Menu
Geri İrəli

Adını dəyişmək istəyən şəxs nə etməlidir?

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Avqust 2016 • Baxış sayı: 556 dəfə • Şərh yoxdur

asan-1Bunun üçün “ASAN xidmət” mərkəzinə üz tutan vətəndaşdan 9 sənəd tələb olunur:

- adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə ;

- ərizə verən şəxsin doğum şəhadətnaməsi;

- ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

- ərizə verən şəxsin nikahı pozulubsa, nikahın pozulması haqqında şəhadətnamə;

- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum şəhadətnaməsi;

- şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

- ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

- dövlət rüsumunun (10 manat) ödənilməsi barədə sənəd.

Bəs şəxsiyyət vəsiqəsində və ya doğum şəhadətnaməsində orfoqrafik səhvlə yazılan adları necə dəyişmək olar? Azərbaycanda belə hallara çox rast gəlinir: sənədlərdə Rafael əvəzinə Rəfayıl; Oqtay əvəzinə Oktay… Bu halda vətəndaş nə etməldir?

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Hüseynov deyib ki, istənilən halda adın dəyişdirilməsi üçün vətəndaşın doğum şəhadətnaməsi əsas götürülür: “Bizim adın dəyişdirilməsi üzrə həyata keçirdiyimiz xidmət Daxili İşlər Nazirliyinə aiddir. Əgər şəxsiyyət vəsiqəsi və ya xarici pasportda doğum şəhadətnaməsi ilə üst-üstə düşməyən məlumat varsa, hər hansı texniki səhv olubsa, onu vətəndaş dərhal, yerində və ya sonradan görüb gəlibsə, qurum sənədi dəyişir. Doğum haqqında şəhadətnamədə hansı məlumat varsa, onlar eynilə şəxsiyyət vəsiqəsində, daha sonra şəxsiyyət vəsiqəsinin əsasında da xarici pasportda əks olunur. Əgər doğum haqqında şəhadətnaməni alan vətəndaş burada yol verilən texniki səhvə əhəmiyyət verməyib onun əsasında şəxsiyyət vəsiqəsi, sonra pasport alıbsa, dəyişiklik kökündən aparılır.

Tutaq ki, adı doğum şəhadətnaməsində “Səyidə” göstərilən vətəndaş adının dəyişdirilib düzgün formada, yəni “Səidə” yazılmasını istəyirsə, yenə də bu ad dəyişmə sayılır. Vətəndaş ilk olaraq aidiyyəti rayon üzrə vətəndaşlıq aktlarının dövlət qeydiyyatı şöbəsinə müraciət edir, prosedur oradan başlayır. Çünki ilkin sənədi həmin qurum verib. Doğum şəhadətnaməsi dəyişəndən sonra yeni ada uyğun yeni şəxsiyyət vəsiqəsi üçün müraciət edilir. Prosedur yenə ad dəyişmədə olduğu kimi davam edir, eyni sənədlər təqdim edilir, dövlət rüsumu ödənir, yeni adla yeni şəxsiyyət vəsiqəsi alınır. Əsas sənəd kimi doğum haqqında şəhadətnamə və orada göstərilən məlumatlar götürülür”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın