Menu
Geri İrəli

5 yaşlı qızını öldürən qadın: “Anam dedi uşaqsız gəl”

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2017 • Baxış sayı: 229 dəfə • Şərh yoxdur
Share Button

Qusarda 5 yaşlı qızı Luizanı zəhərləyərək qətlə yetirməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Seymur Gülalıyev dindirilib.

O bildirib ki, uşağın ölməsini kənddə eşidib: “Gülnarə Saypullayeva bizim kənddə fermada yaşayırdı. Həmin günü mən də mal-qara otarırdım. Səs-küy eşitdim. Yoldaşım dedi ki, Luiza yoxdur. Onu axtarmağa başladıq. Evdən tapıldı. Halı pis idi, özündə deyildi. Bunun üçün də xəstəxanaya apardılar. Sonradan xəbər tutdum ki, uşaq dünyasını dəyişib”.

Daha sonra məhkəmədə G.Sayfullayeva sərbəst ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, ata evinə gedəndə anası uşağı evə qoymayıb: “Dedi uşaqsız gəl. Hadisə günü uşağın süd içdiyini gördüm. Tanrıya and olsun ki, mən qızımı zəhərləməmişəm. Səhvən özü bunu içib. Mən özümü öldürərdim, amma uşağı yox. Anamla münasibətimiz bərbad idi. Mən ona lazım deyildim. Psixoloji əziyyət çəkirdim. 16 yaşımda ana olmuşam. Anam uşağı qəbul eləmədi, mənə kömək etmədi. Bakıdan bir qadın gəlmişdi. Anam uşağı ona vermək istəyirdi”.

Suallara cavab verən G.Sayfullayeva istintaq zamanı uşağını öldürməsi ilə bağlı etdiyi etirafı izah edə bilməyib.

Dövlət ittihamçısı söyləyib ki, G.Sayfullayevanın əri polisə zəng edib və arvadının uşağını öldürdüyünü bildirib. Xatırladaq ki, hadisə ilə bağlı yayılan ilk rəsmi məlumatda isə uşağın ölüm xəbərinin polisə anasının verdiyi qeyd olunurdu.

G.Sayfullayeva da buna görə elə birinci ərinin həbs edilməli olduğunu deyib.

O qeyd edib ki, uşağı tərkibində zəhər olan südü içəndə yanında heç kim olmayıb.

Həmçinin qeyd edib ki, təhsili yoxdur: “Anam məni 6-cı sinifdə oxuyanda məktəbdən çıxarıb, yalnız ev yığışdırmaq lazım olanda evə çağırıb. Başqa vaxt getməmişəm”.

Sənədlərin tədqiqi mərhələsi keçirilib. Ekspertiza rəylərində qeyd edilir ki, 5 yaşlı Luiza südə qatılmış zəhərə görə dünyasını dəyişib və G.Sayfullayeva hadisəni törədən zaman anlaqlı vəziyyətdə olub.

Məhkəmə istintaqı başa çatıb.

Söz prokurora verilib. Dövlət ittihamçısı vaxt istəyib.

Qeyd edək ki, hadisə iyul ayında Qusarın Hil kəndində baş verib.

Həmin kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Gülnarə Saypullayeva qızı Luizanı zəhərləyəndən sonra peşman olubmuş. Belə ki, bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb.

Luizanın anası Gülnarə Saypullayeva izahat verməsi üçün çağırılanda törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürdüyünü izah edə bilməyib: “Birdən beynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim”.

Qadının psixoloji vəziyyətini qiymətləndirmək üçün müvafiq ekspertiza təyin edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın