Menu
Geri İrəli

Azərbaycanda bəzi sürücülər təhlükəsizlik kəməri taxmaya bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2017 • Baxış sayı: 753 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanda bəzi sürücü və sərnişinlərin avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsinə icazə verilir.

“Report” xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin I bəndinin 6-cı hissəsinə əsasən, 12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir.

“Report” məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət edib. V.Əsədov bildirib ki, həmin siyahı adıçəkilən qanun qüvvəyə mindiyi gündən bu yana baş verən yol-nəqliyyat hadisələrinin təhlili əsasında hazırlanaraq qəbul edilib.

Vaqif Əsədovun sözlərinə görə, sürücü avtomobili təhlükəsizlik kəməri taxılı vəziyyətdə geriyə verirsə, bu, həmin şəxsə çətinlik yaratdığından, ona kəmər bağlamamağa icazə verilir: “Yaxud sükan arxasında və sərnişin qismində oturan hamilə qadına kəmərin bağlanması ona hərəkətlə bağlı problem yaradırsa, həmin şəxslərə də bu səbəbdən icazə verilir. Eyni zamanda 12 yaşınadək uşaqlar qabaqda mütləq xüsusi oturacaqda oturmalıdır. Həmin oturacağın özünün təhlükəsizlik kəmərini əvəz edən 4 və ya 3 nöqtədən ibarət xüsusi kəmər var. Arxa oturacaq məsələsi ölkə qanunvericiliyində nəzərdə tutulmadığından, arxada xüsusi oturacaqların quraşdırılması ilə bağlı inzibati xəta tərkibi yaradan maddə yoxdur. Ancaq bir sıra xarici dövlətlərdə, o cümlədən inkişaf etmiş ölkələrdə yol polisinin cəza yazıb-yazmasından asılı olmayaraq, əksər vətəndaşlar öz övladlarınının təhlükəsizliyini təmin etməyə çalışır”.

Qurum rəsmisi onu da qeyd edib ki, operativ nəqliyyat vasitələrinin sürücüləri (yol polisi, təcili tibbi yardım, yanğınsöndürən və s.) zərurət yarandıqda “Yol hərəkəti haqqında” qanunun müvafiq maddəsinin tələblərini poza bilir: “Qanun buna icazə verir. Belə nəqliyyat vasitələrinin sürücüləri başqa sürücülərdən fərqli olaraq operativlik naminə təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da təbii ki, təhlükəsizliyi təmin etmək şərti ilə olur”.

İdarə sözçüsü deyib ki, Bakı şəhəri üzrə təhlükəsizlik kəmərlərindən istifadə etməməyə görə xeyli sayda sürücü saxlanılır və cərimələnir: “Tərtib edilən protokollar əsasında günbəgün kəmərlərdən istifadə edənlərin sayında artımın olduğunu müşahidə edirik. Sürücü ilə yanaşı, sərnişin də kəmər bağlamırsa, onun da barəsində inzibati tənbeh tədbirlərinin görülməsinə qanun icazə verir. Təhlükəsizlik kəmərini bağlaması insanın öz həyatını, sağlığını düşünməsi deməkdir. Yəni bu, onun özünə faydalıdır. Belə ki, kəmər düzgün bağlanılırsa, bu həm qanunvericiliyin tələblərinə riayət edilməsi, həm yol mədəniyyətinin formalaşması, həm də baş verəcək qəza zamanı sürücü və sərnişinin həyatının 60 faiz qorunması deməkdir. Unutmaq lazım deyil ki, yollarda quraşdırılan kameralar vasitəsilə hərəkət zamanı kəmərin taxılmaması halları foto-material şəklində hazırlanır”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın