Menu
Geri İrəli

15 manatlıq pivə içib, 5 manat “şot” verən şəxsi dostları niyə öldürüb?- “Vurmayın, öləcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 1,695 dəfə • Şərh yoxdur
Share Button

4 nəfər dost birlikdə içki içiblər. Amma hesabı ödəmək lazım olanda aralarında mübahisə yaranıb. Mübahisə onlardan birinin ölümünə üçünün isə həbsə düşməsinə səbəb olub. Həbs edilən üç dostdan ikisi qətldə və quldurluqda, biri isə yalnız quldurluqda təqsirli bilinir.

Qətl hadisəsinin təfərrüatları…

İttihama görə, 6 sentyabr 2015-ci il tarixdə, saat 22 radələrində 4 dost- Nizami İmayılov, Vüsal Qədiyev, Vüsal Mirzəyev və Xanlar Nadirov “Avtomobil Yollarının Ekologiyası” MMC-nin yaxınlığındakı kafelərdən birində pivə içiblər.

Hər biri 12-15 bakal içdikdən sonra hesabı ödəmək vaxtı çatanda mübahisələri düşüb. Belə ki, hər biri 15 manat ödəməli olduğu halda Xanlar Nadirov 5 manat verib.

Onlar gecə saat 3 radələrində kafedən çıxaraq Sulutəpə qəsəbəsi ərazisində yol kənarı ilə getməyə başlayıblar. Vüqar Qədiyev digər iki şəxsə təklif edib ki, Xanlar Nadirovun pulunu zorla əlindən alsınlar.

Onlar razılşaraq X.Nadirovu meşəlik- tinglik sahəyə salıblar. Ona əvvəlcə sillə, yumruq və təpiklə zərbələr vurublar. Sonra isə armaturla başına bir neçə zərbə endiriblər. Həmçinin əynindəki köynəyini və şalvarını da zorla dartıb cıraraq əynindən çıxarıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2017-ci il tarixli hökmü ilə 1982-ci il təvəllüdlü Nizami İsmayılov quldurluqda təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum edilib.

Vüsal Qədiyev və Vüsal Mirzəyev qətldə və quldurluqda təqsirli bilinib hərəsi 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

bce3a676e09d282812b55bf54be9e3ceHəbs edilmiş 3 nəfərdən biri olan Nizami İsmayılov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb. O, işinə apellyasiya qaydasında yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

N.İsmayılovun vəkili şikayəti bununla əsaslandırıb ki, istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin verdikləri ifadələrdə Nizami İsmayılovun qabaqcadan əlbir olaraq qrup şəklində quldurluq etməsi faktı öz təsdiqini tapmır.

Müdafiəçi bildirib ki, Nizami İsmayılov təqsirləndirilən digər şəxs Vüsal Qədiyevlə mərhum Xanlar Nadirov arasında kafedə mübahisə baş verərkən barışdırıcı mövqe tutub: “Müdafiə etdiyim şəxs Xanlar Nadirovun ödəmədiyi 10 manatı cibindən verib ki, mübahisə yaranmasın. Daha sonra Xanlar Nadirovun döyüldüyünü görərkən onları aralaşdırmağa çalışıb. Nizami zərərcəkmiş şəxsə yardım məqsədilə cırılmış paltarlarını dəyişmək üçün kirayədə qaldığı evə paltar dalınca gedib. Nizami gəncdir, himayəsində iki azyaşlı uşağı var. Əvvəl məhkumluğu olmayıb”.

Cinayət işi materiallarından və həbs edilən digər şəxslərin ifadələrindən məlum olub ki, V.Qədiyev mərhumu vuran zaman N.İsmayılov onu itələyib, dəmir parçası ilə onu döyməsinə mane olub. “Vurmayın öləcək” deyərək tərəfləri sakitləşdirməyə çalışıb. O da məlum olub ki, N.İsmayılov mərhumu xəstəxanaya aparmağı təklif edib, bunun üçün də evə gedərək yeni paltarlar gətirib. Ancaq hadisə yerinə qayıdanda artıq Vüsal ilə Vüqar Xanlara ağır xəsarətlər yetirərək onu qətlə yetirdiklərini görüb.

Bu zaman V.Qədiyev Nizami İsmayılovu hədələyərək hadisə barədə heç kimə məlumat verməməyi deyib. N.İsmayılov da qorxduğu üçün polisə xəbər verməyib.

Məhkəmə kollegiyası qeyd olunanlara araşdırdıqdan sonra belə qənaətə gəlib ki, Nizami İsmayılovun niyyəti zərərçəkmiş şəxsi öldürmək olmayıb. Onun qətl törətmək kimi məqsədinin olmasını təsdiq edən heç bir sübut cinayət işinin materiallarında aşkar edilməyib.

Apellyasiya məhkəməsi prokurorun da vəsatətini müzakirə edib. Məhkəmə qənaətə gəlib ki, N.İsmayılovun qətl törətmək kimi niyyəti olmayıb və birinci instansiya məhkəməsinin qərarı doğrudur. Bu səbəbdən də prokurorun N.İsmayılovun da qətldə iştirak etməsi ilə bağlı verdiyi vəsatət əsassız sayılaraq rədd edilib.

Məhkəmənin qərarına əsasən N.İsmayılova Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham sübuta yetirilmədiyi üçün ona bu maddə üzrə bəraət verilib. Quldurluq əməlinə görə verilən 11 illik həbs cəzası isə 10 ilə endirilib.

İlkin Muradov
Musavat.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın