Menu
Geri İrəli

Bardakı sərxoş rus qızı, yer davası və 25 yaşlı gəncin qətlinin TƏFƏRRÜATLARI

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2017 • Baxış sayı: 338 dəfə • Şərh yoxdur

43cce99d4ce3e9ea99ff0b7a00902d39Qətl törətdiyi üçün 18 il müddətinə azadlıqdan məhrum edilən 33 yaşlı Xəyyam Paşayevin ifadəsi məlum olub. O, ifadəsində qətl hadisəsi törətməsinin səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, Bakıdakı barlardan birində mübahisə etdiyi şəxsi öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Xəyyam Paşayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barda baş verib. X.Paşayev mübahisə etdiyi 25 yaşlı Ceyhun Qurbanovun ürəyindən bir bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Qətlin təfərrüatları X.Paşayevin ifadəsi ilə məlum olub. O, deyib ki, 2011-ci ildə Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Sonradan cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib və cəzasının sonunda isə həbsdən azad olunub.

X.Paşayev 2001-ci ildə Ali Hərbi Məktəbdə oxusa da intizamlı olmadığı üçün oradan qovulub. Ailəli və iki azyaşlı uşağı olan X.Paşayev bildirib ki, 2 ilə yaxındır ki, Bakıda ailəsi ilə kirayədə yaşayıb. Taxtabəndçi işləyən Xəyyam çalışdığı yerdə ixtisara düşdüyü üçün son günlərdə işsiz qalıb. Həyat yoldaşı isə xadimə işləyirmiş. Uşaqlarına baxmaq imkanı olmadığı üçün onları kəndə atasının yanına göndərib.

Hadisə günü baş verənlərdən danışan X.Paşayev deyib ki, həmin gecə Bayıl qəsəbəsində kirayə yaşadıqları evin yaxınlığındakı “Qala” adlı bara gedib. Orada bir neçə bakal pivə içdikdən sonra gəzməyə başlayıb.

“İşsiz idim, həm də uşaqlarım yanımda olmadığı üçün darıxırdım. Bir neçə bakal pivə içmək istədim. Saat 4-də həmin bardan çıxdım. Bir az gəzişdikdən sonra yenə pivə içmək istədim. Takisyə minib məni açıq olan və pivə verilən məkana aparmasını istədim”- deyə Paşayev qeyd edib.

Elə Xəyyamın bu istəyi başına bəla olub. “Məkan” adlı bara gələn Xəyyam burada tək əyləşərək pivə içməyə başlayıb. Yan masada bar sahibinin oğlu Qalib əyləşib.

Başqa bir masada isə bir neçə oğlan və bir rus qız oturub. Elə mübahisə və söz-söhbət də həmin qızın üstündə baş verib.

X.Paşayev ifadəsində bildirib ki, rus qız çox sərxoş olub və səs-küy salaraq rəqs edirmiş: “Çox sərxoş idi. Öz-özünə qışqırırdı. Həmin masada oturanları tanımırdım. Onlar tərəfə baxandasa “20-ci sahə” tərəfdən Qara kimi tanıdığım Rövnəqi gördüm. Fikirləşdim ki, Qaraya deyim ki, qızı başa salsın. Yaxşı deyildi. Qıza kofe, çay aslınlar, bir az özünə gəlsin. Həmin masaya yaxınlaşanda Qaranı orda görmədim”.

Ona heç bir aidiyyatı olmayan bu məsələ Xəyyamı işə salıb. O, içkili olduğu halda tanımadığı şəxslərə yaxınlaşaraq qıza sahib çıxmalarını məsləhət görüb: “Masaya yaxınlaşanda adının sonradan Eldəniz olduğunu öyrəndiyim şəxsə düşündüklərimi dedim. Eldəniz də mənə dedi ki, “sən kimsən bizim işimizə qarışırsan? Bu qızı haradan tanıyırsan?” Mənim qolumdan tutub kobud şəkildə dedi ki, “bilirsən mən kiməm?” İçəri səs-küy idi. Eldəniz qolumdan tutub məni çölə çıxardı. Mən çöldə olanda Eldənizə dedim ki, mənim fikirlərimi düzgün başa düşməmisən. Ancaq o, məni dinləmirdi. Bir az sonra içəridə əyləşən idman geyimində olan şəxs gəldi. Sonradan onun adının Ramin olduğunu öyrəndim. O, gəlib nə olduğunu soruşdu. Eldəniz də onların işinə qarışdığımı deyəndə Ramin də mənə söylədi ki, “sən kimsən bizim işimizə qarışırsan?” Onları birtəhər başa salıb üzürxahlıq elədim. Eldəniz üstümə qışqıraraq mənə dedi ki, “get otur, pivəni iç”. Mən də Allah köməyiniz olsun dedim və içəri girdim. Bir az oturandan sonra bir nəfər mənə yaxınlaşdı, kim olduğunu bilmirdim. Sonradan öyrəndim ki, adı Ceyhundur. Mənə dedi ki, əvvəl danışdığım şəxs onun böyük qardaşı imiş. Dedi ki, nəsə sözüm olsa ona deyim. Onunla işim olmadığını, Eldənizlə sözüm olduğunu və ona dediyimi bildirdim. Dedi ki, “sən ona heç nə deyə bilməzsən”. Mən də onu yola verməyə çalışdım. Qışqıraraq dedi ki, “yaxşı oğlan yola verməz. Sən məni yola vermək istəyirsən”. Ardınca da söyüş söydü. Mən də onun dediklərini təsdiq edib, getməsini istədim. O gedəndən sonra Qaliblə oturub olanlardan danışdıq. Bu vaxt yenə Ceyhun yaxınlaşdı və söhbəti niyə açdığımı soruşdu. Yenə də Ceyhunu sakitləşdirməyə çalışdım. O yan masada əyləşsə də mənə baxaraq gülürdü”.

Özünə aid olmayan məsələyə qarışan Xəyyamın qətlə yetirdiyi şəxs elə söhbətə sonradan qoşulan Ceyhun olub. Xəyyam Ceyhunun ona gülməsindən əsəbiləşərək qisas almaq qərarına gəlib: “Dedim ki, heyfimi alacam. Saat 5 olardı ki, bardan çıxdım. Ev 10 dəqiqəlik məsafədə idi. Evə gedib limon doğranan bıçağı götürüb gəldim. Gələndə gördüm ki, Ceyhun mənim yerimdə oturub”.

Söhbətdən belə aydın olur ki, bu dəfə Xəyyam özü Ceyhuna sataşıb və məsələni həll etmək qərarına gəlib. Bu səbəbdən də boş olan barda Ceyhuna yaxınlaşaraq “sən mənim yerimdə oturmusan” deyib.

Ceyhunun cavabı isə “sənin yerin var? Yaxşı oğlan yer söhbəti etməz” olub. Elə bu sözlər mərhumun son dedikləri olub. Xəyyam cibindən çıxardığı bıçaqla Ceyhunun ürək nahiyyəsindən bir dəfə vurub. Bıçağı çıxaranda qırıldığını görüb və yerə ataraq bardan qaçıb.

“Evə gəldim. Yerimdə uzanaraq etdiyim əməldən peşman olduğumu düşündüm. Səhər polis əməkdaşları məni saxladı” – deyən X.Paşayev əməlindən peşman olduğunu söyləyib.

Amma bu peşmançılıq fayda verməyib. Xəyyam18 il müddətinə dəmir barmaqlıqlar arxasına göndərilib…

Bildirək ki, X.Paşayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib.

İlkin Muradov,
Musavat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın