Menu
Geri İrəli

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2017 • Baxış sayı: 414 dəfə • Şərh yoxdur
Share Button

0ed11167892b716c394e43aac453140cDövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2637 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Məlumat üçün bildirək ki, imtahanda 35433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18681 abituriyent II qrup üzrə, 16752 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 32089 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16612, III qrup üzrə 15477 nəfər), 3344 nəfəri isə rus bölməsinin (II qrup üzrə 2069, III qrup üzrə 1275 nəfər) məzunudur. Abituriyentlərin 16233 nəfəri oğlanlar (II qrup üzrə 11687 nəfər, III qrup üzrə 4546 nəfər), 19200 nəfəri isə qızlardır (II qrup üzrə 6994 nəfər, III qrup üzrə 12206 nəfər). 26778 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 8655 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 49 nəfər ali təhsil müəssisələrinin, 1342 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2002-ci ildəndir.

Bakı şəhərində 15617, Naxçıvanda 1618, Gəncədə 3746, Sumqayıtda 1678, Mingəçevirdə 1471, Şəkidə 2064, Bərdədə 2313, Göyçayda 1401, Şirvanda 1697, Lənkəranda 2376, Xaçmazda isə 1452 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 65-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və – 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkili olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək. Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın