NİKAH MÜQAVİLƏSİ NƏ DEMƏKDİR?… BİZ NİYƏ NİKAH MÜQAVİLƏSİ BAĞLAMIRIQ?!

1384

İctimai Maraqlar və Vətəndaş Təşəbbüsü Birliyi (İMVT)  və www.sumqayitxeber.com saytı təqdim edir:

Anar Elmanoğlu:  “Hər şeyi milli mentalitetlə bağlamaq düzgün deyil, necə olur ki, milli mentalitet nikah müqaviləsi bağlamağa mane olur, amma sonradan adi bir qızıl əşyasına görə aylarla məhkəmədə üz-üzə gəlməyə “afərin” deyir. Bu hüquq düşüncəsinin problemidir.”

İctimai Maraqlar və Vətəndaş Təşəbbüsü (İMVT) Birliyi ilə www.sumqayitxeber.com saytının birgə layihəsi olan  Hüquq Müstəvisi rubrikasının “Virtual Hüquq Məsləhətxanası”nda ilk söhbətimizi nikah müqaviləsinə həsr etməyimiz təsadüfi deyil. 10 ilə yaxın bir müddət ərzində ailə qanunvericiliyimizdə nikah müqaviləsi institutunun nəzərdə tutulmasına baxmayaraq, hələ də nikah müqavilələrinin bağlanmasına nadir hallarda rast gəlinir. Halbuki, əksər dünya ölkələrində yeni ailə quranlar nikah müqaviləsi bağlamaqla, ailə həyatlarının əsas məqamlarını, əsasən də əmlak məsələlərini nizama salmağa üstünlük verirlər. Azərbaycanda isə, nikah müqaviləsinin bağlanmasına demək olar ki, çox az təsadüf edilir. Şəxsən mən Sumqayıtda elə bir ər-arvad tanımıram ki, onlar öz aralarında nikah müqaviləsi bağlamış olsunlar. Elə həmsöhbətim hüquqşünas Anar Elmanoğlu da, indiyədək iştirak etdiyi məhkəmə proseslərində cəmi bir dəfə nikah müqaviləsi bağlamış ər-arvad arasında boşanma prosesinin şahidi olub. Həmsöhbətim deyir ki, həmin işdə arvadın hüquqlarını müdafiə edirmiş, aralarında nikah müqaviləsi olduğuna görə, arvad öz əmlakının yarısını boşandıqdan sonra keçmiş ərinə vermək vəzifəsindən azad edilib. Ən maraqlısı da odur ki, həmin işdə ər Avropa ölkələrindən birinin vətəndaşı, arvad isə azərbaycanlı olub, onlar nikah müqaviləsini məhz ərin tələbi ilə bağlayıblarmış.

Anar bəy, xahiş edirəm əvvəlcə oxucularımıza nikah müqaviləsi barədə məlumat verəsiniz. Nikah müqaviləsi nə deməkdir? Bu müqaviləni nə necə bağlanılır?

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan sazişdir. Bu müqavilə istər nikaha daxil olanadək, istərsə də nikaha daxil olandan sonra, nikah dövründə bağlana bilər. Nikah müqaviləsi yazılı formada bağlanmalı və notariat qaydasında təsdiq olunmalıdır.

 Bəs, nikah müqavilənin məzmununda nə göstərilir, onun şərtlərini kim müəyyən edir?

 Ər-arvad nikah müqaviləsi bağlamaqla nikah dövründə və (və ya) nikahları pozulduqda özlərinin əmlak hüquqlarını və vəzifələrini müəyyən edə bilərlər. Müqavilənin şərtlərini onu ər-arvad özləri müəyyən etməlidir. Onlar öz razılaşmalarına uyğun istənilən şərti müqaviləyə daxil edə bilərlər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

 Azərbaycanda nikah müqavilələri bağlanırmı?

Bilirsiniz, bu daha çox sosioloji araşdırmanın mövzudur.  Amma onu deyə bilərəm ki, indiyədək cəmi bir dəfə nikah müqaviləsinin bağlanması halına rast gəlmişəm. Həmin işdə ər əcnəbi idi və nikah müqaviləsi məhz onun tələbi ilə bağlanmışdı.

 Sizcə nikah daxil olan şəxslər nə üçün nikah müqaviləsi bağlamırlar, burada milli mentalitet amilinin rolu varmı, olmazmı ki, qanunla nikah müqaviləsinin bağlanması məcburi sayılsın?

Sizin sualınıza sonuncu hissəsindən başlayaraq cavab vermək istərdim. Müqavilə bağlanması azaddır. Hesab edirəm ki, kimisə nikah müqaviləsi bağlamağa məcbur etmək onun hüquqlarını pozmaq olardı. Amma fikrimcə, qanunvericikdə müəyyən həvəsləndirmə tədbirləri tətbiq etməklə nikah müqavilələrinin bağlanmasına stimul verilə bilər. Milli mentalitet məsələsinə gəldikdə isə, hər şeyi milli mentalitetlə bağlamaq düzgün deyil, necə olur ki, milli mentalitet nikah müqaviləsi bağlamağa mane olur, amma sonradan adi bir qızıl əşyasına görə aylarla məhkəmədə üz-üzə gəlməyə “afərin” deyir. Bu hüquq düşüncəsinin problemidir. İnsanlar müqavilə bağlamağa utanır, bunu özülərinə sığışdırmırlar, amma boşanma baş verəndə adi bir məişət əşyasına görə bir-biriləri ilə üz-göz olmaqdan utanmırlar. Ona görə də hüquqi maarifləndirməyə böyük ehtiyac var.

 

Sizcə nikah müqavilələrinin bağlanmasını necə stimullaşdırmaq olar?

Hazırda nikaha daxil olmaq üçün 11 manat məbləğində dövlət rüsumu ödəmək tələb olunur. Məncə nikaha daxil olmaq üçün rüsumun məbləği 100 manatadək artırılmalı, nikaha daxil olarkən nikah müqaviləsi bağlayan şəxslər isə, bu rüsumu ödəməkdən azad edilməli və nikah müqavilələrinin tərtib edilməsi, notariatda təsdiqi pulsuz olmalıdır. Ən azından müəyyən keçid dövrü üçün bunu sınamaq olar.

www.sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • BAHAR
    Dekabr 20, 2009 - 14:14

    TEESSUF Kİ,BEZEN GUVENDİYİMİZ DAGLARA DA QAR YAGİR.BU İNSAN MENİ HEC VAXT YARİ YOLDA QOYMAZ DEYİİRK AMMA TAM FERQLİ SEYLER GORURUK.AYRİLANDAN SONRA DA EKSER VAXTLAR QADİNLARİN HUQUQU POZULUR.SİRF BU BAXİMDAN NİKAH MUQAVİLESİNİN QANUNİ SEKİL ALMASİNİ İSTEYERDİM.AMMA DEMEZDİM Kİ BU MUQAVİLE AİLE DAĞILMASININ QARŞISINI ALACAQ.

  • telli
    Yanvar 22, 2011 - 10:44

    məncə cox gözeldi.men şexsen emel etmek fikrindeyem və əməl edecem adet enenye baxmayaraq valideyinler ne deyirler desinler. evlenmeke hazırlaşan xanımlarımızada meslehetim nikah müqavilesi bağlasınlar

  • shahla
    Oktyabr 17, 2011 - 15:51

    Biz muasir ve demokratik olkede yashayiriq. Ekser vaxt ozumuzu Avropa ile muqaise edirik.Bes nece olur ki,ozumuzu gelecekde qanun cherchivesinde rahat hell oluna bilecek Nigah muqavilesinden mehrum edirik?! Zennimce her muasir,savadli genc buna emel ederek ,qarshindakindan da teleb etmelidir.

  • Elman
    Oktyabr 20, 2011 - 23:32

    əslində çox da uzaq olmayan keçmişdə müqavləyə bənzər bir siyahı olurdu ora gəlinin cehzi yazılırdı və ağsaqqallar oz imzaları ilə bunu təsdiq edirdilər.

telli üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər