Menu
Geri İrəli

Bakıda zəlzələ təhlükəsi – seysmoloq danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2017 • Baxış sayı: 755 dəfə • Şərh yoxdur

Qurban Yetirmişli: “Türkiyədəki seysmik aktivliyin Azərbaycana heç bir təsiri ola bilməz”

 Türkiyədə fevralın 6-da zəlzələ olub. Zəlzələ fevralın 7-də də səhər saatlarında bir daha təkrarlanıb. Zəlzələ ilk olaraq Türkiyədə Egey dənizi sahillərində 5,3 bal gücündə baş verib. Yeraltı təkanların mərkəzi Çanaqqala bölgəsinin Ayvacık qəsəbəsində, ocağı isə 6,6 km dərinlikdə yerləşib.

Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətində ötən gün daha iki zəlzələ olub. 5,3 4,4 bal gücündə olan yeraltı təkanlar nəticəsində 11 kənddə 110 evə ziyan dəyib, 5 nəfər xəsarət alıb. Gülpınar kəndində bəzi evlərin divarları uçub. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində xeyli heyvan tələf olub. İnformasiyaya əsasən, zəlzələ İzmir, Bursa və İstanbulda da hiss edilib. Zəlzələ Çanaqqala vilayətində 5,2 bal gücündə baş verib.
Qeyd edək ki, Azərbaycanda Qaradağ rayonunda da “Otmanbozdağ” vulkanında 2 dəfə vulkan püskürməsi baş verib. Həmçinin fevralın 6-da yerli vaxtla saat 17:46:39-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 4.4, dərinliyi 60 km olub. Yerli vaxtla saat 22:32:45-də isə Qobustandan 23 kilometr cənub-qərbdə, Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3, dərinliyi 12 km olub. Zəlzələ hiss olunmayıb.
Türkiyədə baş verən zəlzələlər seysmik zonanın aktivliyindən xəbər verir. Maraqlıdır, Türkiyədə davamlı olan bu zəlzələlər Azərbaycana da gələ bilərmi? İnsanların təlaşına bir əsas varmı?
 
Image result for Qurban Yetirmişli
Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələlərin Azərbaycana heç bir təsirinin olmadığını dedi: “Türkiyədəki seysmik aktivliyin Azərbaycana heç bir təsiri ola bilməz. Azərbaycanda Xəzərdə, Şamaxıda olan zəif təkanlardır. Elə gün olmur ki, gün ərzində 15-20 dənə təkanlar olmur. Sadəcə olaraq, biz maqnitudası 3-dən yuxarı olanları saytımızda yerləşdiririk. Xırda təkanları isə yerləşdirmirik. Bu o demək deyil ki, Türkiyədə baş verən zəlzələ Azərbaycan ocaqlarına da təsir göstərəcək və aktivləşmə olacaq. Zəlzələ hər gün olur.  Sadəcə olaraq, elə bir əsas yoxdur ki, deyək ki, hansısa bir zəlzələ ocağında, bölgədə güclü aktivləşmə gedir və parametrlər dəyişir. Belə bir şey yoxdur”.
Image result for Ekoloq Telman Zeynalov
Ekoloq Telman Zeynalov isə bildirdi ki, baş verən palçıq vulkanları təbiətimizdə sərvətin çox olduğunu göstərir: “Bir il ərzində 2 mindən çox xırda zəlzələ baş verir. Türkiyə ilə Azərbaycan arasında məsafə çox böyükdür. Zəlzələ əsasən o yerlərdə olur ki, o region hələ tam inkişaf etməyib. Məsələn, Böyük Qafqaz, Kiçik Qafqaz tam inkişaf etməyib, hələ hərəkətdədir. Ona görə də burada zəlzələ, palçıq vulkanları hərəkətə gəlir. Palçıq vulkanı baş verib. Bu bizim yerin altındakı var-dövlətdən xəbər verir. Böyük Qafqaz seçmə dağları, Orta Asiyaya düşüb Çinə, Yaponiyaya qədər gedir. Biz bu zonaya aidik. Türkiyə isə tamamilə başqa zonaya aiddir. Azərbaycanda 2 mindən çox xırda təkanlar olsa da, insanlar onu hiss etmir. Ancaq palçıq vulkanları təbiətimizdə sərvətin çox olduğunu göstərir. Hazırda alimlər bu vulkan üzərində araşdırma aparırlar ki, yerin altında Azərbaycanın gələcəyi üçün hansı var-dövlət var. Millətimiz tam sakit və rahat ola bilər ki, Türkiyədəki zəlzələlərin bizə heç bir təsiri olmayacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev mətbuata açıqlamasında “Otmanbozdağ” vulkanının yerləşdiyi ərazidə müvafiq ölçmə işlərinin aparıldığını deyib. Mütəxəssisin sözlərinə görə, ərazidə ümumən xaric olmuş direksiya qatının həcmi, qalınlığı, istiqaməti, yaranmış çatların istiqaməti və uzunluğu öyrənilir. 
C.Paşayev bildirib ki, vulkan püskürməsi zamanı yanan palçıq deyil, vulkan boğazında illərlə toplanan qaz kütləsidir, yəni yanan metan qazıdır. Baş verən vulkan püskürməsi hadisəsi nəticəsində alov sütununun hündürlüyü 200-250 metrə qədər qalxıb. Palçıq tullantıları təxminən 10-12 hektar ərazini əhatə edir, uzunluğu isə 350 metrdən artıqdır. Ərazidə cənub-qərb istiqamətində olan, uzunluğu 3-4 metrə çatan dərin çatlar var. O əlavə edib ki, vulkan baş verəndən sonra zəlzələlərin olması təsadüfi deyil, çünki palçıq vulkanlar bilavasitə zəlzələlərlə bağlıdır: “Yəni zəlzələ palçıq vulkanını oyadan amildir. Palçıq vulkanının oyanmasına səbəblərdən biri zəlzələlərdir”.
AMEA-nın Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev isə milli.az-a açıqlamasında Azərbaycandakı vulkanların 60 faizinin aktiv olduğunu bildirib. Azərbaycanda vulkanlarının sayının çox olduğunu deyən A.Əliyev qeyd edib ki, həm Şərqi Azərbaycan ərazisində, həm də Cənubi Xəzərin akvatoriyasında 350-dən çox palçıq vulkanı var: “Palçıq vulkanlarının 60 faizi aktivdir.
Lakin bu aktivlik püskürmənin aktiv olması ilə bağlı deyil. Bu vulkanlar püskürməsə də, Yer səthinə daim qaz, palçıq, lehmə, minerallaşmış su çıxarır. Ancaq bəzi vulkanlar vaxtaşırı püskürür”.
Azərbaycanda vulkanların daha çox Qobustanda yerləşdiyini, burada 100-dən çox palçıq vulkanının olduğunu deyən A.Əliyev qeyd edib ki, hər il Azərbaycanda, xüsusilə Cənubi Qobustanda 2-5 püskürmə hadisəsi baş verir. Alimin sözlərinə görə, keçmişdə elə illər olub ki, il ərzində hətta 10-dan çox püskürmə baş verib. A.Əliyev deyib ki, bu püskürmələr seysmik hadisələrlə – zəlzələlərlə əlaqədardır: “”Otman Bozdağ” vulkanında püskürmə 2 fazada olub. Zəlzələ kimi vulkanın püskürəcəyi haqqında əvvəlcədən dəqiq məlumat söyləmək olmaz. Vulkan püskürməsinin və zəlzələnin nə vaxt olacağını heç bir mütəxəssis deyə bilməz. Hər püskürmə də eyni formada olmur. Birində qaz çıxır, qaz alovlanır, digərində böyük həcmdə palçıq tullanır”.
 
Qeyd edək ki, dünyanın ən böyük palçıq vulkanlarından olan “Otman Bozdağ” Qaradağ dəmiryol stansiyasından 5 km şimal-qərbdə yerləşir. Vulkanın diametri 300 metrdir. Onun səthində 100-dən artıq qrifon var. Bu zamana qədər 3 püskürmə – 22 yanvar 1845-ci ildə, 1951-ci il və 10 oktyabr 1961-ci ildə qeydə alınıb. 
Facebook Şərhləndirmə:

Şərhinizi yazın