Menu
Geri İrəli

47 il əvvəl məmləkətimizdə Qurtuluş və Xilaskarlıq Missiyası – Heydər Əliyev dövrü başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2016 • Baxış sayı: 485 dəfə • Şərh yoxdur

47 il əvvəl məmləkətimizdə Qurtuluş və 

seref gunuXilaskarlıq Missiyası – Heydər Əliyev dövrü başladı

Təqvimimiz Azərbaycanın müqəddəs bayramlarını, mühüm tarixi məqamları, xalqın və dövlətin taleyində əhəmiyyətli rol oynamış anları əlamətdar günlər silsiləsində yaşadır. Hər belə gün yalnız hansısa tarixi xatırladan zaman rolunu oynamır. Bu həm də keçmişə ehtiramı, bugünə inamı, sabaha isə böyük ümidləri formalaşdırır.

Millətin gücü – dövlətin dayağı

47 il öncə bu gün Azərbaycanda Heydər Əliyev dövrü başladı.

Məhz 1969-cu ilin 14 iyulundan qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşdi.

Məhz bu zamandan bütün dövrlərdə dünyanın ən böyük azərbaycanlısı sayılacaq Heydər Əliyevin heç vaxt bitməyəcək siyasi erasının təməli qoyuldu!

Bu dövr Azərbaycanın bütün mövcudluğu dönəmində ən çətin mərhələsinin xronologiyası olmaqla yanaşı, həm də ən şərəfli məqamlarını özündə təcəssüm etdirir. 47 il Azərbaycanda sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət tək mövcudluğuna qədər inkişafı kimi tarixi bir prosesi əhatə edir. Bir sözlə, bu xalq əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirdi.

Budur Heydər Əliyevin xalqı – müasir, sivil, demokratik dəyərlərə sahib, azad, müstəqil yaşamağa qadir xalq!

Budur Heydər Əliyevin qurduğu dövlət – bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadan və modern yeniliklərə qovuşan, yeni dünya düzənində əhəmiyyətli yer tutan respublika!

İndi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir. Və bu vəhdət ulu öndərimiz cismən həyatda olmadıqda belə öz qüdrətini, təntənəsini yaşayır. Heydər Əliyev həmişə mövcuddur, həmişə bizimlədir!

Heydər Əliyev Azərbaycanın gücü və qüdrətidir!

Heydər Əliyev milli enerjinin ən ali potensialıdır!

Heydər Əliyev Sovetlər birliyinin beynəlmiləlçilik təbliğatında yaxın keçmişi unutdurulan xalqa dilini, mənəviyyatını, milli şüurunu qaytaran liderdir!

Heydər Əliyev müstəqilliyin dolanbaclarında azan, “Xəzərə tökülmək” qorxusu ilə yaşayan milləti xilas edən, ona itirdiyi böyüklüyünü, aliliyini yenidən qaytaran xilaskardır!

Heydər Əliyev Qafqazın orta əhəmiyyətli məntəqəsindən dünyanın altıda birini təşkil edən dövlətin ali rəhbərliyinədək ucalan, ucaldıqca da dövlətini və millətini ucaldan bir fenomendir!

O dahi insan həm də uğurun, nailiyyətin, ədalətin təcəssümü, idarəçiliyin daim yaşayan ensiklopediyasıdır.

 

Daimi müstəqilliyin əbədi rəmzi

 

Heydər Əliyevin Naxçıvandan Bakıya, oradan isə Kremlə uzanan, daha sonra yenidən Bakıda – ən ali kürsüdə davam edən həyat yolu Azərbaycan tarixinin şərəf salnaməsidir.

Bu missiya daim xalqın və dövlətin möhkəmlənməsinə, inkişafına xidmət edib. Dövlət Təhlükəsizliyi Komitəsində ilk işini kadrların milliləşdirilməsindən başlayan Heydər Əliyev ölkə rəhbərliyində bu kursunu bütöv hakimiyyətin milliləşməsi ilə davam etdirdi. İqtisadi-sənaye komplekslərinin kütləvi inşası ilə Azərbaycanın iqtisadi muxtariyyəti təmin olundu. Neft sektorunda gedən inkişaf dövlətin perspektiv müstəqilliyinin əsas təminatçısı kimi nəzərdə tutuldu.

Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi xalqa unutdurulan keçmişini xatırlamağa və milli kimliyini yada salmağa xidmət edirdi. Erməniləşən Qarabağın mərkəzində Vaqifə ucaldılan məqbərə bu diyarın Azərbaycanın milli məfkurəsinin qaynaqlandığı məkan olduğunu və buna görə də daim əhəmiyyətli tutulacağını göstərirdi. Xaricə kütləvi “tələbə axını” gələcək müstəqil dövlətin peşəkar kadr potensialını formalaşdırmağa yönəlirdi. Xalqın dilinin, rəmzlərinin, milli atributlarının yenidən rəsmiləşdirilməsi müstəqilliyin qazanılacağı təqdirdə millətin çoxəsrlik ənənələrinə yiyələnməsini şərtləndirirdi. Bir sözlə, 1993-cü ildən etibarən müstəqil dövlət quruculuğunda əldə edilən nailiyyətlər, iqtisadi-siyasi-hüquqi sahələrdəki uğurların əsası 1969-cu ildən başlamış missiya ilə qoyulmuşdur.

Son 47 il Azərbaycan tarixinin ən əlamətdar məqamları ilə zəngindir. Lakin bu məqamlar heç də həmişə müsbət prosesləri əks etdirmir. Necə ki, ötən əsrin 60-cı illərinin sonu azərbaycançılıq ideyasının tamamilə tənəzzülü və kosmopolit şüurun inkişafı, eləcə də milli münasibətlərin antiazərbaycan məcrasında gedişi ilə əlamətdar idisə, elə 90-cı illərin əvvəlləri də bu proseslərin dövlətçilik kontekstində neqativ təzahürü ilə davam edirdi.

Ancaq hər iki tarixi gedişin – Azərbaycanı məhvə aparan mərhələnin qarşısını şəxsiyyət faktoru aldı!

Xalqı səfərbər etməklə, onun fəaliyyətini öz problemlərinin həllinə yönəltməklə Heydər Əliyev həm də hər bir fərdə vətəndaş mövqeyi və vətənpərvərlik duyğusu nəsib etdi, vətəni təkcə sevməyi yox, onu qorumağı öyrətdi.

Heydər Əliyev həm də kamil bir siyasi məktəbin yaradıcısı, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisidir. Bu irsdən bəhrələnən minlərlə gənc bu gün Azərbaycanın iqtisadi, siyasi, hüquqi kadr potensialının özəyini təşkil edir. Bu irsin ən layiqli müdavimi olan İlham Əliyev isə ümumxalq etimadının təntənəsini şərəfli missiyası ilə yaşadır.

Heydər Əliyev tək qüdrətli dövlət qurmaqla kifayətlənmədi, bu dövlətin gücünün əsrlərlə qorunmasını da təmin etdi. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın iqtisadi rifahını təşkil edəcək yeni neft strategiyasının hazırlanması, dövlətin mövcudluğunu şərtləndirən hüquqi, siyasi, qanunverici islahatların daim aparılması və bu kimi digər proseslər Heydər Əliyev siyasi kursunun Azərbaycanın dövlətçilik konsepsiyasına çevrilməsindən xəbər verir.

Heydər Əliyev Azərbaycana xidmət etməyin ən mükəmməl örnəyini nümayiş etdirdi və fəaliyyətinin davamlı konseptual sistemini formalaşdırdı. Azərbaycanın qazandığı bütün uğurlar bu şəxsiyyətin adı ilə bağlı olduğundan, həmçinin dövlətin mövcudluğu bu fenomenin əməyinin bəhrəsi kimi təşəkkül tapdığından bu ölkə “Heydər Əliyevin Azərbaycanı” adlanmağa tam layiqdir.

Ötən 47 il bu şərəfli missiyanın yalnız başlanğıcı sayıla bilər. Qarşıda Azərbaycanı Heydər Əliyev siyasi xəttinin daha böyük uğurları, nailiyyətləri gözləyir. Azərbaycan isə öz gücündən bütün mövcudluğu dönəmində bəhrələnəcək. Bu güc indi Prezident İlham Əliyevin şəxsiyyətində təcəssüm edərək məmləkətimizin qüdrətini, əzəmətini, azərbaycanlıların vüqarını təmin edir.

 

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan

Facebook Şərhləndirmə:

Şərhinizi yazın