Menu
Geri İrəli

Azərbaycan Dövlət Pedaqoji Universiteti yeni inkişaf mərhələsində

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2016 • Baxış sayı: 797 dəfə • Şərh yoxdur

adpuTarixi vərəqləsək, görərik ki, Azərbaycan ziyalıları xalqımızın gələcəyi, inkişafı, bir xalq, bir millət olaraq var olmağı, ayaqda durmağı üçün, ən vacib amil olaraq elmi, təhsili seçmişlər. Nizami Gəncəvi yazırdı ki, Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz.  Nəsimi də bu fikirdə idi. Nəsimiyə görə, Allahı-haqqı elmlə dərk etmək olar. Məhəmməd Füzuli elmsiz şeiri özülsüz divara bənzədirdi.Növbəti mərhələdə Xətai, sonralar Molla Pənah Vaqif, XIX yüzildə Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə millətin gələcəyini elmdə, təhsildə görürdülər. Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və adlarını çəkmədiyimiz neçə-neçə mütəfəkkirlərimiz Azərbaycan-türk-müsəlman balalarının oxuması, müasir dünyaya inteqrasiya etməsi üçün necə məhrumiyyətlərə dözdülər, məktəb yaratdılar.

1905-1906-cı illər Azərbaycan müəllimləri bir araya toplandılar. Təhsilimiz , gələcəyimiz üçün qayğılandılar. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev kimi xeyriyyəçilər xalqımızın, təhsilimizin gələcəyinə sərmayə qoydular. Bu qədər zəhmətin, əzmkar, məqsədyönlü və yorulmadan aparılan mübarizənin nəticəsi olmalı idi,oldu da. Elm üçün, təhsil üçün qəlbi təşnə olan xalq və bu xalqın qəhrəman oğulları, elə Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə yetişən Nəriman Nərimanovun imzası ilə 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU) yaradıldı.

Bu İnstitut görkəmli ziyalılarımızın uzun illər apardığı gərgin, səmərəli zəhmətin bəhrəsi, ən böyük arzusu idi. Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Sultan Məcid Qənizadənin və minlərlə azərbaycanlının arzusu idi.  Sözüm odur ki, ADPU min illər boyu bu torpaqlarda yaşayan Azərbaycan xalqının və bu xalqın yolunda bir şam kimi əriyən müəllimlərin əsəridir. İndi bu elm ocağı, bu təhsil qalası 95 yaşını qeyd etməyə hazırlaşır. Az zaman deyil, 100 ilə beş il qalır. Yarandığı bu bir əsirlik zamanı on illiklərə bölsək və hər on ilə ayrı-ayrılıqda baxsaq-onun müəllimlərinin nəyə qadir olduğun, nə qədər böyük uğurlar əldə etdiyinin şahidi olarıq. Qətiyyətlə deyə bilərik ki, ADPU Azərbaycan maarifi tarixinin yüzillik salnaməsidir. Biz bu salnamənin səhifələrində Ü. Hacıbəyli, M.Quliyev, V. Xuluflu, B. Çobanzadə, F. Rzabəyli, C. Hacıyev, M.Mehdizadən, M.Vəkilov və digər yüzlərlə ziyalıların imzasını görə bilirik.

ADPU Azərbaycan təhsilinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixinin canlı əfsanəsidir. Mübaliğəsiz demək olar ki, ADPU tariximizə adını şərəflə yazmış bir çox insanların çalışdığı, auditoriyalarında nəfəs aldığı bir elm məbədgahıdır. ADPU-nun hər daşı, hər pilləsi, hər auditoriyası tarixin canlı şahididir. Bu tarixin ən şanlı, ən parlaq səhifəsi 1971-ci ilin dekabr ayına təsadüf edir. Məhz bu zaman kəsiyində tarixə təkan verən, Azərbaycan adlı bir dövlətin yaradıcısı umummilli liderimiz Heydər Əliyev ADPU-da kollektiv qarşısında hərtərəfli və dərin məzmunlu nitq söyləmiş, Azərbaycan müəlliminə ən yüksək dəyər vermişdir. Dahi rəhbər ADPU-nun fəaliyyətini dərindən təhlil edərək, professor-müəllim heyəti qarşısında duran vəzifələrdən danışmışdır. İki il sonra ADPU bir daha tarixin canlı şahidinə çevrildi.

Xalqın müəllimi, Ulu Öndər yenidən bu elm ocağına gəldi.  Rəhbərin növbəti gəlişi, tələbələr, professor-müəllim heyəti qarşısında çıxışı böyük ruh yüksəkliyi, coşqu ilə qarşılanmış, xüsusilə gənclərin yaradıcılıq əzminin artmasına səbəb olmuşdu. Əminliklə söyləmək olar ki, ötən əsrin 70-80-ci illərində ADPU ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan təhsil siyasətinin hərəkətverici qüvvəsinə çevrilmişdi. ADPU sözün həqiqi mənasında öz qızıl dövrünü yaşayırdı. Həyat yolu heç bir zaman hamar, dərəsiz-təpəsiz olmur. ADPU da keçdiyi 95 illik bu ömür yolu asan və hamar olmamışdır. Müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi ADPU-da da bir durğunluq yaşandı.1993-cü ildə umummilli lider Heydər Əliyevin böyük siyasətə qayıdışı, Azərbaycanı xilas etməsi bütünlükdə dövlətin xilası ilə bərabər onun təhsilini, mədəniyyətini də xilas etmiş oldu.

Bu dirçəliş Azərbaycan pedaqoji təhsilinin öncülü olan ADPU-nun da yenidən inkişafına, yeni- yeni nailiyyətlərinə səbəb oldu. 1998-ci ildə Təhsil İslahat Komissiyası, 1999-cu ildə Təhsil İslahat Proqramı, umummilli lider Heydər Əliyevin imzaladığı məlum fərmanlar milli təhsil siyasətinin idealoji əsəslarını yaratmaq, təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasına təkan verməklə yanaşı, ölkəmizdə müəllim kadrlarının hazırlanmasında əvəzssiz rolu olan Pedaqoji Universitetin inkişafı üçün də zəmin yaratdı.

Ulu öndər Heydər Əliyevin sağlam təməllər üzərinda qurduğu Azərbaycan bu gün öz inkişaf zirvəsindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəxsi təşəbbüsü ilə həyata keçirilən islahatlar, genişmiqiyaslı infrastruktur layihələri xalqımızın sosial rifahının yüksəlməsi ilə yanaşı təhsil sistemini də köklü surətdə inkişaf etdirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli “ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilimizə göstərilən qayğının növbəti bariz nümunəsidir. ADPU respublikamızda həyata keçirilən bu təhsil siyasətinin tərkib hissəsi-strateji əhəmiyyətə malik olan elm və təhsil məbədidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2016-cı il 23 iyun tarixində tanınmış elm və təhsil xadimi, professor Cəfər Məmməd oğlu Cəfərovun ADPU-ya rektor təyin olunması barədə imzaladığı Sərəncam dövlət başçısının ADPU-ya göstərdiyi diqqət və qayğının əyani təzahürü kimi qarşılandı. Qazanılmış uğurlar, əldə edilmiş müəyyən nailiyyətlərə baxmayaraq ADPU-nun yeniliyə, müasirliyə, inkişafa, qabaqcıl dünya universitetləri sırasına çıxmaq ehtiyacı bu təyinatı zəruri etmişdi. Təhsil ictimaiyyəti, universitet kollektivi tərəfindən razılıq hissi ilə qarşılanan bu təyinat dövlətin müəllim hazırlığına, təhsilimizə göstərdiyi diqqət və qayğısı olmaqla yanaşı, universitet rəhbərliyi və kollektiv qarşısına qoyulan mühüm, kompleks islahatların uğurla reallaşacağından xəbər verir.

ADPU-nun professor- müəllim heyəti, tələbələr yeni təyinat xəbərini mediadan aldıqdan sonra həyəcanla universitet rektorunu-proessor Cəfər Cəfərovun universitetə gəlişini gözləyirdilər. 24 iyun 2016-cı il tarixində, səhər saat səkkiz tamamda ADPU-nun əsas giriş qapısından sadə geyimli bir müəllim universitetə daxil oldu. Bu müəllim bir əsrlik tarixi keçmişə malik ADPU-nun yeni rektoru, professor Cəfər Cəfərov idi. ADPU-nun yeni rektoru, professor, Cəfər Cəfərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ona etimad göstərərək təyin etdiyi vəzifəyə, müəllim hazırlayan ali məktəbin rəhbəri vəzifəsinə belə bir sadəliklə, yeniliklə başladı. Keçdiyi həyat yolu, tarixə umummilli lider Heydər Əliyev, Cəlil Məmmədquluzadə, Hüseyin Cavid kimi dahilər bəxş edən bir diyardan olması, dünyanın ən nüfuzlu universitetlərində təhsil alması, Nyu-York Universitetində, Birləşmiş Millətlər Təşkilatı kimi mötəbər qurumlarda çalışaraq qazandığı təcrübə, elm və idarəçilikdə əldə etdiyi uğurlar ona imkan verir ki, ADPU-nu, bu nəhəng təhsil ocağını yenidən qursun, dünya universitetləri sırasına çıxarsın, universitetin uzun illərdən bəri həllini tapmayan problemlərini bağlı qapılar arxasından deyil, onun tələbələri və müəllimləri ilə birlikdə həll etsin. Dünyanın ən aparıcı universitetlərində, BMT-də işləyən zaman ədə etdiyi yüksək təcrübə professor Cəfər Cəfərova imkan verir ki, o, işə hər gün iş otağından deyil, universitetin auditoriyalarında, kafedralarında, tələbələrin arasında olmaqla başlasın. 23 iyun 2016-cı ildən bu yana ADPU-da bir ilk yaşanır. Universitetlə, tədrislə, müəllim hazırlığı ilə bağlı bütün məsələlər universitetin kollektivi, professor-müəllim heyəti ilə bir yerdə müzakirə olunur, on illərlə yığılıb qalan problemlər həll edilir. Hər həftənin sonuncu iş günü-6-cı gün müəyyən bir fakültənin müəllim və tələbələri ilə görüşlər keçirilir, müəllim və tələbələrin problemləri dinlənilir. Son dörd ay ərzində professor, Cəfər Cəfərov 600 nəfərdən çox kollektiv üzvünü qəbul etmiş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. Professor Cəfər Cəfərov ADPU-ya boş portfellə gəlməmişdir.Onun qarşısında universitetin inkişafı, yenilənməsi, dünya səviyyəli universitetlər sırasına çıxarılması ilə əlaqədar konkret fəaliyyət planı vardır.O, bir rəhbər olaraq qarşısında duran hədəfləri, gələcəkdə icra olunacaq islahatları açıq şəkildə ictimaiyyətə, professor-müəllim heyətinə, tələbələrinə bəyan etmişdir. Rektor Cəfər Cəfərov dəfələrlə bildirmişdir ki, ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilin məzmun və formasının təkmilləşdirilməsi, professor-müəllim heyəti ilə tələbə kollektivi arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması qarşıda duran başlıca vəzifələrdir. 23 iyun 2016-cı il tarixindən bu yana görülən işlər onu deməyə əsas verir ki, hədəf kimi seçilən pioritetlər uğurla reallaşacaqdır. Diqqət yetirsək görərik ki, yeni rəhbərlik ilk olaraq vaxtilə süni surətdə şişirdilmiş ştat cədvəlini səliqəyə salır, yerində olmayan, ixtisasına uyğun işləməyən kadrları işdən uzalaşdırır. Bu isə o deməkdir ki, indi bir nəfər işləyib beş nəfər maaş almamalı, ədalətli, rəqabətli sağlam iş mühiti yaradılmalıdır. Alqışlanmalıdır. Universitet binasının neçə mərtəbəsi, kafedralar, auditoriyalar qısa müddət ərzində əsaslı təmir edildi. Qidaların baha, keyfiyyətsiz və çeşidsiz oldugu tələbə yeməkxanası yüksək zövq və keyfiyyətlə təmir olundu, yeməklərin keyfiyyəti yüksəldi, qiymətləri isə aşağı endirildi.

Bu gün universitetin rektoru, professor Cəfər Cəfərov əvvəlkilər kimi kabinetində deyil, tələbələrlə birlikdə tələbə yeməkxanasında nahar edir. Örnək olmalı haldır! ADPU-nun rektoru, professor Cəfər Cəfərov əməkdaşlar, professor- müəllim heyəti qarşısında şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması kimi mühim vəzifələr qoymuşdur. Qeyd edək ki, ötən onilliklər ərzində ADPU-da şəffaf və obyektiv təhsil mühitinin yaradılmasına cəhdlər, şəffaflığı, dürüstlüyü təmin etmək, imtahanlarda neqativ halların qarşısını almaq yalnız imtahanı komputerlə götürməklə məhdudlaşırdı. Yanlış yanaşma idi. Yüz ilin universiteti uğursuz təcrübə laboratoriyasına çevrilmişdi. Bu da öz növbəsinda ona gətirib çıxardı ki, müəllim kimi, həyata vəsiqə alan gənc bəzən öz fikrini ifadə edən kiçik bir mətn belə yazmaqda çətinlik çəkirdi. Bütün bunları yüksək peşəkarlıqla, idarəçilik təcrübəsi ilə müşahidə edən professor Cəfər Cəfərov 2016-2017-ci tədris ilində universitet daxilində biliyin qiymətləndirilməsi zamanı imtanların yalnız kompüterlə aparılmasını məqbul saymadı.

Deməli, bu ildən etibarən universitet daxilində biliyin qiymətləndirilməsinə göstəriləcək diqqət, ciddi nəzarət, yazılı üsulla keçiriləcək payız imtahan sesiyasında şəffaflığı, obyektivliyi təmin edəcəkdir. Bununla yanaşı, tələbələrin öz bilik və bacarıqlarını ifadə etmək, fərqlənmək, yüksək ixtisaslı kadr kimi yetişmək imkanları genişlənəcəkdir. Rektor professor Cəfər Cəfərov bəyan etmişdir ki, universitetdə təhsilin məzmunu müasirləşdirilməli, universitetin fəaliyyəti köklü surətdə yenidən qurulmalı, bununla əlaqədar konkret fəaliyyət planı hazırlanmalı, dünya təcrübəsi, həmçinin respublikamızda toplanmış qabaqcıl təcrübə öyrənilərək tətbiq edilməli, peşə hazırlığı fənləri ilə yanaşı xarici dillərin tədrisi gücləndirilməli, tədris planları təkmilləşdirilməli, tələbələrin dərslik və dərs vəsaitləri ilə təminatı yaxşılaşdırılmalı, kitabxana fəaliyyətinin modernləşdirilməsi, elektron kitabxana şəbəkəsinin rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi, eyni zamanda beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsi qarşısda duran əsas hədəflərdir. Həllini gözləyən işlərlə əlaqədar son dörd ay ərzində artıq ilk əməli addımlar atılmışdır.

Universitetin fəaliyyətinin yenidən qurulması ilə əlaqədar Təhsilin idarə olunması və təhsil texnologiyaları mərkəzinə yeni, təcrübəli, tədrisin ən həssas nöqtələrinə bələd olan mütəxəssislər gətirilərək onlara rəhbərlik dosent Sənan Əliyevə həvalə edilmişdir. Bu təyinat universitetdə tədris prosesinin təkmilləşdirilməsində irəliyə doğru atılan ilk addım kimi dəyərləndirilə bilər. Struktur, inzibati idarəçilikdə aparılan islahatlar genişmiqyaslıdır, davamlı və əhatəlidir. “İnsan resursları” şöbəsinin yaradılması və bu şöbəyə daha təcrübəli mütəxəssisin-Avtandil Bayramovun müdir təyin edilməsi idarəçiliyin çevik, müasir tələblərə cavab verən şəkildə qurulmasına-optimallaşdırılmasına hesablanmış addımdır. Qısa müddət ərzində çəkilən zəhmət, iradə, zəngin təcrübə öz sözünü deməkdədir. Mövlana Cəlaləddin Ruminin bir sözü var, Rumi deyir ki, yaxşı insan xoşbəxtlik, pis insan təcrübə, səhvə yol verən insan dərs, mükəmməl insan iz qoyar, gedər. Bu sözləri ADPU-nun rəhbər şəxslərinə aid etsək, tam səmimiyyətlə demək olar ki, professor Cəfər Cəfərovun qısa müddət ərzində gördüyü işlər mükəmməl insanın qoyduğu izdir.

ADPU tarixi kökləri, müəllim hazırlığı sahəsində təcrübəsi olan starateji təhsil müəssisəsidir. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya birləşdirildi. Böyük bir kollektivi özündə birləşdirən Azərbaycan Dövlət Pedaqoji Universiteti hazırda 20 minə yaxın tələbənin təhsil aldığı nəhəng bir universitetə çevrilmişdir. Bu qədər geniş imkanlara, elmi resurslara malik bir elm ocağının dünya universitetləri sırasına qatılması, hazırladığı kadrların müasir tələblərə cavab verən, Azərbaycanın gələcək təhsil siyasətində yer tutacaq kadrlar kimi yetişdirilməsinə heç bir əngəl yoxdur. Başda rektor, professor Cəfər Cəfərov olmaqla universitet rəhbərliyinin, professor- müəllim heyətinin düzgün elmi əsaslara, beynəlxalq təcrübəyə söykənən idarəçilik sistemi imkan verəcəkdir ki, ADPU öz 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin arzuladığı dünya səviyyəli bir universitetə çevrilsin. O zaman biz əminliklə deyə biləcəyik ki, S. Ə Şirvani, M.F. Axundov, C.Məmmədquluzadə, N. Nərimanovdan gələn bu maarif işığı Azərbaycan xalqı üzərində bir günəş kimi parlamaqdadır. Bəhram CƏFƏROĞLU

Facebook Şərhləndirmə:

Şərhinizi yazın