Menu
Geri İrəli

Azərbaycanda təhlükəli tullantıların saxlanılması qaydası dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2016 • Baxış sayı: 143 dəfə • Şərh yoxdur

EB7DEF54-E9ED-4EE8-BAA0-85F67789384D_cx0_cy11_cw0_mw1024_s_n_r1

Nazirlər Kabineti “Təhlükəli tullantıların saxlanılması Qaydası”nı təsdiq edib.

Bu Qayda müəssisələrdə, istehsalat və xidmət sahələrində, təşkilatlarda və ya onların struktur bölmələrində təhlükəli tullantıların ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə saxlanılması və təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) yerləşdirilməsi (saxlanılması və ya basdırılması) qaydalarını müəyyən edir.

Bu Qayda zərərli qazlara, tullantı sularına və radioaktiv tullantılara şamil edilmir. Tullantıların çeşidlənməsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə həyata keçirilməlidir. Çeşidləndikdən sonra təhlükəli tullantıların bir-birinə qarışmaması və ətraf ərazilərə yayılmaması üçün tez bir zamanda müvafiq qablarda (konteynerlərdə, tutumlarda, qutularda, sukeçirməyən hermetik kisələrdə, çəlləklərdə) qablaşdırılmalıdır. Təhlükəli tullantılar pasportlaşdırılmalıdır. Müəssisədə təhlükəli tullantıların saxlanılması məqsədi ilə müvafiq ərazi müəyyən edilməli, təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi ətraf mühitdən təcrid olunmalı, həmçinin təhlükəlilik barədə müvafiq xəbərdaredici nişanlar və ya lövhələr quraşdırılmalı, təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi kimyəvi maddələrlə aşılanmaya davamlı materialla döşənməli, perimetri boyu hasarlanmalı, mühafizə olunmalı və təhlükəsizliyinə cavabdeh şəxs təyin edilməli, təhlükəli tullantıların saxlanıldığı ərazidə tullantılar ilə hər hansı əməliyyatın (qabların vəziyyətinin yoxlanılması, zədələnmiş qabların yeniləri ilə əvəz edilməsi və ya yerlərinin dəyişdirilməsi, ərazidə təmir-bərpa işlərinin aparılması, texnikanın hərəkəti, tullantıların yüklənilməsi, boşaldılması və s.) həyata keçirilməsi üçün normal şərait olmalı, təhlükəli tullantıların saxlanılması ilə bağlı əməliyyatlar Müəssisə rəhbərliyinin icazəsi əsasında və ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə həyata keçirilməli, həmin əraziyə kənar şəxslərin girişi qadağan edilməlidir. Eyni zamanda təhlükəli tullantı saxlanılan qabların üzərində tullantının adı, təhlükəlilik xüsusiyyəti, aqreqat halı, çəkisi (və ya həcmi), qablaşdırıldığı tarix və tullantının insansağlamlığına zərərli təsiri barədə müvafiq qeydlər olmalı (bu qeydlər pozulduğu halda, onlar dərhal bərpa edilməlidir), təhlükəli tullantıların növünə və həcminə uyğun lazımi sayda qab olmalı, təhlükəli tullantılar saxlanılan qablar hermetik, o cümlədən fiziki, kimyəvi və mexaniki təsirlərə davamlı olmalı (qabların hermetikliyi və texniki vəziyyəti Müəssisənin təhkim edilmiş müvafiq işçi heyəti tərəfindən həftədə üç dəfədən az olmamaq şərtilə yoxlanılmalı və bu barədə müvafiq kitabda qeydiyyat aparılaraq imza ilə təsdiq edilməlidir), təhlükəli tullantılar saxlanılan qabların hermetikliyinin pozulduğu, korroziyaya və ya deformasiyaya uğradığı və bu kimi digər hallar aşkar edildikdə, Müəssisənin işçi heyəti tərəfindən bu qablar eynitipli və həcmli qablarla əvəz edilməli, təhlükəli tullantılar saxlanılan qablar boşaldıldıqdan sonra (tullantılar digər müəssisələrə və ya təhlükəli tullantıların yerləşdirilməsi obyektinə təhvil veriləndən sonra qablar geri qaytarıldığı təqdirdə) onlar müəssisənin işçi heyəti tərəfindən təmizlənməli, hermetikliyi, texniki vəziyyəti yoxlanılmalı və istifadəyə yararlı olduğu halda, eyni növdən olan tullantıların yığılması üçün yenidən istifadə edilməli (istifadəyə yararsız qablar təhlükəli tullantı hesab olunur), müəssisədə əmələ gələn böyük həcmdə təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi bu tullantıların həcminə uyğun hesablanmalıdır.

Təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazidə maye şəkilli təhlükəli tullantıların sızması, axması, dağılması və səpələnməsi baş verdikdə, müəssisənin işçi heyəti tərəfindən onun qarşısı təcili alınmalı və çirklənmiş yerlər tez bir zamanda təmizlənərək bərpa edilməlidir (bu məqsədlə qumdan istifadə edərək tullantılar yığışdırılmalı, döşəmə quru əskilərlə silinməli, bundan sonra müvafiq həlledici qatılmış su və ya 10 faizli soda məhlulu ilə yuyulmalıdır, bu işlər fərdi mühafizə vasitələrində görülməlidir, axmış, dağılmış və səpələnmiş tullantıların üstü ilə gəzmək qadağandır). Təhlükəli tullantılardan təkrar xammal kimi istifadə edilməsi və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsi “İstehsalat və məişət tullantıları haqqında” qanuna uyğun olaraq təmin olunmalıdır. Ətraf mühitə və insan sağlamlığına zərərli təsir riskinin qarşısını almaq məqsədi ilə təhlükəli tullantıların müəssisənin ərazisində 6 aydan çox saxlanılması yol verilməzdir və tullantıların yerləşdirilmə obyektinə (təhlükəli tullantılar poliqonuna) təhvil verilməlidir. Atmosfer havasının əlavə tozlanmasının qarşısının alınması məqsədi ilə toz şəkilli təhlükəli tullantıların hermetik tutumlarda (sisternlərdə, yaxud nəmləndirilərək və ya bərkidilərək qablaşdırılmış vəziyyətdə) daşınması təmin olunmalıdır.

Təhlükəli tullantıların müəssisədən daşınması müvəqqəti olaraq mümkün olmadıqda (pis hava şəraiti, fövqəladə hal, nəqliyyat vasitələrinin sayının azlığı və ya nasazlığı, daşınma üçün istifadə olunan yollarda təmir-tikinti və ya yenidənqurma işlərinin aparılması və s.), həmin daşınmanı təxirə salan səbəblər aradan qalxana qədər yeni tullantıların saxlanılması üçün müəssisədə müvafiq ehtiyat ərazi və qablar nəzərdə tutulmalıdır. Təhlükəli tullantıların müəssisələrdən qəbul edilməsi və ya digər müəssisələrə təhvil verilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə təhlükəli tullantının pasportunun, təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın), tullantıların qəbulu və ya təhvili, alqı-satqısı, bağışlanması və ya mübadiləsi barədə bağlanılmış müqavilələrin surətləri, tullantıların təhvil verilməsi barədə qaimələr və ya təhvil-təslim aktları aiddir). Təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) bu məqsədlər üçün təchiz edilmiş təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) həyata keçirilməlidir. Təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) üçün müəyyən edilmiş yerlər (hücrələr, bölmələr və s.) ətraf mühitdən təcrid olunmalıdır və təhlükəli tullantıların aqreqat halı nəzərə alınaraq, onların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) zamanı ətraf ərazilərə axması, səpələnməsi və ya digər yolla yayılmasının qarşısı alınmalıdır. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) bütün aqreqat hallarına malik təhlükəli tullantıların ətraf mühitə zərərli təsir vermədən yerləşdirilməsi (saxlanılması və ya basdırılması) üçün şərait yaradılmalıdır. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) təhlükəli tullantılar uzun müddət saxlanıldığından, onların getdikcə utilizasiya və istifadə edilməsi xüsusiyyətlərinin itməsi və ya ətraf mühitə zərərli təsirinin artması hallarında onlar həmin obyektdə basdırılmalıdır. Təhlükəli tullantıların basdırılacağı barədə tullantının sahibinə (mülkiyyətçisinə) rəsmi məlumat göndərilməlidir.

Təhlükəli tullantıların saxlanıldığı ərazidə bütün əməliyyatlar müvafiq tibbi müayinədən keçmiş, əməyin və yanğın təhlükəsizliyi, həmçinin yanğınsöndürmə, zəhərlənmələrin simptomları, zəhərlənmələr zamanı ilkin tibbi yardım (özünə və qarşılıqlı) üsulları üzrə müvafiq təlimatlar almış 18 yaşına çatmış işçi heyəti tərəfindən aparılmalıdır. Bununla yanaşı, işçi heyəti təhlükəli tullantıların fiziki-kimyəvi xüsusiyyətlərini, təhlükəlilik faktorlarını (toksikiliyi, yanğın təhlükəliliyi, insan orqanizminə və ətraf mühitə təsirləri və s.) bilməlidir. Təhlükəli tullantıları saxlanılması üçün nəzərdə tutulmuş ərazidə tullantıların müəyyən olunmuş miqdardan (həcmdən) artıq, həmçinin qığılcım mənbələrinin, qızdırıcı cihazların və digər istilik mənbələrinin bilavasitə yaxınlığında yerləşdirilməsi yolverilməzdir. Təhlükəli tullantılar saxlanılması üçün nəzərdə tutulmuş ərazidə kənar əşyaların, paltarların, fərdi mühafizə vasitələrinin qoyulması, siqaret çəkilməsi, oddan istifadə olunması, qida qəbulu və fasilə zamanı istirahət edilməsi qadağandır. Təhlükəli tullantılarla bağlı əməliyyatlar başa çatdıqdan sonra işçi heyəti yuyunmalıdır. Təhlükəli tullantılarla bağlı əməliyyatlar zamanı zəhərlənmə əlamətləri aşkar edildikdə iş dayandırılmalıdır və bu barədə müəssisənin rəhbərliyinə məlumat verilərək yaxınlıqda yerləşən tibb müəssisəsinə müraciət edilməlidir. Yanğın təhlükəli tullantılar saxlanılan ərazidə lazımi sayda yanğınsöndürən vasitələr olmalıdır. Təhlükəli tullantıların alışması baş verərsə, yanğınsöndürmə qaydalarına və tullantıların xüsusiyyətlərinə uyğun olaraq alışmanın qarşısı təcili alınmalıdır. Tezalışan maye tullantılar yanğınsöndürənlə (tozvari, köpüklü), qumla və ya yanmayan materialdan hazırlanmış örtüklə söndürülməlidir.

Paylaş Tweet Paylaş

Facebook Şərhləndirmə:

Şərhinizi yazın