Menu
Geri İrəli

31 mart-Azərbaycanlıların soyqırımı günü

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2017 • Baxış sayı: 328 dəfə • Şərh yoxdur
elvinGünlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki fəlakət və qüssənin əzəməti ilə unudulmaz. 31 Mart məhz ikinci günlərdəndir və tariximizdən heç zaman silinməyəcək və unudulmayacaq. Böyük Ermənistan yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.
ğMinlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Bolşevik və erməni daşnakları Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər tarixi abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlılara qarşı vəhşi daşnak soyqırımı törədilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasını yaratmış, komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı.
Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi.
Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsil qiymətini aldı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni bir strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi bir qiymət idi. Təsadüfü deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır və pisləyir. Azərbaycan Prezidentinin bu məsələdəki bir mənalı mövqeyi bir daha təsdiqləyir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq. Biz gənclər tariximizdə yazılan bu qanlı faciəli hadisələri heç vaxt unutmamalı, öz tarixi keçmişimizi daha da dərindən, hərtərəfli öyrənməli və gələcək fəaliyyətimizdə əsas tutaraq təmasda olduğumuz insanlara, xüsusilə də xarici ölkə gənclərinə çatdırmağı başlıca vəzifələrdən biri hesab etməliyik.
Elvin Məmmədzadə
Facebook Şərhləndirmə:

Şərhinizi yazın