Menu
Geri İrəli

“Aprel döyüşləri”nin təkrarlanması üçün real zəmin yaranıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2016 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə start verdi; İrəvan danışıqlardan imtina etdi…

 

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bu barədə bildirilir.
 
Məlumatda deyilir ki, cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir. 
Gündüz və gecə vaxtlarında döyüş vəziyyətinə maksimal uyğunlaşdırılmış şəraitdə keçirilən təlim məşqlərində bölmələr birbaşa təyinatları üzrə qarşıya qoyulan tapşırıqları icra etməklə zirehli texnikalardan praktiki atışları yerinə yetirirlər. Heyət üzvlərində düşmənin döyüş texnikası barədə real təəssüratlar yaratmaq məqsədilə müxtəlif məsafələrdə quraşdırılmış hədəflər sırasında aprel döyüşləri zamanı məhv edilmiş erməni tanklarının korpuslarından da hədəf kimi istifadə olunur.
 
Qeyd edək ki, gələn həftədən başlayaraq daha bir irimiqyaslı hərbi təlimlərə start veriləcək. Nazirliyin xəbərinə görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.
Bu arada Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlərə deyib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar dondurulub və prezidentlərin görüşü olmayacaq (Virtualaz.org). Müşahidəçilər hesab edir ki, Köçəryanın bu sözlərini İrəvanın danışıqlar prosesinə dair rəsmi mövqeyi də hesab etmək olar. Əslində belə bir mövqe gözlənilən idi. Çünki ATƏT-in Minsk Qrupu Bakı, İrəvan və Xankəndində görüşlər keçirib geri dönəndən dərhal sonra Ermənistan cəbhəboyu təxribatlara başladı və bu təxribatlar davam edir. Görünən budur ki, düşmən aprel döyüşlərindəki acı məğlubiyyəti unudub və ona həmin anları bir daha xatırlatmaq lazım gəlir.
Xüsusilə də Rusiyadan aldığı “İsgəndər” raket kompleksləri Ermənistan rəhbərliyinin başını dumanlandırıb və artıq açıq şəkildə işğala məruz qoyduğu ölkəni təhdid edir. Hətta həmsədrlər yaxın vaxtlarda xarici işlər nazirlərini bir araya gətirib prezidentlərin görüş vaxtını müzakirə etmək istədiklərini dediyi halda, Köçəryanın simasında İrəvan danışıqlardan imtinanın anonsunu verir. İmtina isə hərbi əməliyyatlara “yaşıl işıq” deməkdir. Belə olan halda Azərbaycan Ermənistanın qeyri-konstruktivliyini xatırlatmaqla özünün ərazi bütövlüyünü təmin etməklə bağlı qəti qərarını verməkdə tam haqlı görünərdi. Ekspertlər də aprel əməliyyatlarının təkrarlanmasını istisna etmir.
Gəlin, Ermənistan prezidenti Serj Sərksiyanın apreldəki mövqeyini xatırlayaq. Ordusu məğlub olan, işğal etdiyi yüksəklikləri itirən erməni prezident özünü o dərəcədə itirmişdi ki, hərbi əməliyyatları dayandırmaq istədiyini açıq şəkildə bildirmiş, Rusiyaya minnətçi düşmüşdü. Məhz bundan sonra prezident Putin üç günlük sükutu pozub atəşkəs razılaşmasına nail oldu. Həmçinin Sərkisyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə ürkək formada bütün hərbi birləşmələrin 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtması barədə “şərt”ini səsləndirmişdi. Sonrakı dönəmlərdə Sərkisyanın “dil”i bir az da uzandı və hərbi ritorikaya üstünlük verdi.
O zaman erməni prezident demişdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında kompromislərə hazırdır. Bunu bir neçə gün əvvəl rusiyalı ekspertlər də xatırladaraq bildirdilər ki, o zaman Sərkisyan sülh razılaşmasına hazır imiş, lakin sonrakı proseslər İrəvanın mövqeyində dəyişikliklərə səbəb oldu. Hətta S.Sərkisyan Təhlükəsizlik Şurasını yığıb Azərbaycan öz qoşunlarını aprelin 2-dən əvvəlki mövqelərə çəkməyənə qədər İrəvanın danışıqlardan imtina edəcəyini elan etmişdi. Ancaq cəmi bir neçə həftə sonra erməni prezident danışıqlar masası arxasında oturdu.
Image result for Aprel döyüşləri
Ermənistanla Azərbaycanın münaqişənin həllinə baxışlarındakı fərq ortadadır. İrəvanın mövqeyindən yuxarıda bəhs etdik. Azərbaycana gəldikdə, həmsədrlər Bakıdakı müzakirələrdən sonra açıqlamışdılar ki, prezident İlham Əliyev erməni həmkarı ilə görüşməyə hazır olduğunu deyib. 
O zaman Azərbaycan rəhbərliyi kifayət qədər konstruktiv mövqe sərgiləyərək bildirmişdi ki, Ermənistan tərəfi də razılıq versə, prezidentlərin növbəti görüşünün yerini, vaxtını dəqiqləşdirmək olar. Prezident bütün baş verənlərə rəğmən, Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ ermənilərinə yüksək status vədi də verdi. İrəvan isə Bakının bu mesajlarına təmas xətti boyu atılan mərmilərlə cavab verdi. Sonuncu sözü də Ş.Köçəryandan eşitdik.
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, cəbhədəki aprel hadisələrindən sonra Qarabağla bağlı bizim gözləntilərimiz məhz beynəlxalq qurumların bu məsələdə tutduqları qeyri-səmimi mövqeyə görə baş tutmadı:“20 ildən artıq müddətdə bu qurumlar sən demə, elə-belə vaxt keçirməklə, işğalçını müdafiə etməklə məşğul imişlər. Doğrudur, biz ictimaiyyət və mətbuat olaraq son bir neçə ildə bu məsələni dilimizə gətirsək də, rəsmilər çalışırdılar ki, bir qədər diplomatik şəkildə bunu ifadə etsinlər. Artıq hər kəsə bəlli olan odur ki, nə BMT, nə ATƏT-in Minsk Qrupu Qarabağla bağlı ölkəmizin haqq işini konkret əməldə nə müdafiə etmir, nə də, bədnam qonşularımızı öz həyasız əməllərindən əl çəkməyə məcbur etmir. Hətta ölkə başçısı, xarici işlər və müdafiə nazirləri səviyyəsində də narazılıq açıq şəkildə səsləndirilir və tələb olunur ki, nəhayət, Qarabağla bağlı status-kvonun dəyişdirilməsi ilə bağlı addımlar atılsın.
Image result for Üzeyir Cəfərov
Bu, baş vermədiyinə görə, Azərbaycan dövləti məcburdur ki, öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırsın, önun torpaqları məhz güc amili ilə azad etmək üçün praktiki vərdişlərini daha da cilallasın”. Ü.Cəfərov qeyd etdi ki, noyabrın 12-dən 18-dək keçiriləcək növbəti hərbi təlimlər də məhz bu məqsədlə xeyli əvvəl planlaşdırılmış tədbirdir, son hadisələrlə əlaqədar deyil: “Bunun son vaxtlar cəbhədə gərginləşən vəziyyətlə əsla əlaqəsi yoxdur və ordumuzun 2016-cı il üçün döyüş hazırlığı planının tərkib hissələrindən biri sayılan təlimlərdir. Baxmayaraq ki, ermənilər və havadarları öz təxribatçı əməllərinə don geyindirmək, hərəkətlərini pərdələmək üçün Silahlı Qüvvələrin bu təlimlərini də artıq öz ağılları çərçivəsində hallandırmağa başlayıblar. Lakin bu, əsla əlaqəsi olmayan bir hərbi tədbirdir. Sözsüz ki, təlimlərin gedişində ali komandanlıq tərəfindən istənilən qərar qəbul edilə bilər, amma unutmaq lazım deyil ki, bu sayda, bu masştabda təlimlər uzun müddət hazırlanır və qoşunların, şəxsi heyətin hər şeylə təmin olunması məsələləri aylarla əvvəlcədən hazırlıq tələb edən bir ağır işdir”.
Ü.Cəfərli də o fikirdədir ki, düşməni islah etməkdən ötrü növbəti bir hərbi əməliyyata gərək olacaq: “Çünki bizim səbrimiz sonsuz deyil və torpaqların əbədi işğalda qalması ilə heç zaman razılaşmayacağıq. Ona görə də işğalçı ağlını başına yığıb torpaqların işğalına son verməlidir. Əks halda cavab reaksiyası çox amansız olacaq. Bunun üçün Azərbaycanın hər cür imkanları var. Hər kəs bilsin ki, Azərbaycanın Silahlı Qüvvələri növbəti dəfə hərbi əməliyyatlara başlasa, bunu nə  ATƏT, nə Rusiya nə də ABŞ dayandıra biləcək. Düşmən daha da azğınlaşır, yeni silahlar əldə edir və Azərbaycanı yer üzündən silmək istədiyini deyir. Onlarda nə silah olursa olsun, Azərbaycan  müstəqil dövlət olaraq öz hüququnu qorumalı, nə lazımdısa onu da etməlidir”.
Image result for Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində Ermənistanın siyasəti yeni bir hərbi əməliyyatları zəruri edir: “Rəsmi İrəvan bir tərəfdən müharibədən qorxur, digər tərəfdən əlindən gələn hər şeyi edir ki, istəmədiyi müharibə başlasın. Ermənistan hakimiyyəti və cəmiyyəti öz taleyi ilə faktiki “rus ruleti” oynayır. Dağlıq Qarabağ separatçıları isə ağalarından geri qalmırlar. Separatçıların lideri Bako Saakyan noyabrın 3-də Vitaliy Balasyanı “Təhlükəsizllik Şurasının” katibi təyin edib. Balasyan tanınmış qatillərdən biridir, Əsgəranda anadan olub, Azərbaycan kəndlərinə hücumlarla və törətdiyi qətllərlə tarixə keçib. Bu şəxs açıq deyir ki, Azərbaycanla danışıqlar aparmaq lazım deyil. Yəni bu cür şəxsləri anlatmağın bir yolu var, o yol da bəllidir. Rəsmi İrəvan indi də yeni hiyləyə əl atıb.
Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara “hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır”. Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər. Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyanın lideri Aram Sərkisyanda eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə “ağıllarına” gələn “danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin” fikri olub. Bununla İrəvan iki məqsəd güdür. Birinci məqsəd odur ki, guya İrəvan Dağlıq Qarabağın əvəzinə qərar verə bilməz, hətta onlar hipotetik olaraq danışıqlar prosesində Bakı ilə nəyəsə razılaşsalar, Xankəndinin “yox” cavabı həlledici olacaq.
Image result for Aprel döyüşləri
Bununla İrəvan Dağlıq Qarabağdakı separatçıları özünün əlaltısı yox, müstəqil oyunçu kimi bizə və beynəlxalq aləmə sırımaq istəyir. İrəvanın ikinci məqsədi elə həmin beynəlxalq vasitəçilərlə həmrəylik nümayiş etdirməkdir. Çünki, təəssüf ki, həmsədrlər, özəlliklə də rusiyalı həmsədr tez-tez “danışıqlar prosesinə Xankəndinin də qoşulmasına ehtiyac var” deyir. Ermənistan hakimiyyəti anlayır ki, növbəti hərbi toqquşma qaçılmazdır. Azərbaycan ordusu bəlkə də tarixinin ən böyük hərbi təlimlərinə hazırlaşır. 60 minlik qoşunla hərbi təlimlər həm İrəvana, həm onun dəstəkçisi Moskvaya, həm də Qərbə ciddi mesaj olmalıdır”.
Image result for John Kerry and Ushakov
 
Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Qarabağ məsələsinin həllinə ümid olmadığını, danışıqların aparılmasının mənasız olduğunu demişdilər. Azərbaycan rəsmi qaydada həmsədrlərin bu mövqeyinə etirazını bildirmişdi. Hətta prezident qapalı danışıqlarda Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində təzyiqlərin olduğunu da açıqlamışdı. 
Ermənistandan gələn bəyanatlar onu deyir ki, təzyiqlər ərazi işğal edənə yox, işğala məruz qalana qarşı yönəlib. Üstəlik, mütəmadi olaraq “tərəflər razılığa gəlməlidir” tipli bəyanatlar verilir. Həmsədrlər kənara çəkilirsə, İrəvan danışıqlardan imtina edib ərazilərimizdə möhkəmlənməkdə davam edirsə, onda Azərbaycanın bir yolu qalır: müharibə. Daha doğrusu, beynəlxalq hüquqa əsasən torpaqlarını işğaldan azad edib BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etmək.
Elşad PAŞASOY
Facebook Şərhləndirmə:

Şərhinizi yazın