Menu
Geri İrəli

Abad, müasir və modern şəhər – XIRDALAN

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2016 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur

xirdalanpreziXırdalan şəhər statusu aldığı 10 il ərzində böyük quruculuq və inkişaf yolu keçib

Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində son illərdə ölkənin bütün bölgələri kimi, Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Ölkənin hər yerində yaşanan inkişaf Abşeron rayonunun simasında aydın müşahidə olunur. Son illərin real mənzərəsi Abşeronun ölkənin əsas inkişaf və quruculuq ünvanlarından biri olduğunu təsdiq edir. Bu inkişaf Abşeronun qüruru olduğu qədər, ölkəmizdən kənarda Azərbaycanın gözəl tanıtımıdır.

Abşeronun incisi

Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illərdə rayon ərazisində olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlamışdır.

Hazırda Xırdalan şəhəri başda olmaqla Abşeronun hər guşəsində dinamik quruculuq və abadlıq işləri həyata keçirilir. Xırdalandan söz düşmüşkən qeyd etməliyik ki, şəhər son illərdə sürətlə inkişaf edib. Xüsusən şəhər adı almasından sonra Xırdalan bu statusa uyğun olaraq dəyişib, modernləşib. Xırdalan şəhəri əhalisinin sayına görə Abşeronun ən böyük yaşayış məntəqəsi olmaqla həm də rayonun inzibati mərkəzidir. Ərazisi 1696 hektar olmaqla, əhalisi 105 min nəfərdən artıqdır. Cəmi bir neçə ilin ərzində burada onlarla yeni inzibati və hündurmərtəbəli yaşayış binaları inşa olunub. Əhalinin istirahətinə xidmət edən parklar salınıb. Şəhərin küçələrində göz oxşayan dayaqlar üzərində quraşdırılmış yaraşıqlı gecə işıqları, ictimai binaların, fərdi evlərin, xidmət obyektlərinin, həyət divarlarının fasadlarının milli ornamentlər və müasir üzlük materialları ilə işlənməsi Xırdalan şəhərinin ümumi mənzərəsinə xüsusi gözəllik verir. Burada inşa olunmuş yüksək mərtəbəli yaşayış evləri, inzibati binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş sosial obyektlər, ticarət, iaşə və məişət xidməti müəssisələri şəhərin möhtəşəmliyini, müasirliyini əks etdirir.
Bu gün Xırdalana şəhər statusunun verilməsinin 10-cu ili tamam olur. Xatırladaq ki, 2 oktyabr 2006-cı il tarixdə “Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub. 29 noyabr 2006-cı il tarixdə isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Beləliklə, Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilib.
Qədim tarixə malik Xırdalan artıq XXI əsrin şəhəri adını daşımağa layiq olduğunu ötən 10 ildə əldə etdiyi uğurlarla sübut edib. Prezident
İlham Əliyev Xırdalanda Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib: “Mən əvvəllər də burada olmağımı xatırlayıram və görürəm ki, Abşeron rayonunda, Xırdalan şəhərində çoxlu işlər görülüb. Xırdalana şəhər statusu veriləndən sonra burada inkişaf daha da sürətli olmuşdur. İndi Xırdalan gözəl, abad şəhərdir və burada binalar tikilir, bərpa edilir, eyni zamanda yollar salınır, sosial obyektlər inşa olunur, artıq Bayraq meydanı yaradılıbdır. Bir sözlə, son illərdə Xırdalanın inkişafı çox sürətli olmuşdur və rayonda çox böyük işlər görülmüşdür. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bir daha demək istəyirəm ki, bütün bunlar məni çox sevindirir”.
Xırdalan sakinləri rayonda bərqərar olmuş geniş quruculuq tendensiyasını, sürətli sosial-iqtisadi inkişafı məhz Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə birmənalı əlaqələndirir və dövlət başçısının qərarı ilə Xırdalana şəhər statusunun verilməsini daim məmnunluq hissi ilə qarşılayırlar.

Qədim və şərəfli tarix

xirdalan33Yaşı təxminən XIV əsrdən başlanan Xırdalan qədim İpək yolunun üzərində yerləşdiyindən vaxtilə bu ərazidə böyük karvansaralar tikilib. Burada dünyanın müxtəlif ölkələrindən Bakıya gələn tacirlər gecələyiblər. Xırdalanın ilk sakinləri isə kənd kimi bünövrəsini qoyan nəsillər – Hacıqoculular, Ağababalılar, Fərəmərzilər, Səfqanlılar, Qırçılar olublar. XIX əsrdə Şamaxıda baş vermiş zəlzələdən sonra buraya gələn əhali Şirvanşah məhəlləsini salıbdır. Həmin məhəllə indi də öz əzəli adını saxlayır. Burada həmçinin XX əsrin əvvəllərində neft mədənlərində işləmək üçün İrandan Bakıya gəlmiş insanlar, habelə Xızıdan köçmüş xeyli ailə yaşayıb.

Vaxtilə Xırdalanda neft quyuları da olub. Əllə qazılan quyuların dərinliyi 100 metrə çatırmış, Xırdalan kəndinin yaxınlığındakı 50-yə yaxın quyudan 1913-cü ilin statistik hesabatına görə sutkada 65 ton neft çıxıb ki, bu da o dövr üçün yüksək nəticə sayılır.
Xırdalanda tanınmış alimlər, sənət adamları, din xadimləri yetişmişlər ki, onlar yalnız Abşeronun yox, Azərbaycanın fəxridirlər. Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, akademik Mirəsədulla Mirqasımov, professor Rza Mehdizadə, xalq şairi Nəbi Xəzri, xalq artisti Ağahüseyn Cavadov, Axund Hacı Molla Qafur Molla Ələsgər oğlu, Seyid Hüseyn Badkubeyi və onlarla digər tanınmış insan Xırdalanda dünyaya göz açıblar.
Xırdalana 1936-cı ildə şəhər tipli qəsəbə statusu verilib. Daha sonra qəsəbə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzinə çevrilib.
İkinci Dünya müharibəsində Xırdalan cəbhəyə 150 övladını yola salıb. Onlardan 52 nəfəri geri qayıtmayıb. Qarabağ savaşında torpaqlarımız uğrunda mübarizədə isə 5 xırdalanlı şəhid olub.
2006-cı ildə Xırdalan qəsəbəsinə şəhər statusu verildikdən sonra burada doğrudan da çox ciddi dəyişiklər baş verdi. Dövlət başçısının qayğı və diqqətindən bəhrələnən abşeronlular qısa müddət ərzində daxili imkanlar hesabına rayonun, o cümlədən Xırdalanın bütün ərazilərində quruculuq və abadlıq işlərinin genişlənməsinə nail oldular. Qısa zaman içərisində qəsəbə baxımlı şəhərə çevrildi.
Xırdalanın şəhər görkəmi alması istiqamətində görülən işlərə ilk olaraq ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının yenidən qurulması ilə başlanıldı. Qısa müddətdə parkın ərazisində Heydər Əliyev Muzeyinin, ümummilli liderin abidə kompleksinin, gəzinti yollarının, musiqi səhnəsinin, tarix-diyarşünaslıq muzeyinin əsaslı təmiri, dekorativ güllər və həmişəyaşıl bəzək ağaclarının əkilməsi və digər abadlıq işləri başa çatdırıldı. Xırdalanın mərkəzi ilə uzanan küçə abadlaşdırılaraq ulu öndərin adını daşıyan yaraşıqlı prospektə çevrildi. Eyni zamanda Xırdalanın küçə və məhəllə daxili yollarının asfaltlanması və yaşıllaşdırılması istiqamətində işlər görüldü. Bu işlər indi də davam etdirilir.
Ötən 10 ildə şəhərdə onun müasir mənzərəsinə əzəmətli görkəm verən bir-birindən yaraşıqlı binalar inşa edilib. Hündürmərtəbəli, çoxmənzilli yaşayış evlərinin ucaldılması ilə yanaşı, “Abşeron gənclər şəhərciyi, “Abşeron Siti”, “Kristal Abşeron”, “AAAF Park” adlanan yaşayış kompleksləri Xırdalanın müasir görkəminə xüsusi zənginlik verir. Hazırda Xırdalanda 5 şadlıq sarayı, 3 iri ticarət mərkəzi, yüzlərlə irili-xırdalı ticarət, iaşə və məişət xidməti obyektləri fəaliyyət göstərir ki, bu da şəhər sakinlərinin rahatlığına xidmət edir.

Geniş tikinti meydanı

xirdalan66Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür. Bu cür mərkəzlərdən biri də Xırdalanda inşa olunub. Orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir.

5000 kvadratmetr sahəsi olan 4 mərtəbəli əzəmətli mərkəzdə ulu öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün hər cür şərait yaradılıb. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gənclərin dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir.
Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə ümummilli liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Həmçinin 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Mərkəzdə sərgi zalından əlavə, linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Yaradılan bu şərait gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə geniş imkanlar açır. Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur.
Həyata keçirilən abadlıq işləri sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Bu da ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla bölgələrimizin daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiqləyir ki, şəhər və rayonlarda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanlarının isə yenidən qurulması diqqətdən kənarda qalmır. Xırdalan şəhərinin mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkında abadlıq işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Burada ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb.
Ərazisi 12 hektar olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb. Burada aparılan yenidənqurma işləri ölkədə əhalinin istirahətinin yüksək səviyyədə təşkil olunmasının davamlı və kompleks xarakter daşıdığını təsdiqləyir.
Bu işlərin tərkib hissəsi olaraq Xırdalan şəhərində Bayraq meydanı da yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 65 metrdir. Meydanda müxtəlif videogörüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, indi hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarına xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev bu məsələdə hər zaman həssas münasibətilə seçilib. Odur ki, paytaxtla yanaşı, bölgələrimizdə də Bayraq meydanları salınıb. Xırdalandakı Bayraq meydanı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
Ölkəmizin regionlarında da əhalinin istirahətinin təşkili istiqamətində mühüm layihələr həyata keçirilir. Xırdalanda yaradılan yeni “Park Abşeron” əyləncə mərkəzi də öz dizaynına, memarlıq quruluşuna görə şəhərin simasına xüsusi yaraşıq verir. İndi Xırdalan şəhərinin mənzərəsinin maraqlı elementinə çevrilən bu modern əyləncə mərkəzində yaradılan şəraitdən məqsəd ilk növbədə insanların mənalı istirahətini təşkil etmək, onlara mənəvi zövq yaşatmaqdır. 1400 kvadratmetr ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.
Xırdalandakı ən yaraşıqlı ünvanlardan biri də yeni inşa olunan musiqi məktəbidir. Yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş etdirilir. Geniş sinif otaqları olan məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz edilib. Müəllimlər üçün yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var. Bir sözlə, son illərdə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən irimiqyaslı işlərin tərkib hissəsi olan bu musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaq.
Xırdalanda tikilən sosial təyinatlı obyektlərdən biri də şahmat məktəbidir. Bu məktəbdə də yüksək şərait yaradılıb, balacaların şahmatın sirlərinə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb. Bütün bunlar Prezident
İlham Əliyevin “Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında” sərəncamı və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilib. Yaradılan şərait şahmatçılarımızın beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazanmasına, yüksək nəticələr əldə etməsinə imkan verib. Şübhəsiz ki, bu məsələdə Xırdalanda inşa olunan şahmat məktəbinin öz yeri olacaq. Çünki məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı xidmətlərinə həsr olunan fotoguşə yaradılıb. Burada məşq və digər əlavə otaqlardakı kompüterlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddur.
Mədəni kütləvi tədbirlərin ünvanı olan Mədəniyyət sarayı da bütünlükdə yenidən qurulub. 400 nəfərlik tamaşaçı zalının müasir və nəfis daxili tərtibatı buraya gələn hər kəsdə xoş ovqat yaradır.

Şəhərin uğurları çoxşaxəlidir

Bu gün şəhərdə 10 tam orta məktəb və 12 uşaq bağçası-körpələr evi fəaliyyət göstərir. Yeni məktəb və uşaq bağçalarının, səhiyyə ocağının və olimpiya kompleksinin tikintisi işləri davam etdirilir. Qazanılan nailiyyətlərə görə Xırdalanın bir neçə məktəbi “İlin ən yaxşı məktəbi” və neçə-neçə müəllimi ümumrespublika müsabiqələrinin qalibi olub. Təhsil sahəsində çalışan onlarla müəllim Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Ali məktəblərə daxil olmuş tələbələr sırasında respublikada yüksək bal toplamış Xırdalan şəhər məktəblərinin də məzunları var.

Xırdalanda şəhərin tarixinin qorunmasına və burada doğulmuş tanınmış şəxsiyyətlərin adlarının əbədiləşdirilməsinə də diqqətlə yanaşılır. Belə ki, şəhərin qədim kənd hissəsinin mərkəzində Azərbaycan səhiyyəsində xüsusi xidməti olmuş, respublika Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun büstü qoyulub, “Əsgər anası” abidə kompleksi yenidən qurulub, 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə həlak olmuş 52 xırdalanlının adları mərmər lövhə üzərinə həkk edilərək əbədiləşdirilib və ətraf sahə yaşıllaşdırılıb. XIX əsrə aid olan Məşədi İmambaxış hamamı və məscid şəhər sakinlərinin köməyi ilə təmir olunub, əhalinin istifadəsinə verilib. Xatırladaq ki, Abşeron memarlıq məktəbinin tipik xüsusiyyətlərini özündə əks etdirən məscid 1884-cü ildə Axund Hacı Molla Qafur Molla Ələsgər oğlunun təşəbbüsü və kəndin imkanlı adamlarının vəsaiti hesabına tikilib. Bu məscid sovet dövründə çətin günlərini yaşasa da, artıq bərpa olunub.
Şəhərdəki uşaq-gənclər idman məktəbi yeniyetmələrimizin fiziki kamilliyində və peşəkar idmançıların yetişdirilməsində mühüm rol oynayır. Fəxrlə qeyd etmək olar ki, 10 il ərzində müxtəlif beynəlxalq turnir, dünya və Avropa çempionatlarında abşeronlu idmançılar 1252 medal qazanıblar. Bunlardan 492 qızıl, 333 gümüş, 427 bürünc medaldır. Xırdalanda respublika Yazıçılar Birliyinin Abşeron rayon şöbəsi də fəaliyyət göstərir ki, burada yazıb yaradan qələm əhli ədəbi məclislər keçirir, ədəbi düşüncələrini bölüşürlər.
Son illər Xırdalan inkişaf edərək həm də iri sənaye mərkəzinə çevrilib. İndi burada onlarla iri sənaye müəssisəsi fəaliyyət göstərir ki, bu da ölkə iqtisadiyyatının inkişafına öz layiqlı töhfəsini verməkdədir.
Xırdalan həm iqtisadi potensialı, həm də coğrafi baxımdan paytaxta yaxın olduğu üçün hər zaman diqqət mərkəzindədir. Mövcud potensialın səmərəli realizə edilməsi, şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarında, fərman və sərəncamlardan irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi şəhərin uğurlarını şərtləndirən başlıca məqamlardır. Bu gün Xırdalan hər birimizin gözü qarşısında böyüyür və tərəqqi edir. Yüzillikləri arxada qoyaraq bu günümüzə adlamış, böyük inamla irəlləyən Xırdalan bu gün həm də şəhər adı almasının 10 ilini qeyd edir. Ölkə rəhərliyinin diqqət və qayğısı ilə bütün digər şəhərlərimiz kimi Xırdalan bundan sonra da inkişaf edəcək, öz tarixi və şərəfli adını layiqincə yaşadacaq.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”xirdalan88

xirdalan323 xirdalan2 xirdalan shahmat-abseron

Facebook Şərhləndirmə:

Şərhinizi yazın