Menu
Geri İrəli

Anar Qasımlı Çovdarovun məhkəməsinə niyə gəlmədi? – QALMAQAL

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 370 dəfə • Şərh yoxdur

F96C7FF9-EDD0-4AA6-8444-DB47C1D132D4_mw1024_mh1024_s“Mən elə bilirdim, vəkilin işi müvəkkilini müdafiə etməkdir..”

Bunu Femida.az-a açıqlamasında “MTN İş”ində təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı deyib.
Anar Qasımlı bildirib ki, dünənki məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyib: 

“Dünən məhkəmə iclası keçirilib. Mən isə bir gün əvvəl məhkəmə iclasında iştirak edə bilməyəcəyimlə bağlı həm məhkəməni, həm də müdafiə etdiyim şəxsi məlumatlandırmışdım. Məhkəmə də səbəbi üzürlü hesab etmişdi. Dünənki iclasda təqsirləndirilən şəxslərdən birinin vəkili də iştirak edə bilməyib. Görünür, həmin vəkil iştirak edə bilməyəcəyi ilə bağlı məhkəməni əvvəlcədən məlumatlandırmayıb. Məhkəmə də onun iclasda iştirak etməməyini üzürsüz hesab edib. Bu yerdə Akif Çovdarovun vəkili Kamandar Nəsibov atmaca ataraq “nəyə görə vəkilin gəlməməsi üzrlü sayılır, o birininki isə yox?” şəklində fikir səsləndirib”.

Anar Qasımlı vurğuladı ki, onun iclasda iştirak etməməsi məhkəmənin işinə mane ola bilməzdi. Vəkil onu məhkəmənin işinə mane olmaqda günahlandıranlara sərt ismarıc göndərdi:

“Əvvəla, mən iclasda iştirak etməyəcəyimlə bağlı məhkəməni əvvəlcədən xəbərdar etmişdim. Yəni məhkəmənin işinə mane olmamışam. Əgər iclasda iştirak etməyəcəyimi əvvəlcədən razılaşdırmasaydım, məhkəmənin işi pozula bilərdi. Digər tərəfdən isə hesab edirəm ki, vəkilin işi müvəkkilinin hüquqlarını müdafiə etməkdir. Vəkilin işi heç də məhkəmə prosesinə maneçilik törətmək deyil. Mən indiyə kimi eşitməmişəm ki, vəkil məhkəmənin işinə mane olmalı imiş. Vəkil qanun çərçivəsində bütün üsul və vasitələrdən istifadə edərək müvəkkilinin hüquqlarını müdafiə etməlidir. Biz də bu işlə məşğuluq. Hər bir vəkilin öz müdafiə taktikası var və vəkil bu taktikanı özbaşına yox, müvəkkili ilə razılaşdıraraq həyata keçirməlidir. Nəticə etibarilə, mən bu vaxta qədər elə bilirdim ki, vəkilin işi müvəkkilini müdafiə etməkdir. Bundan sonra da yenidən hüquq kitabalarını araşdırıb baxacam, görsəm ki, əgər vəkilin vəzifəsi məhkəmənin işinə maneçilik törətməkdirsə, o zaman mən də bu fəaliyyətlə məşğul olacam…”

Qeyd edək ki, dünən Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib. Məhkəmə prosesinin başlanması təqsirləndirilənlərin iclas zalına gecikməsi üzündən yarım saat yubadılıb. Saat 11:30-da proses başlayan zaman məlum olub ki, təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə və təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı xəstəlikləri səbəbindən iclasda iştirak edə bilmirlər.

Prosesə sədrlik edən hakim Həbib Həsənov vəkilləri iclasda iştirak etməyən təqsirləndirilənlərdən iclasın müdafiəçilərsiz davam etdirilməsinin mümkünlüyünü soruşanda təqsirləndirilən Akif Əliyev vəkilinin onu gəlməyəcəyi ilə bağlı xəbərdar etdiyini dedi və məhkəmə baxışının davam etdirilməsinə etiraz etmədi. Təqsirləndirilən Səlim Məmmədov isə başqa cür düşünürdü – o, vəkilinin iştirakı olmadan prosesin davamını mümkünsüz hesab etdi. Hakim Həbib Həsənov daha 30 dəqiqəlik fasilə elan etdi.

Fasilədən sonra hakim Həbib Həsənov katibdən bir daha vəkil Cavid Rzazadəyə zəng etməyi və gələ bilib-bilməyəcəyini soruşmağı tapşırdı. Telefonda Cavid Rzazadə məhkəməyə gəlmək iqtidarında olmadığını təkrarladı. Sədr katibə üzrsüz səbəbə iclasda iştirak etməyən vəkil barədə protokolda qeyd etməsi ilə bağlı tapşırıq verdi. Bu yerdə təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibov öz iradını bildirdi:

“Anlaya bilmirəm, nəyə görə bir vəkilin gəlməməsi üzrlü sayılır, o birininki isə yox. O biri xəstə vəkil də arayış gətirməyib, bu da. Vəkil Anar Qasımlı sizin işinizə maneçilik törətmirsə, onun gəlməməsi üzrlüdür? Bu necə məntiqdir? Təqsirləndirilən şəxs vəkili olmadan iclasın davam etdirilməsini mümkünsüz saymayanda, vəkilin iclasda iştirak etməməsi üzrsüz olur? Hansı qanunda yazılıb bu?”

Hakim Həbib Həsənov vəkildən sərt çəkildə çıxışını dayandırmağı tələb edir və yenidən 30 dəqiqəlik fasilə elan olunur. Daha sonra iclas davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın