Menu
Geri İrəli

Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” – MÜSAHİBƏ +

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2017 • Baxış sayı: 1,362 dəfə • Şərh yoxdur
Share Button

sehid115083254012016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş Elvin Qayıbovun həyat yoldaşı Aytac Qayıbova Modern.az saytına müsahibə verib.
Elvin Qayıbov 1989-cu ilin 26 dekabrında Xaçmazda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin şəhid çavuşu Elvin Qayıbov ölümündən sonra  ”Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Modern.az saytı şəhidimizin həyat yoldaşı Aytac Qayıbova ilə müsahibəni təqdim edir.

- Aytac xanım, Elvinlə ailə münasibətləriniz sevgi üzərində qurulmuşdu, yoxsa, valideynlərin seçimi idi?

-Bir müddət bir-birimizi tanıyıb sevmişik. Sonra valideynlərimizin xeyir-duası ilə nikaha daxil olmuşuq. Ailə quranda Elvinin 25 yaşı vardı. Mən isə hələ orta məktəbdə oxuyurdum. Bir  müddət nişanlı qalmalı olmuşduq. Çünki məktəbli olduğumdan nikah yaşım deyildi. Orta məktəbi bitirdikdən sonra toyumuz oldu.

- Elvin müddətdən artıq  hərbi xidmət göstərirdi?

- Bəli. Füzulidə çavuş kimi hər xidmət göstərirdi.

- Nə vaxtsa, Elvini hərbi hissədən geri çəkmək haqqında fikirlər səsləndirirdiniz?

- Belə söhbətlər edirdik. Ailə qurandan sonra Elvinlə Füzulidə 3ay yaşamalı oldum. İşi çətin idi. Orada olandan sonra bir daha əmin oldum ki, hərb sahəsi asan deyil. Hər an sevdiyin insanı itirmək təhlükəsi yaşayırsan. Elvin hiss edirdi ki, o, hərb sahəsinə qayıdanda mən çox narahat oluram. Söz vermişdi ki, xidmətinin 3 ili tamam olan kimi tərxis olunacaq.
2016-cı ilin 4 aprelində Elvinin 3 ili tamam olurdu və o həmin gün ailəsinin – bizim yanımıza qayıdacaqdı. Amma elə həmin gün şəhid oldu. Hətta komandiri də  Elvinin  bu işdən uzaqlaşmaq fikrindən xəbərdar idi. Sadəcə demişdi ki, 10 gün də gözlə, sonra çıxıb gedərsən. Biz nə biləydik ki, belə bir hadisə olacaq. Özü də Elvin evdən 7 gün olardı ki, hərbi hissəyə geri dönmüşdü. Martın 27-si məzuniyyət vaxtı bitmişdi.

- Sonuncu telefon danışıqlarınız zamanı sizə nə deyirdi?

-  Onunla hər gün danışırdım. Amma hər danışanda halallıq istəyirdi. “Mənə nə etmisənsə, halal elə” deyirdi.

- Son istəyi nə olmuşdu?

- Başqa istəyi də vardı. “Mənə bir şey olsa get, xoşbəxt ol” demişdi.

- Dedidiz ki, Elvinin ili çıxan kimi qaynatanızgilin evini tərk etməli oldunuz. Kimdən gəldi belə bir addım atmaq?

- Bu ilin 10 aprelində Elvinlə yaşadığımız evdən çıxmalı oldum. Çox çətin idi Elvinsiz o evdə yaşamaq. Hələ də inana bilmirəm ki, 1 il o evdə necə yaşamışam. Elə bilirdim ki, o evdən sağ çıxmayacam. Qaynanam, qaynatam və mən bir il bir yerdə yaşadıq.  Elvinsiz onun valideynlərinin üzünə baxmaq çox çətin idi.

- Hazırda Elvinin ailəsi ilə əlaqə saxlayırsınızmı?

- Hər gün telefon əlaqəmiz olur.

- Elvinin ata-anası nə arzulayır sizə?

- Nə arzulayacaqlar ki?! Deyirlər, get xoşbəxt ol. Onlara gedib-gəlirəm, baldızlarımla görüşürəm. Əlaqəni kəsməmişəm. Yenə də mənim üçün qaynana, qaynata olaraq qalırlar.

- Əslində hər bir sualı çətinliklə verirəm. Bildiyimə görə, övladınız yoxdur. Hər halda, Elvin övladının olması barədə xəyallarını dilinə gətirməmiş olmazdı.  Çünki hər kəsin ata, ana olmaq arzusu olur.

- Elvinin də ata olmaq arzusu vardı. O, uşaqları çox sevirdi. Həmişə arzulayırdı ki, əkiz uşaqları olsun. Deyirdi ki, mənim də əkiz uşaqlarım olacaq. Elvin 3 dəfə əməliyyat olunduğu üçün evləndikdən sonra 3 dəfə məzuniyyət götürmüşdü. Həkimlərin göstərişi ilə bu əməliyyatlar həyata keçirilmişdi. Elə sonuncu dəfə əməliyyat olunub, o gedən getdi.

- Elvin yuxularınıza gəlirmi? Onun xəyalı ilə nə danışırsınız?

- Elvinlə yaşadığım evdə olanda hər axşam yuxularıma gəlirdi. Elə hey “gələcəyəm” deyirdi. Amma qaynatamgildən ayrılıb ata evinə gedəndən sonra Elvin yuxuma az-az gəlir.

- Amma insanın ümidi heç zaman ölmür.

- Hələ də Elvinin yoxluğuna inana bilmirəm. Elə bilirəm ki, o nə vaxtsa qayıdıb gələcək.

- Baş verənlərə, yaşananlara baxmayaraq, həyat  davam edir.  10, 15, 20 ildən sonra başımıza nələrin  gələcəyini bilmirik. Elvinin arzusunu nə vaxtsa yerinə yetirmək istəyərsinizmi?. Çünki sizə “mən olmasam,  xoşbəxt ol” deyib.

- Zaman göstərər. Həyatda hər şey ola bilər.

- Nişan üzüyünüzü də özünüzlə ata evinə apardınız, yoxsa…

- Elvinin barmağıma taxdığı nişan üzüyü məndədir.

- Bəs sizin ata- ananız nə düşünür? Sizdən bir istəkləri varmı?

- Ata-anam məni düşüncələrimdən uzaqlaşdırmaq istəyir. Çalışırlar ki, həyata baxmağı bacarım. Yenidən ailə qurmağımı, xoşbəxt olmağımı  arzulayırlar.

- Siz danışdıqca hiss etdim ki, sevginiz ilk gündəki kimidir.

- Bu sevgi heç vaxt ölməyəcək. Harda və kimin yanında olsam belə, Elvinə olan sevgim ölməyəcək. Onun kimisi olmayacaq. Başqasını Elvini sevdiyim kimi sevə bilməyəcəm. Onun gözlərinə baxdığım kimi, baxa bilməyəcəm.

- Yqəin Onu hər gün xatırlayırsınız…

- Əlbəttə, elə bir gün olmur ki, o, yadıma düşməsin.

- Həm də çox darıxırsınız…
- Lap çox darıxıram…

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın