Menu
Geri İrəli

Bakı metrosunun yeni açılan “Avtovağzal” stansiyasından REPORTAJ, FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2016 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur
metro avtovaqzalUzun sürən gözləntilərdən sonra nəhayət ki, metronun “Avtovağzal” və  ”Memar Əcəmi-2″ stansiyalarının açılışı oldu. Aprelin 19-da hər iki metrostansiyası sərnişinlərə qapılarını açdı. 
Musavat.com-un reportyoru adıçəkilən metrostansiyalarına baş çəkib və yeniliklərlə tanış olub.
İlk olaraq “Memar Əcəmi-2″ metrostansiyasında olduq. Bu stansiya 5 mərtəbədən ibarətdir. Stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılıb. Habelə, yanğına qarşı avtomatik mühafizə və rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb.
Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən “Yaşıl” və “Bənövşəyi” xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. “Memar Əcəmi-2″ – “Bənövşəyi xətt”dən mövcud “Yaşıl xətt”ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan “Memar Əcəmi” stansiyasına keçməklə, “Yaşıl xətt”ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.
Daha sadə üsulla desək, “Memar Əcəmi-2″ həm də “Avtovağzal” stansiyasına keçid xarakteri daşıyır. Yəni, sərnişinlər qatardan düşərək, heç bir ödəniş etmədən, sadəcə keçiddən istifadə edərək, “Avtovağzal” stansiyasına gedə bilərlər. Bənzər keçid metronun “28 May” stansiyasında da var: “Cəfər Cabbarlı”…
Burada bir az dolaşıb, foto çəkdikdən sonra qatara minib, hər kəs kimi bizim də açılışını səbirsizliklə gözlədiyimiz “Avtovağzal” stansiyasına yola düşürük. İki stansiya arasındakı vaxt intervalı 9 dəqiqədir. Qatar isə 4 dəqiqə ərzində stansiyaya çatır.
Tikintisinə 2009-cu ilin sentyabrında başlanılan stansiyanın layihə işləri “Bakımetrolayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir.
Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi 2” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Bunu əməkdaşımıza “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
N.Paşayevin sözlərinə görə, stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 ekskalator, çıxışlarda isə 8 travelator qoyulub: ”Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb. Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir.
Prezidenti İlham Əliyevin 2011-ci il 18 mart sərəncamı ilə təsdiq edilmiş perspektiv inkişaf sxemi və 2011-15-ci illərin Dövlət Proqramına uyğun olaraq, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.
Dövlət Proqramı əsasında, hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin “Bənövşəyi” xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.
“Sarı” xəttimiz Binəqədidən başlayacaq, Bibiheybət məscidinin ərazisinə qədər olacaq. Bir də “Mavi” xəttimiz var ki, bu da Yeni Yasamaldan başlayacaq, Bakıxanov ərazisinə qədər davam edəcək. Ümumilikdə 2030-cu ilə qədər 76 stansiya hazır olacaq”.
Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir. 






















Facebook Şərhləndirmə:

Şərhinizi yazın