Menu
Geri İrəli

Avtomobil ustası narkotik satan dostunu polisə niyə satdı – Sumqayıtda aldığı külli miqdarda heroini…

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2017 • Baxış sayı: 586 dəfə • Şərh yoxdur
Share Button

heroinBakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 34 yaşlı Beyləqan rayon sakini Novruz Arazovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Novruz Arazov bu ilin fevral ayının əvvəllərində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən aldığı külli miqdarda heroini Azər Məmmədkərimova satmaq üçün Quba rayonuna gedib. A.Məmmədkərimovun ərizəsi əsasında Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 300 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Novruz Arazov ifadəsində bu ilin əvvəllərində çoxdanışan olduğuna görə hamının “Çənə Ramiz” kimi tanıdığı şəxslə təsadüfən Corat qəsəbəsində rastlaşdığını, sonuncunun yapışqan lentlə bağlanmış bükümü ona verdiyini, saxlamasını xahiş etdiyini göstərib. Ramizdən nə olduğunu soruşduqda, heron olduğunu bildirib. Əvvəlcə götürmək istəməsə də, sonra razılaşıb. Heroini həmin gün Balaxanı qəsəbəsində torpağa basdırıb ki, sonradan “Çənə Ramiz”in özünə qaytarsın. Amma bir neçə dəfə Ramizlə əlaqə saxlamağa çalışsa da, ona zəng çatmayıb. Belə olan təqdirdə heroini satmaq qərarına gəlib. Bu səbəbdən də narkotik maddələrdən istifadə etdiklərinə görə əvvəllər məhkumluq həyatı yaşamış köhnə tanışlarına xəbərdarlıq edib. Kimə heroin lazım olarsa, onunla əlaqə saxlamağı bildirib.

Həmin ərəfədə avtomobil təmiri sexində tanış olduğu Azərə ucuz heroin olduğunu bildirib: “Azər dediklərimə məhəl qoymadı. Hər dəfə rastlaşanda pula ehtiyacım olduğunu, ona görə də, heroini ucuz qiymətə satmaq istədiyimi dedim. Aprelin 5-də Azər zəng vurub 500 qram heroin lazım olduğunu söylədi. Mənsə təxminən 300 qram tapa biləcəyimi dedikdə, narkotiki götürüb Qubaya gəlməyimi xahiş etdi. Onunla qiymət söhbəti eləmədim, çünki pula ehtiyacım vardı, özüm də istifadə etmirdim deyə, tez bir zamanda satmaq istəyirdim”.

N.Arazov iki gün sonra Qubaya yola düşüb. Azərlə şəhərdəki “Favorit” marketin qarşısında görüşməyi vədələşən N.Arazovu polis əməkdaşları “qarşılayıb”: “İstədim zəng vurum, gördüm yolun o biri üzündə dayanıb. Taksidən düşüb Azərin yanına yaxınlaşmışdım ki, bir neçə nəfər şəxs mənə yaxınlaşıb polis əməkdaşları olduqlarını dedilər. Azərin polisə məlumat verdiyini başa düşdüm”.

Şahid qismində dindirilən Azər Məmmədkərimov ifadəsində Novruz Kərimovun ona ağrıları olduğuna görə arada narkotik vasitələrdən istifadə etdiyini, əgər lazım olarsa, qramı 55 manata heroin təşkli edə biləcəyini dediyini göstərib: “Qubada olarkən Novruz yenə zəng vurub heroinlə bağlı işarə vurdu. Bu dəfə onun narkotik satması ilə bağlı təklifini özümdə götür-qoy etdikdən sonra cəmiyyəti zəhərləyən bu kimi insanların ifşa edilməsini qərara aldım. Ona görə də, zəng vurub dedim ki, 500 qram heroin lazımdır. Quba Rayon Polis Şöbəsinə gedib narkotik satışı ilə məşğul olan şəxs barədə məlumat vermək istədiyimi dedim. Novruz mənə yaxınlaşarkən polis əməkdaşlarına işarə etdim. Polislər Novruzun üzərinə baxış keçirdilər. O, səmimi etiraf edərək heroini “Çənə Ramiz”dən aldığını, Qubaya satmağa gətirdiyini dedi”.

Məhkəmənin hökmü ilə Novruz Arazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Virtualaz.org

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın