bağışlayırlar. Belədə Kanalesin əvəzinə Nasimovun meydanda olması daha effektli ola bilərdi. Amma özbək hücumçu meydanda olmayacağından çilili forvarda güvənməkdən başqa variant yoxdur.

 

Reaksiyalar

 

Kurban Berdiyev (“Rubin”in baş məşqçisi): “Əmin deyiləm ki, sabah birmənalı biz qalib gələcəyik. “Neftçi” güclü komandadır və yaxşı futbol oynaya bilir. Biz də qələbə qazanmağa çalışacağıq. Təbii ki, biz ilk növbədə öz adımız yox, Rusiyaya görə oynayırıq”.

 

Böyükağa Hacıyev (“Neftçi”nin baş məşqçisi): “Neftçi” müdafiə futbolu oynamayacaq. Siz görmüsünüz ki, mən müdafiə futbolu oynayım? Mən “İnter”ə qarşı müdafiədən oynamadım. Konkret desək ki, mən qorxaq kişiləri xoşlamıram. Kişi qorxaq olmamalıdı. O, qadından bununla fərqlənir”.

 

Nikolas Kanales (“Neftçi”nin hücumçusu): “Məncə,“Rubin”ə qarşı nəsə edə bilərəm. Fikrimcə, fərqlənməyim mümkündür”

 

Alan Kasayev (“Rubin”in yarımmüdafiəçisi): “ “Rəqibimiz komanda oyunu ilə seçilir. Kimisə fərqləndirmək istəməzdim. Rəqibimizə yuxarıdan aşağı baxmağımız mümkün deyil”.

 

Mahir Şükürov (“Neftçi”nin müdafiəçisi): “Məncə, “Rubin”lə səfər oyunundan xalla qayıtsaq, yaxşı şansımız olacaq. Çünki sonradan ardıcıl 2 ev oyununa çıxacağıq. Bu mənada Kazanda heç-heçə etsək, Bakıda “Rubin” və “Partizan”a qalib gəlib xal ehtiyatımızı xeyli artıra biləcəyik.”

 

Qarşılaşmanı kim idarə edəcək? 

 

Bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçı Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Ken Hansen olacaq. Ona yan xətt hakimləri Lars Rix və David Vang Andersen kömək edəcəklər.

Qapıların arxasında dayanan hakimlər isə Yakob Kehlet və Mads-Kristoffer Kristoffersen olacaq. 4-cü hakim vəzifəsini Henrik Kristensen yerinə yetirəcək.

 

Tural Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər