Menu
Geri İrəli

Bakıdakı Qarabağ danışıqlarında sirli və nikbin detallar

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2016 • Baxış sayı: 518 dəfə • Şərh yoxdur

Azərbaycan və Rusiya tərəfinin razı qaldığı nəticə Ermənistanda narahatlıq yaradıb; ekspert: “Hələlik bir şey aydındır ki…”

lavrovErmənistan səfərindən bir həftə sonra Azərbaycanda olan Rusiyanın baş diplomatı Sergey Lavrovun keçirdiyi görüşlər və apardığı danışıqları detalları gündəmin əsas mövzularındandır. Təbii olaraq Rusiya XİN başçısının Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərinin nəticələri təkcə ölkəmizdə, həmçinin, işğalçı Ermənistanda və vasitəçi Rusiyada deyil, digər bir sıra ölkələrdə də ciddi şəkildə izlənilirdi.

Təsadüfi deyil ki, məhz S.Lavrovun səfərindən sonra, iyulun 14-də ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya başlayacaq ikigünlük səfərində də üç əsas müzakirə mövzusunun sırasında Qarabağ məsələsi də olacaq. Xəbəri Dövlət Departamentinin sözçüsü Con Kirbi də təsdiqləyib. Bundan əvvəl ABŞ prezidenti Barak Obama ilə onun rusiyalı həmkarı Vladimir Putin arasındakı telefon danışığında məhz həmin 3 problem – Suriya, Ukrayna və Qarabağ – müzakirə predmeti olmuşdu.
Varşavada keçirilən NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ dövlət katibi C.Kerri ilə görüşündə də Qarabağ məsələsi müzakirə olunmuşdu. Həmçinin Fransa prezidenti Fransua Ollanda Serj Sərkisyan Varşavada NATO sammiti çərçivəsində görüşmüşdü. Bütün bu təmaslar ondan xəbər verir ki, Qarabağ məsələsi məhz aprel döyüşlərindən sonra dünya güclərinin əsas müzakirə mövzuları sırasında ilk üçlükdə qərarlaşıb.
Şübhəsiz ki, Lavrov da amerikalı diplomatı – ATƏT-in Minsk Qrupunun digər həmsədrinin rəsmisini İrəvan və Bakının hazırkı mövqeyi barədə məlumatlandıracaq. Rusiya XİN başçısının bölgəyə səfərlərində hansı təkliflərlə gəldiyi detallı şəkildə açıqlanmadı. Ancaq Lavrovun “çantasında” Qarabağ tənzimlənməsi ilə bağlı konkret təkliflərin olduğuna əksəriyyət şübhə etmir. Çünki hələ “aprel müharibəsi”ndən sonra Bakıya gələn rusiyalı diplomat “danışıqlar masasında bir neçə həll variantı var” demişdi. Əlavə etmişdi ki, ideyalar arasında Dağlıq Qarabağın ərafındakı rayonların azad edilməsi və ora statusun verilməsi məsələsi var.
Ermənistanda aqressivliklə qarşılanan bu fikirlərin ardınca Rusiya XİN diplomatının İrəvana etdiyi iki səfər zamanı detalları açıb-ağartmaması diqqət çəkdi. Güman ki, S.Lavrov Ermənistandakı müharibə tərəfdarlarına əlavə arqument verməmək üçün danışıqlarda məxfiliyin qorunmasına önəm verib.
Rusiya XİN başçısının Azərbaycan prezidenti ilə görüşdə daha korrekt ifadələr işlətməsi də diqqət çəkir. O, “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir” deyib. Eyni zamanda onu da əlavə edib ki, Qarabağ müzakirələrini Putinin göstərişi ilə həyata keçirir. “Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirəcək” – Rusiya XİN başçısı bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin fikirləri isə rəsmi Bakının Rusiyanın mövqeyindən razı qaldığını göstərir. Sitat: “Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur”. Dövlət başçısı əlavə edib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir: “Biz də münaqişənin tezliklə həllində maraqlıyıq”.
Daha bir nikbin açıqlama Rusiyadan gəlib. “Dağlıq Qarabağ üzrə danışıqların fəallaşması yaxın vaxtlarda münaqişənin həllində ciddi sıçrayışa gətirib çıxaracaq”. “Trend”in məlumatına görə, bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dünya liderlərinin tez-tez görüşmələri və danışıqlarının nəticəsi Ermənistan sərhədlərinin təcriddən azad edilməsi müqabilində Azərbaycan ərazilərinin işğalının dayandırılması ola bilər. Ekspert qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad edəcək və artiq bu il ilk azərbaycanlı ailələr doğma yurdlarına qayıda biləcəklər.
***
Sözsüz ki, bu fikirlər Ermənistanda narahatlığı artıracaq. Təsadüfi deyil ki, işğalçı ölkə Rusiya-Azərbaycan əməkdaşlığını özünə qarşı təhlükə sayır və son açıqlamalar da bundan xəbər verir. Erməni politoloq Aqasi Enokyan“Rusiya və Azərbaycan Ermənistana qarşı birgə müharibə aparmaq barədə razılığa gəlib” - deyə, narahatlığını büruzə verib.
S.Lavrovun həmçinin, azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransındakı dedikləri diqqət cəlb edir.“Mən qısa olaraq deyim ki, biz danışıqların mövzularını geniş ictimaiyyətlə müzakirə etmirik. Biz nəyisə gizlətmirik. Etik qaydalar bundan ibarətdir” - XİN rəhbəri danışıqların detalları barədə sorğuya cavabında deyib. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov isə intensiv danışıqlar mərhələsində olduqlarını və son görüşdə konkret mövzuların müzakirə edildiyini vurğulayıb. “Azərbaycan prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib, müzakirələr konkret mövzular ətrafında aparılıb. Əldə olunan razılaşmalara əsasən intensiv dialoq mərhələsindəyik. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub” – deyə, o, bildirib. Nazirin dediyinə görə, müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Cənab Məmmədyarovun “deyə bilərəm ki, Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir” fikrində müəammalar olsa da, xüsusi maraq kəsb edir. Naziri ümidləndirən informasiyanın İrəvanın konkret həllə bağlı razılığından ibarət olub-olmadığı hələlik bəlli olmasa belə…
“Hazırda sülh istiqamətində ən əsas addım Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasından keçir”. 
Bu sözlər deputat Asim Mollazadəyə məxsusdur. (Axar.az) O bildirib ki, Ermənistan addım atmazsa, bu, Rusiyanın imicini və dünyaya verdiyi vədləri puça endirəcək: “Varşavada NATO sammitində yenə də Azərbaycanın ərazi bütövlüyünə dəstək verildi və münaqişənin məhz beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb olundu. Hesab edirəm ki, Qarabağ prosesi ətrafında baş verən son dəyişikliklər fonunda, əslində, Ermənistan üçün çox ciddi bir şans yaranıb. Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini azad etməklə bölgədə sülh və stabilliyin başlanğıcını qoya bilər. Qarabağın işğaldan azad edilməsində mərhələli həll planının əsas yolu da məhz bundan keçir. Azərbaycan bu prosesi bundan sonra da sürətlə davam etdirəcək. Çünki Ermənistanın vaxtı artıq bitib”.
 
Yeri gəlmişkən, Ermənistanda da reallığı dərk edənlərin sıralarına yeni adlar əlavə olunmaqdadır. Xüsusilə NATO-nun sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsindən sonra İrəvanda yaxşı anlayırlar ki, Azərbaycanın ərazi bütövlüyünə zorakı müdaxilə ilə uğurlu nəticəyə ümid etmək yersizdir. 
Üstəlik, Azərbaycan prezidentinin torpaqları güzəşt variantını birmənalı istisna etməsi, ordumuzun apreldə işğalçıya vurduğu zərbələr qarşı tərəfi çətin durumla üz-üzə qoyub. Ermənistan siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyanın fikrincə, “Ermənistan hakimiyyəti Dağlıq Qarabağda müharibədən qaçmaq üçün milli təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərini yenidən gözdən keçirməlidir” deyib.
Ermənilər də anlayır ki, müharibədən qaçmaq üçün ərazi iddialarından əl çəkməlidirlər, bunun alternativi yoxdur. Ancaq bu reallığın Sərkisyan tərəfindən qəbul edilib-edilmədiyi hələ ki bəlli deyil. Söz düşmüşkən, Ermənistan prezidenti həftəsonu yenidən Dağlıq Qarabağa qanunsuz səfər edəcək və güman olunur ki, Sərksiyan qondarma respublika rəhbərliyi ilə mövcud durumu müzakirə edib Paris görüşü ərəfəsində hansısa güzəştlər haqda anlaşmalara gələ bilər.
***
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, Qarabağ münaqişəsinin həlli prosesində ciddi aktivləşmənin olduğu ortadadır: “Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərindən sonra münaqişənin həllində yeni mərhələnin başladığını inamla söyləyə bilərik. Aprel döyüşlərindən sonra həmsədr dövlətlərin məsələyə münasibəti də dəyişib. Rusiya ilə ABŞ arasında bu məsələdə yaxın dialoq və işbirliyi qurulub. İki böyük dövlət münaqişəni həllində maraqlı görünür. Yeri gəlmişkən, bu marağın səbəbləri, Vaşinqton və Moskvanın mövqelərinin hansı məqamlarda uzlaşdığı başqa bir söhbətin mövzusudur. Məhz vasitəçi dövlətlərin ciddi müdaxiləsi, hətta müəyyən mənada təzyiqi ilə münaqişə tərəfləri masaya oturublar və problemin siyasi yolla həlli yenidən öncəlik qazanıb. Təmas xəttində atəşkəs pozuntularının minimal səviyyəyə enməsi, tərəflərin ümumən atəşkəs rejiminə riayət etməsi də göstərir ki, sülh prosesində irəliləyiş var. Azərbaycan prezidentinin, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin açıqlamaları da bunu göstərir”.
 
Politoloq qeyd etdi ki, Məmmədyarov və Lavrovun açıqlamalarının sətiraltı mənalarına diqqət yetirsək, masada hansısa sənəd layihəsinin olduğunu anlaya bilərik: “Rusiyalı nazirin “məlum səbəblərə görə danışıqların mövzularını geniş ictimai müzakirəyə çıxarmırıq”, sözləri məhz konkret məsələlərin müzakirə olunduğunu təsdiqləyir. Vyana görüşündə əsas müzakirə mövzusu təmas xəttində insidentlərə son qoyulması üçün müşahidə mexanizmi yaradılması məsələsi idi. Belə görünür ki, Sankt-Peterburq görüşündə, Novruz Məmmədovun da dediyi kimi, artıq bilavasitə münaqişənin həllinə yönəlmiş təkliflər masaya gəlib. Bu təkliflərin nədən ibarət olduğunu hələ ki bilmirik. Çox güman ki, Madrid prinsipləri əsasında hazırlanmış yeni təkliflərdən söhbət gedir. Burada əsas maraq doğuran məqam ondan ibarətdir ki, tərəflərə nə təklif edilir? Yenə həll prinsiplərinin əks olunduğu, bəyanat və bəyannamə şəklində hansısa sənəd, yoxsa münaqişənin həllinə dair tərəflərin üzərinə hüquqi öhdəlik qoyacaq, icrası məcburi olacaq konkret bir sülh sazişi? Bu ikisi arasında çox ciddi fərq var. Əgər bəyanat və ya hüquqi məcburiyyət yaratmayan başqa o tipli bir sənəd müzakirə olunursa, belə sənədlərin yaxın keçmişdə dəfələrlə qəbul edildiyini və hər hansı nəticə vermədiyini xatırlatmaq istərdim. Yox, əgər münaqişənin həllinə yönəlmiş və icrasına vasitəçilərin ciddi nəzarət edəcəyi öhdəlik xarakterli hüquqi sənəd, tutaq ki, saziş və ya müqavilə layihəsi masaya qoyulubsa, bu, artıq tamam yeni bir situasiya deməkdir”.
 
Bununla belə, Ş.Cəfərli qeyd etdi ki, hələlik əlimizdə ətraflı məlumatlar olmadığı üçün bu barədə konkret fikir söyləmək və ümumən hazırkı prosesin necə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir: “Münaqişənin tarixinə nəzər salanda buna bənzər aktiv dönəmlərin əvvəllər də yaşandığını görmək olar. Məsələn, elə Rusiyanın patronajlığı ilə aparılan danışıqlarda gündəmə gələn və razılaşdırılan Mayendorf deklarasiyasını (2008), Həştərxan bəyanatını (2010), Kazan sənədini (2011) misal kimi göstərmək olar. Bunlar münaqişənin həllinə gətirib çıxarmayıb”. Ekspert qeyd etdi ki, indiki mərhələdə prezidentlərin növbəti görüşünə hazırlıq aparılır: “Həmin görüş yəqin ki, bir çox suala aydınlıq gətirəcək. Hələlik bir şey aydındır ki, müharibə ehtimalı bu mərhələdə aradan qalxıb və biz silahların yenidən susduğu dövrə daxil olmuşuq. Bu situasiyanın davamlı olub-olmayacağı sülh danışıqlarının gedişindən asılıdır”.
İstənilən halda görünən budur ki, S.Lavrov da Bakıdan razı qayıdıb. Onun “Azərbaycan prezidenti İlham Əliyevlə söhbət olduqca faydalı idi və Vyana ilə Sankt-Peterburq görüşlərindən sonra irəliləməyə kömək edəcək” sözləri də bunu təsdiqləyir. Ancaq bu nikbinliyin haraya qədər davam edəcəyini demək çətindir.
E.PAŞASOY
Facebook Şərhləndirmə:

Şərhinizi yazın