Menu
Geri İrəli

`Bağırsaqlarımı əlimlə yığa bilmirdim` – Aprel döyüşlərinin şahidi (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2016 • Baxış sayı: 912 dəfə • Şərh yoxdur

aprel-sahidi-azvisonTərtərin Qarağacı kəndində yaşayan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Cəlal Rəhimov aprel hadisələrinin canlı şahididir. O, aprelin 2-də erməni işğalçı qüvvələrinin cəbhəboyu kəndləri atəşə tutuması nəticəsində ağır yaralanıb. 

Qanlı döyüşlərinin ilk günündə düşmən tərəfindən atılan mərmi onun avtomobilinin yanına düşüb. Hadisə nəticəsində qardaşı oğlu, 23 yaşlı Orxan Rəhimov faciəvi şəkildə həlak olub, Cəlal Rəhimov isə ölümün bir addımlığından dönüb.

Hadisədən 7 aydan artıq vaxt keçsə də, Cəlal Rəhimov hələ də özünə gələ bilməyib. Birinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak edən veteran bu günə qədər dörd ağır əməliyyat keçirib. O, bir neçə gündən sonra yenidən əməliyyat olunacaq.

Əməkdaşlarımız C.Rəhimovu Bakıda kirayə qaldığı evdə ziyarət ediblər. Qarabağ veteranı söhbət zamanı aprel hadisələri ilə bağlı dəhşətli məqamlardan söz açıb:

-Həmin gün ermənilər kəndimizi atəşə tuturdu. Biz arvad-uşağı güllə atından uzaq kəndlərə aparmaq istəyirdik. Maşının yanında həyat yoldaşımla telefonla danışırdım. Qardaşım oğlu Orxan isə maşına benzin tökürdü. Maşına minib uzaqlaşmaq istədik. Bu vaxt dəhşətli gurultu səsi eşitdim. Hər tərəf ağ tüstüyə büründü. Ayağımın altına baxanda gördüm ki, bütün bağırsaqlarım yerə dağılıb.

Camaat başımıza yığıldı. Oğlum əynində olan paltarı çıxarıb, bağırsaqlarımı ora toplayırdı. Onun qışqırıq səsi hələ də qulağıdan getməyib: “Ata ölmə, ata ölmə” – deyib qışqırırdı. O, biri oğlum bağırsaqlarımı daşıyırdı. Əlimlə bağırsaqlarımızı yığa bilmirdim. Bu, bir ata üçün ölümdən betərdir. Bizi təcili Bərdə Rayon Mərkəzi Xəstəxanasına apardılar.

Əməliyyata gedən zaman həkimin qulağına sakitcə dedim ki, məni ölməyə qoyma. 12 saat davam edən ağır əməliyyatdan sonra ayıldım. Sağ qalmayım möcüzə idi.

“Orxan maşında canını tapşırdı”

C.Rəhimov Ağdam uğurunda gedən döyüşlərdə də minaya düşdüyünü deyib:

-Həmin hadisədə möcüzəli şəkildə sağ qala bilmişdim.

Qardaşımın tək övladı, 23 yaşlı Orxanın başına gələnlər dəhşətdir. Mərminin partlaması nəticəsində Orxanın qurşaqdan aşağı hissəsi yox olmuşdu. Onu təcili yardım maşını ilə xəstəxanaya apardılar. Həmin vaxt təcili yardım maşını yolda başqa maşınla toqquşdu. Orxan maşında canını tapşırdı.

Qardaşımın ailəsi elə bilirdi ki, hadisə zamanı mən ölmüşəm. Orxanın öldüyünü məndən qırx gün gizli saxladılar.

İndi hər gün maşınımın şəkillərinə baxıram. Maşınım tanınmaz hala düşüb. Eşitdim ki, ermənilər məni maşınımı öz adlarına çıxıblar. Mən o maşınla sürücülük edib, ailəmi saxlayırdım.

Çox çətinlikərimiz var. Eşitdim ki, gəlinlərim müalicə xərclərimin ödənilməsi üçün bütün qızıllarını, evdə olan dəyərli hər şeyi satıblar. Mən onların üzünə çıxamaq üçün xəcalət çəkirəm. Onların yanında üzü qarayam. Nəvələrimin səsini telefonda eşidirəm. Onlara həsrət qalmışam. Bu evdə isə kirayə qalırıq. Oğlanlarım fəhləlik edərək ayda 300 manat kirayə haqqı ödəyirlər. Yoldaşım da mənimlə birlikdə 8 aydır ki, yollarda qalıb. Hər ayın sonu çatanda bilmirik nə edək. Bəzən ailəmə, gənc övladlarıma yaşatdığım əziyyətə görə yaşadığıma peşman oluram.

“Hər gün Ağdamı yuxumda görürəm”

Qarabağ veteranı aprel döyüşlərində ordumuzun düşmənə layiqli cavab verdiyini bildirib:

-Həmin vaxt ordumuz ermənilərə yaxşı cavab verirdi. Mən ordumuzun gücünə inanıram. Əminəm ki, bir gün Ali Baş Komandanımızın əmri ilə torpaqlarımız düşməndən azad ediləcək. Erməniləri bizi evsiz-eşiksiz qoyublar. Ağdama, öz evimizə getmək üçün ürəyim partlayır. Hər gün Ağdamı yuxumda görürəm. Torpağımızın qoxusu burnuma gəlir.

Sağ qalacağıma inanmıram. Bədənimdəki ağrıları təsəvvür edə bilməzsiniz. Hərdən fikirləşirəm ki, ya ayağım, ya qolum olmayaydı. Bağırsaqlarımda 14 tikiş var.

Mərmilərdən biri gözümə dəymişdi. Əməliyyat zamanı süni göz qoydular. Başımın dərsinin altı qəlpələrlə doludur. Mərmilər böyrəklərimin hər ikisini sıradan çıxrıb. Qarnım parça-parçadır. Qurşaqdan aşağı heç bir orqanım yoxdur. Ayağım, dizim, əlimə mərmi dəyib. Bədənimin çox hissəsində sümük qalmayıb. Ermənilər bir günün içində ailəmizi pərən-pərən saldılar.

Jurnalist: Hafiz Əhmədov
Video: Elvin Abdulla
Montaj: Bəxtiyar Məmmədov
Tərcümə: Leyla Cabbarzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın